Icma.az, Redaktor.az portalına istinadən məlumat yayır.
Milli Məclisin deputatı Qüdrət Həsənquliyev qeyd edib ki, bu ilin iyun ayına qədər Ermənistanla sülh müqaviləsi imzalaya bilərik.
Politoloq Əli Orucov Redaktor.az-a açıqlamasında qeyd etdi ki, Azərbaycan və Ermənistan arasında normallaşma və sülh sazişinin imzalanması İrəvanın Konstitusiya dəyişikliyi ilə bağlı keçirəcəyi referendumdan asılıdır:
"Bununla bağlı Bakının mövqeyi aydın, qəti və dəyişməzdir. Azərbaycana qarşı ərazi iddiaları aradan qaldırılmasa, bağlanacaq sülh sazişinin də hüquqi qüvvəsi gələcəkdə mübahisələr doğura bilər. İki ölkə arasında hərtərəfli əlaqələrin qurulması, qarşılıqlı daşımaların həyata keçirilməsi əlavə stimul verən faktorlardır.
Ötən ilin 8 avqustunda ABŞ Prezidentinin vasitəçiliyi ilə Azərbaycan və Ermənistan liderlərinin sülh sazişinin paraflanması böyük siyasi uğurdur. Bununla belə, həmin müqavilənin yekun imzası üçün Ermənistan beynəlxalq hüquqdan irəli gələn vəzifə və öhdəliklərini praktik olaraq yerinə yetirməlidir.
Bu günlərdə məlum olur ki, Ermənistanın Baş naziri Nikol Paşinyan Erməni ordusunun yaranmasının 34 illiyi münasibətilə etdiyi çıxışında Azərbaycana qarşı ərazi iddiaları irəli sürüb. Onun 2020-ci ildən sonra guya Azərbaycanın 215 kilometr ərazini “işğal etməsi” barədə dedikləri gələcək risk və təhlükələrdən xəbər verir. Eyni zamanda Ermənistanın sülh sazişi ilə bağlı siyasətini əslində manipulyasiyaya çevirdiyi ehtimallarını daha da artırır".
Siyasi şərhçi vurğuladı ki, belə olan halda hansısa əlavə öhdəliklər qoymaqla ilin sonunadək sülh sazişinin imzalanmasını mümkünsüz hesab edir:
"Ermənistan etimad və güvəniləcək bir dövlət deyil, üzərinə götürdüyü öhdəliklərin icrasına ümid etmək olmaz. Erməni baş nazir Avropa institutlarında da Ermənistanda keçiriləcək parlament seçkilərindən əvvəl sülh müqaviləsinin imzalanacağı barədə bəyanatlar səsləndirmişdi. Ancaq bütün bunları reallıqlardan uzaq hesab edirəm. Azərbaycan–Ermənistan arasında paraflanan sülh müqaviləsinin parlamentdə müzakirəsinə də lüzum görmürəm. Artıq bu sənəd ciddi və hərtərəfli müzakirələrdən keçirilərək razılaşdırılıb. Sənəd Prezident İlham Əliyevin ardıcıl və müdrik siyasəti nəticəsində Ermənistan tərəfi ilə paraflanıb. Fikrimcə, Azərbaycan diplomatiyası və komanda bu prosesi məharətlə aparır".
Aytəkin TOFİQQIZI