Xalq qazeti portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Yaxud Ruben Rubinyanın dediklərinə sözardı
“Qarabağ əhalisinin geri qayıtmasının dövlət məqsədi kimi müəyyənləşdirilməsi Ermənistan-Azərbaycan münaqişəsinin məntiqinin yenidən dirçəldilməsi deməkdir”. Ermənistan parlamentinin sədri Ruben Rubinyan müxalifətçi “Ermənistan” fraksiyasının deputatlarının çıxışlarına münasibət bildirərkən belə deyib.
Qeyd edək ki, sözügedən fraksiyanın deputatı Kristine Vardanyan Azərbaycan, ABŞ və Ermənistanın Vaşinqton sülh sammitinin 1 illiyi ilə bağlı Birgə Bəyanatında Qarabağ münaqişənin yaranmasına səbəb olan amillərə istinad olunmadığını deyib, iradını səsləndirib. Rubinyan isə ona cavab olaraq bildirib: “Gəlin müzakirə edək: Ermənistan-Azərbaycan münaqişəsinin yaranmasına səbəb olan amillər hansılardır? Xatırlatmaq istəyirəm ki, Ermənistan-Azərbaycan münaqişəsi 1988-ci ildə başlamayıb. Düşünürəm ki, ötən il avqustun 8-dək davam etmiş münaqişənin 1905-ci ildə başladığına dair tarixi konsensus mövcuddur. O zaman bu, erməni-tatar toqquşmaları adlanırdı”.
R.Rubinyanın sırf Ermənistan-Azərbaycan münaqişəsi baxımından diqqət çəkən fikri tarixşünaslıq bağlarına söykənmir. Burada spiker üçün tək bəraət onun qarşıdurmanı vahid və fasiləsiz münaqişə xətti kimi təqdim etmək istəyidir. Yəni Rubinyan münaqişənin uzunmüddətliliyi məntiqini qabardırsa, bunu məqbul saymaq olar. Ancaq obyektivlik üçün onun 1905-ci ildən əvvələ getməsi şərtdir.
Hər şey ermənilərin 1828-ci ilin Türkmənçay müqaviləsindən sonra Cənubi Qafqaza köçürülmələri ilə başlanmışdı. Nəzərə alaq ki, məhz bu proses konflikt formalaşdırmaq, daha böyük anlamda isə türk-müsəlman dünyasını parçalamaq, Osmanlı dövlətini dağıtmaq məqsədi daşımış və mövcud ssenari bütün imperialist güclərə - Rusiyaya, İrana və Qərbə eyni dərəcədə sərf etmişdi.
Bəli, imperialistlər Osmanlının türk dünyasındakı rolunu anlayır, eyni zamanda, bu dövlətin hansı areallara təsir qüvvəsini yaxşı hesablamışdılar. Onlar ermənilərin əli ilə XIX əsrin sonunda Anadoluda terror və qətliamlar törədib heç nəyə nail ola bilmədikdən sonra Cənubi Qafqaza keçmişdilər. Yalnız bu mənada Rubinyanın 1905-ci ili başlanğıc nöqtə kimi götürməsi, müəyyən mənada, məqbuldur. Çünki o, Rusiya imperiyasına məxsus regionda baş vermiş 1905–1906-cı illər erməni-müsəlman, yaxud o dövrün rusdilli terminologiyasında “erməni-tatar” toqquşmalarını nəzərdə tutur. Axı həmin vaxt azərbaycanlılara münasibətdə “tatar” sözü işlədilirdi. 1905-ci ilin fevralında Bakıda başlayan qanlı toqquşmalar sonradan Şuşaya, Naxçıvana, İrəvan quberniyasına, Gəncəyə (o vaxt Yelizavetpol – red.), Tiflis və digər ərazilərə yayılmışdı və o dövrün hadisələrinin həm etnik qarşıdurma, həm də Rusiya imperiyasındakı siyasi böhran kontekstində izahları var. Yəni Rubinyanın “tarixi konsensus” ifadəsinə ehtiyatla yanaşılmalıdır. Hərçənd, spikerin yuxarıda qeyd etdiyimiz məramına, yəni münaqişəni uzunmüddətli konflikt kimi göstərmək istəyinə baxsaq, üstəlik, onun tarixçi olmadığını nəzərə alsaq, dilə gətirdiyi ifadəyə yanlışlıq prizmasından baxmırıq. Çünki spiker imperiyaların regiona təsiri məsələsinə də toxunur və bu barədə söz açacağıq.
* * *
Əlqərəz, Qarabağdan köçmüş erməni əhalinin geri qayıtması xüsusunda fikir bildirən R.Rubinyanın məntiqinə görə, əgər kollektiv qayıdış məsələsi Ermənistanın dövlət məqsədinə çevrilsə, bu, 1905-ci ildəki kimi, müxtəlif etnik qrupların eyni ərazi üzərində siyasi iddialar irəli sürdüyü “münaqişə arxitekturasını” yenidən canlandıracaq. Deməli, 1905-ci ilə qayıtmaq, sadəcə, tarixi yada salmaq yox, xəbərdarlıqdır. Ümid edək ki, Rubinyanın demək istədiyi də elə budur. Amma...
Erməni spikerin fikrincə, münaqişənin yaranmasının əsas səbəblərindən biri ermənilərlə azərbaycanlıların eyni coğrafi ərazidə birgə yaşamaları olub. Spiker mövqeyini əsaslandırmaq üçün Bosniya, Kipr, Kosovo və Şimali Makedoniya nümunələrini göstərib və qeyd edib ki, müxtəlif etnik qrupların eyni ərazidə birgə yaşamaları şəraitində kiçik və orta ölçülü xalqlar arasında münaqişələr tez-tez yaranır. Hesab edirik ki, izah çox primitivdir. Çünki sadalanan münaqişələrlə Ermənistan-Azərbaycan münaqişəsinin fərqi var. Ən böyük fərq isə budur ki, ermənilər bölgəyə gəlmədirlər və onların hansı məqsədlə Cənubi Qafqaza köçürüldüklərini vurğuladıq. Əslində, Rubinyan da dolayısıyla həmin məqsəddən söz açır. İmperiyaların regiona təsiri amilini qabartmaq elə budur. Ancaq spikerin izahı fərqlidir.
“Bu münaqişənin Rusiya imperiyasının böyük problemlərlə üzləşdiyi bir dövrdə başlaması təsadüfi deyil. Bir tərəfdən inqilab, digər tərəfdən isə uğursuz Rusiya-Yaponiya müharibəsi baş verirdi. Çox qəribə bir təsadüfdür ki, bu cür münaqişələr imperiyanın problemlərlə üzləşdikləri, zəiflədikləri, eyni zamanda, konkret regionda öz təsirlərini qoruyub saxlamaq vəzifəsi qarşısında olduqları zaman başlayır”, - deyən spikeri haqlı saymaq olar. Hərçənd, başqa nüanslar var. Birincisi, erməni məsələsi böyük plan idi və bu haqda söz açdıq. İkincisi, imperiyaların zəifləməsi ixtilafların açıq təzahür formasına keçməsi üçün yalnız münbit şərait yaradır. İxtilaf isə Cənubi Qafqazdakı erməni varlığının mahiyyətinə hakim kəsilmiş, yaxud hakim kəsdirilmiş haldır. Yəni, gərək məsələləri bir-birindən ayırasan...
Deməli, R.Rubinyanın sözlərinə görə, 1918-ci ildə Ermənistan və Azərbaycan müstəqillik əldə etdikdə və nizami ordular formalaşdırdıqda münaqişə daha da kəskinləşib, sovet hakimiyyəti qurulduqdan sonra isə dondurulub. Onun fikrincə, eyni proses 1988-ci ildə də təkrarlanıb. Yəni keçmiş SSRİ-nin, başqa sözlə desək, imperiyanın zəifləməsi ziddiyyətləri yenidən qızışdırıb. Amma bu yerdə Sovetlər Birliyinin mövcud olduğu dönəmdə də həmin ziddiyyətlərin və ixtilafların qaldığını söyləmək lazımdır. Məsələ ondadır ki, 1923-cü ildə SSRİ qurulandan və həm Azərbaycan, həm də Ermənistan müttəfiq respublika kimi onun tərkibində təmsil olunmağa başlayandan sonra sovet rəhbərliyi erməni millətçilərinin, demək olar, bütün avantürist istəklərinə müsbət yanaşıb. Yəni, Qərbin və Çarizmin yerini SSRİ-nin tutduğu bir mərhələdə Vətənimizin torpaqlarından haylara ərazi hədiyyələri edilib və bu proses 1969-cu ilin mayınadək davam edib.
Təkcə bir faktı diqqətə çatdıraq ki, 1929-cu ildə torpaq hədiyyələri hesabına Ermənistan SSR tərkibində Mehri rayonu yaradılıb, beləliklə Azərbaycan özünün ayrılmaz tərkib hissəsi olan Naxçıvandan ayrı salınıb. Hələ Naxçıvanın hazırkı muxtar statusunun nəyə görə, hansı şəraitdə formalaşdığını demirik. Məlumdur ki, bu status olmaya da bilərdi. Nəhayət, Qarabağ və Naxçıvan, o cümlədən Zəngəzur tarixən vahid məkan olub. Yeri gəlmişkən, Qarabağın muxtariyyəti də bölgəni sonradan işğal etmək üçün özək rolunu oynamışdı. Hayların Naxçıvana da ərazi iddialarının olduğu isə danılmaz faktdır.
Əlqərəz, yalnız 1969-cu ilin iyulunda Heydər Əliyevin Azərbaycana rəhbərlik etməyə başlaması ilə torpaqlarımızdan Ermənistana verilən hədiyyələrin qarşısı alınıb. Ancaq 1969-1987-ci illərdə də hayların ərazi iddialarını gerçəkləşdirmək üçün uğursuz hərəkətləri olub. 1987-ci ildə Heydər Əliyev SSRİ siyasi olimpindən uzaqlaşdırıldıqdan dərhal sonra həmin hərəkətlər açıq müstəviyə keçib. Sözümüz ondadır ki, Rubinyan bir qədər korrekt olmalıdır. Hərçənd, onun imperiyaların süqutu ərəfəsində münaqişələrin alovlanması məntiqini doğru saymaq mümkündür. O anlamda ki, keçmiş SSRİ ixtilaflar və haqsızlıqlar üzərində qurulmuş saxta dövlət idi. Ancaq spikerin diqqətə çatdıracağımız növbəti fikrində düz-əməlli məntiq tapmaq mümkünsüzdür.
R.Rubinyan münaqişələrin başa çatmasına nümunə kimi, 1923-cü ildə baş vermiş yunan-türk əhali mübadiləsini göstərib. Guya, həmin mübadilə nəticəsində hər iki ölkədə kompakt çoxluqlar formalaşıb və bu, yunanlarla türklər arasında yeni etnik dövlətlərarası münaqişənin yaranmasının qarşısını alıb: “Bəli, biz çoxsaylı ədalətsizliklərin, ağrıların, qurbanların və qan tökülmələrinin şahidi olmuşuq. Lakin bu gün elə vəziyyət yaranıb ki, Ermənistan Respublikasında ermənilər, yezidi kürd, assuriyalı, rus bacı və qardaşlarımız, həmçinin Qarabağdan olan əziz bacı və qardaşlarımız yaşayırlar. Onlar burada heç də qonaq deyillər, bura onların vətənidir. Azərbaycanlılar isə Azərbaycanda yaşayırlar. Əgər biz münaqişənin səbəbini yenidən dirçəltmək istəmiriksə, o zaman 1905-ci ildəki vəziyyətə gətirib çıxaran həmin arxitekturanı bərpa etməməli və ya onun bərpasından danışmamalıyıq”.
Göründüyü kimi, Rubinyanın iki fikri arasında əlaqəni tutmaq mümkün deyil. Görəsən, o, nə demək istəyir? Yəni doğrudanmı kampakt çoxluqların formalaşdırılması Yunanıstanda və Türkiyədə etnik münaqişələrin qarşısını alıb? Axı ermənilər Osmanlı dövləti tərkibindəki azlıq olaraq tam rahat yaşayırdılar. Münaqişə o zaman yarandı ki, həmin azlıq xarici imperialistlərin fitnələrinə uyaraq, dövlətə qarşı baş qaldırdı, böyük erməni məsələsi planının tərkib hissəsinə çevrildi. Nəzərə alaq ki, Qərbin Osmanlıya qarşı erməni məsələsi ilə yanaşı, yunan məsələsi kimi təzyiq vasitəsi olub və həmin vasitələri növbəli şəkildə istifadə edib.
Yəni məsələ heç də azərbaycanlılarla ermənilərin, həmçinin, yunanlarla türklərin birgə yaşaya bilib-bilməmələrində deyil. Sadə insanlar bir-biriləri ilə gözəl dil tapır və tapırdılar da. 1988-ci ilədək Azərbaycanın müxtəlif bölgələrində erməni kəndləri, qarışıq yaşayış məntəqələri olub. Ən başlıcası, Bakıda ermənilər Azərbaycanda nəinki yaşamış, eyni zamanda, paytaxtın ən mərkəzi yerlərində məskunlaşmışdılar. Reallıq budur. Rubinyanın “münaqişə ölkələrin kompakt çoxluqlar yaratmaq” məntiqi isə anlaşılmır. Çünki haylardan çoxluq yaratmaq istəklərinin məqsədi yalnız münaqişə formalaşdırmaq olub.
Ayrıca, erməni spikerin diqqətinə Azərbaycanın çoxmillətli və çoxkonfessiyalı məmləkət statusu daşıdığını da çatdıraq. Hazırda ölkəmizdə ermənilərin rahat şəraitdə ömür sürdüklərini də həmçinin. Ermənistanda isə azərbaycanlılar yaşamır. Yəni Rubinyanın “azərbaycanlılar isə Azərbaycanda yaşayırlar” fikri çox səthidir. Halbuki Ermənistanın özü monoetnik respublikadır.
Rubinyanın “Qarabağdan olan əziz bacı və qardaşlarımız” ifadəsinə gəlincə, Azərbaycan dövləti Qarabağ ermənilərini bölgədən çıxarmaq istəmirdi. Onlar ərazini özləri tərk etdilər. Çünki avantürizmin girovluğundan çıxa bilmədilər. Ermənilər nə vaxtsa Azərbaycanda əvvəllər yaşadıqları kimi yaşayacaqlarmı, bunu isə zaman göstərəcək. O zaman ki, çox dərdlərə və acılara məlhəmdir. Amma...
“Əmma” Rubinyanın növbəti fikirləridir. O, vurğulayıb ki, ayrı-ayrı şəxslərin əvvəlki yaşayış yerlərinə qayıtmaq istəklərinə insani baxımdan haqq qazandırmaq olar. Lakin bu məsələnin dövlət məqsədinə çevrilməsi başqa nəticələrə gətirib çıxara bilər. “Beləliklə, əhalinin geri qayıtması ilə bağlı bütün bu söhbətlər münaqişə doğuran xarakter daşıyır. Mən bunun ədalətsiz olduğunu demirəm. İnsani baxımdan bu, ədalətli sayıla bilər. Xanım Areq Osepyanın nöqteyi-nəzərindən, əlbəttə ki, bu, ədalətlidir. O deyə bilər ki, mən öz evimə getmək istəyirəm. Lakin siz bunu dövlət məqsədi kimi formalaşdırdığınız zaman, bu, münaqişə məntiqini yenidən dirçəltmək deməkdir. Biz təklif edirik ki, mövcud vəziyyəti olduğu kimi rəsmiləşdirək, irəliyə doğru gedək və 100 illik sülhü təmin edək”, – deyən Rubinyan fikrini yekunlaşdırıb.
Sonda onu da deyək ki, işğalçılığı, başqalarının torpaqlarını ələ keçirməyi dövlət siyasətinə çevirən Ermənistan olub. Hazırda ölkə və hay cəmiyyəti, bütövlükdə ermənilik deyilən təzahür məhz bu düşüncənin acısını çəkir, psixozu ilə nəfəs alır. Axı dünyanın müxtəlif yerlərində insanlar yaşayırlar. Almaniyada fransızlar, Hollandiyada almanlar, Almaniyada ingilislər var. Millətindən asılı olmayaraq, hər insan üçün də yaşadığı evin qərarlaşdığı ərazi vətəndir.
Avantürizm isə erməni varlığını doğulub boya-başa çatdığı ərazini vətən kimi görmək hissindən məhrum edib. İndi Ermənistandakı dava, əslində, belə yaramaz baxışdan imtina edib-etməməyin davasıdır. Rubinyan, ümumən, erməni hakim komandasındakı digər şəxslər tarix baxımından ziddiyyətli fikirlər səsləndirib səfeh paralellər aparsalar da, onlar köhnənin stereotiplərindən uzaq durulmasının vacibliyini anlayırlar. Hər halda, bununla bağlı görüntü var. Ancaq yalnız görüntü olmamalıdır. Zaman əməli tədbirlərə keçmək zamanıdır. Rubinyanın təbirincə desək, 100 illik sülhü məhz əməli tədbirlər gətirəcək.
Ə.CAHANGİROĞLU
XQ