Modern.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası məlumat yayıb.
Modern.az xəbər verir ki, məlumatda qeyd edilib ki, Azərbaycan Respublikasının Xankəndi şəhər sakini, erməniəsilli, 1954-cü il təvəllüdlü Ağasyan Vera Varaşakovna oktyabrın 20-də səhər saat 9-10 radələrində yaşadığı ünvanda vəfat edib: "Bu barədə oktyabrın 23-də Səhiyyə Nazirliyinin Media və kommunikasiya şöbəsi tərəfindən mətbuata açıqlama verilib, ölümlə bağlı aidiyyəti orqan tərəfindən məhkəmə-tibbi ekspertizanın təyin olunduğu, keçirilən məhkəmə-tibbi ekspertizanın məlumatlarına görə, 70 yaşlı qadının ölümünə bilavasitə səbəb ağciyər arteriyasının trombozu ilə əlaqədar inkişaf etmiş kəskin ağciyər-ürək çatışmazlığının olduğu bildirilmişdir.
Həmçinin qeyd olunmuşdur ki, V.Ağasyan Səhiyyə Nazirliyinin mütəxəssisləri tərəfindən həkim müayinəsi ilə təmin edilmiş və ona lazımi sosial müdafiə dəstəyi göstərilmişdir.
V.Ağasyanın vəfat etməsi ilə bağlı Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası tərəfindən elə həmin gün Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycan Respublikasındakı Nümayəndəliyi məlumatlandırılmış, bu barədə Ermənistanın aidiyyəti dövlət qurumlarının və V.Ağasyanın ailə üzvlərinin məlumatlandırılması xahiş edilmişdir.
Sonrakı prosesdə Ermənistanda dəfn edilməsi ilə bağlı övladlarının istəyi nəzərə alınaraq, meyitin qarşı tərəfə təhvil verilməsi üçün Dövlət Komissiyası tərəfindən BQXK-ya rəsmi müraciət edilmişdir.
Humanitar prosesin həyata keçirilməsi üçün Azərbaycan tərəfindən zəruri hazırlıq tədbirləri görülmüş, ölüm haqqında tibbi şəhadətnamə və ölüm haqqında şəhadətnamə alınmış, sənədlər notarial qaydada ingilis dilinə tərcümə edilərək (Apostil verilmişdir) təsdiq edilmişdir.
Meyitin 29 və ya 30 oktyabr tarixlərində BQXK-nın vasitəçiliyi ilə Laçın sərhəd nəzarət-buraxılış məntəqəsində Ermənistanın aidiyyəti dövlət qurumlarına təhvil verilməsi planlaşdırılmış və görülmüş tədbirlər barədə BQXK-nın vasitəsilə qarşı tərəfə məlumat göndərilmişdir.