“Ermənistan üzərinə düşən ev tapşırıqlarını yerinə yetirsin”

23.10.2026

Bakivaxti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

“Regionda sülh kövrək bir proses olaraq qalmamalı, fundamental hüquqi təminatlarla möhkəmləndirilməlidir”.

Bakıvaxtı.az xəbər verir ki, bunu deputat Rizvan Nəbiyev Milli Məclisin bugünkü iclasında çıxışı zamanı deyib.

Millət vəkili bildirib ki, Ermənistanla sülhün möhkəmləndirilməsi hüquqi, siyasi, iqtisadi, humanitar və beynəlxalq ölçülərdə konkret addımların atılmasını tələb edir.

Onun sözlərinə görə, ilk növbədə Ermənistan Konstitusiyasının preambulasında Azərbaycana qarşı yer alan ərazi iddiaları aradan qaldırılmalı və sülh müqaviləsinin imzalanması üçün zəruri hüquqi baza təmin edilməlidir. Nəbiyev siyasi iradənin də vacibliyini vurğulayaraq sülh müqaviləsinin imzalanmasının uzadılmasının müxtəlif problemlərə yol aça biləcəyini bildirib.

Deputat qeyd edib ki, müqavilənin imzalanmasından sonra dövlətlərarası münasibətlərin normallaşdırılması istiqamətində, o cümlədən diplomatik əlaqələrin qurulması ilə bağlı addımlar atıla bilər.

İqtisadi əməkdaşlıq məsələsinə toxunan Rizvan Nəbiyev Azərbaycanın Ermənistanla münasibətlərin inkişafı və nəqliyyat əlaqələrinin bərpası istiqamətində addımlar atdığını söyləyib:

“Elektrik şəbəkələrinin əlaqələndirilməsi məsələsi yalnız texniki deyil, eyni zamanda milli təhlükəsizlik baxımından əhəmiyyət daşıyır”.

Deputat humanitar məsələlərin həllinin də sülh prosesinin mühüm istiqamətlərindən biri olduğunu bildirib. O, itkin düşmüş Azərbaycan vətəndaşlarının taleyinin aydınlaşdırılmasının vacibliyini vurğulayıb:

“Yaxşı olar ki, Ermənistan üzərinə düşən ev tapşırıqlarını yerinə yetirsin”.

Zeynəb Rzayeva

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью