Modern.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Ermənistanın yeni Konstitusiya layihəsində Silahlı Qüvvələrin idarə olunması və tətbiqi qaydalarında mühüm dəyişikliklər nəzərdə tutulur.
Modern.az xəbər verir ki, layihəyə əsasən, Ermənistan Silahlı Qüvvələrinin Ali Baş Komandanı ölkənin müharibə və ya sülh şəraitində olmasından asılı olmayaraq, Baş nazir olacaq.
Qeyd edək ki, hazırkı Konstitusiyanın 155-ci maddəsinə əsasən, Baş nazir yalnız müharibə zamanı Silahlı Qüvvələrin Ali Baş Komandanı hesab olunur.
Yeni layihədə ordunun təxirəsalınmaz hallarda tətbiqi qaydası da dəyişdirilir. Belə ki, təcili zərurət yarandıqda Baş nazir Silahlı Qüvvələrin tətbiqi ilə bağlı qərarı müstəqil şəkildə qəbul edə biləcək. Halbuki qüvvədə olan Konstitusiyaya görə, belə bir qərar qəbul edilməzdən əvvəl müdafiə nazirinin təklifi olmalıdır.
Bununla yanaşı, Baş nazir qəbul etdiyi qərar barədə dərhal hökumət üzvlərini məlumatlandırmalıdır. Hökumət isə həmin qərarı və onun əsasında həyata keçirilməsi nəzərdə tutulan tədbirləri ləğv etmək hüququna malik olacaq.
Yeni Konstitusiya layihəsinə əsasən, Ermənistan Silahlı Qüvvələrinin ölkə hüdudlarından kənara göndərilməsi üçün Milli Assambleyanın (parlamentin) razılığı tələb olunacaq. Yalnız Ermənistanın ratifikasiya etdiyi beynəlxalq müqavilələrdə nəzərdə tutulan hallar bu qaydadan istisna təşkil edəcək.
Xatırladaq ki, bu gün Ermənistanın Baş naziri Nikol Paşinyan yeni Konstitusiya layihəsini təqdim edib və bununla bağlı müraciətlə çıxış edib.