Ermənistana hazırkı dönəmdə hərbi yardım üçün Avropa Sülh Fondundan vəsait ayrılması çox ciddi suallar doğurur

30.01.2026

Icma.az, Bizimyol saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Macarıstan da daxil olmaqla, 27 Aİ üzv dövlətinin hamısı Avropa Sülh Fondundan Ermənistana 20 milyon avro ayrılmasını təsdiqləyib. Bu, Ermənistanın Avropa Fondundan ikinci dəfə yardım almasıdır. Birinci yardım 2024-cü ilin iyul ayında 10 milyon avro məbləğində verilib. Bu dəfə məbləğ ikiqat artırılıb və prioritet Ermənistanın silahlı qüvvələrinin və müdafiə imkanlarının logistika və tibbi avadanlıqlarla təmin edilməsi, eləcə də zəruri texniki təlim vasitəsilə gücləndirilməsidir.

Milli Məclisin deputatı Arzuxan Əlizadə Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Avropa İttifaqı Şurasının iclasında Ermənistana Avropa Sülh Fondundan 20 milyon avro yardım ayrılması ilə bağlı qərar qəbul edilib: “Avropa İttifaqına daxil olan 27 dövlət yardımın verilməsini dəstəkləyib. Bundan əvvəl məlumdur ki, Ermənistan Fonda müraciət etmişdi. O zaman Macarıstan həmin müraciət əsasında Ermənistana yardım verilməsini bloklamışdı. Amma bu dəfə 27 üzv dövlət hər bir qərara səs verərək, Ermənistana 20 milyon avro ayrılmasına qərar verdilər”.

Arzuxan Əlizadə / Foto: amip.az

Arzuxan Əlizadənin fikrincə, bu, əslində Ermənistanın ikinci dəfə Avropa İttifaqı Sülh Fondundan yardım almasıdır: “Birinci dəfə 10 milyon avro vəsait ayrılmışdı. Vəsait 35 ay üçün nəzərdə tutulub.

Avropa Sülh Fondu məlumdur ki, 2021-ci ildə yaradılıb və Fondun dünyada mövcud olan münaqişələrin qarşısını almaq və ehtiyacı olan ölkələrə ölümcül olmayan hərbi yardımın tədarük edilməsi üçün yaradıldığı vurğulanır.

Deputat qeyd edib ki, 30 il ərzində Azərbaycan ərazilərini işğal altında saxlayan Ermənistana, əslində regionda sülhə təhdid yaradan Ermənistana Sülh Fondundan ikinci dəfə hərbi məqsədlər üçün yardım ayrılması, regionda dayanıqlı sülhə deyil, gərginliyin yaranmasına, gərginliyin bərqərar olmasına dəstək kimi qəbul edilməlidir: “Heç bir halda 30 il işğal siyasəti yürüdən, Azərbaycan torpaqlarını işğal altında saxlayan, (bununla bağlı BMT-nin dörd qətnaməsi vardı, Avropa Şurası, Avropa Parlamentinin də bununla bağlı qərar və qətnamələri vardır). Ermənistana hazırkı dönəmdə hərbi yardım üçün vəsait ayrılması, təbii ki, çox ciddi suallar doğurur”.

“Ermənistan konstitusiyasında Azərbaycana və Türkiyəyə qarşı ərazi iddiaları hələ də qalmaqdadır. Bütün bunların fonunda, Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması istiqamətində atılan addımlar fonunda, artıq çərçivə sülh müqaviləsi imzalanıb və Ermənistan tərəfinin üzərinə götürdüyü öhdəliklər var. Onlar yerinə yetiriləndən sonra yekun sülh müqaviləsi imzalanacağı gözlənilən bir dönəmdə Ermənistana hərbi yardım üçün 20 milyon avro vəsait ayrılması olduqca ciddi suallar yaradır”-deyən Arzuxan Əlizadə bildirib ki, bu sülhə deyil, qəti gərginliyə səbəb ola biləcək amil kimi də qəbul edilməlidir.

İradə Cəlil, Bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью