Xalq qazeti saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Ölkəni məğlubiyyətə uğradanların sülh qorxusu
Məlum olduğu kimi, Rusiya rəsmiləri, bir qayda olaraq, Ermənistanla bağlı məsələlərə Azərbaycanı daxil edirlər. Yəni Moskva İrəvanın ittiham dolu narazılıqlarına cavab verərkən, Qarabağ məsələsinə fokuslanır. Sonuncu dəfə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova belə etmişdi.
Xanım Zaxarova demişdi ki, Ermənistan Qarabağdakı keçmiş separatçı rejimi rəsmən tanımadığından, ölkəsinin, daha doğrusu, Kremlin hakim rol oynadığı Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının İrəvana kömək göstərməsi mümkünsüz idi. O da məlumdur ki, Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə Zaxarovanın bu açıqlamasına münasibət bildirdi. Münasibət yazımızın ilk cümləsindəki kimidir. Təkrar edək: Ermənistanla bağlı məsələlərə Azərbaycanı qarışdırmayın!
İş ondadır ki, Ermənistan rəhbərliyi də Rusiya ilə bağlı məsələlərə Azərbaycanı daxil edir. Əvvəllər bu ritorika anlaşılırdı. Çünki Bakı ilə İrəvan real sülh yolunda deyildilər. Ancaq 2025-ci ilin yayından sonra durum dəyişdi. Həmin il avqustun 8-də Vaşinqtonda Azərbaycan və Ermənistan liderləri ABŞ Prezidentinin şahidliyi ilə Birgə Bəyannamə imzaladılar. O gün iki Cənubi Qafqaz ölkəsinin XİN rəhbərləri sülh sazişini parafladılar. O zaman sual yaranır: rəsmi İrəvanın təmsilçiləri köhnə ritorikadan nə üçün və hansı səbəbə əl çəkmirlər?
Sualla cavabdan əvvəl bir məqamın üzərində dayanaraq deyək ki, erməni rəsmilərinin anti-Rusiya davranışları Moskvanın İrəvanı dalana dirəmək istəyindən qaynaqlanır. Ermənistanın çoxlu sayda məhsulunun Rusiyaya idxalına faktiki embarqo qoyulub. Kreml çalışır ki, bu sayaq iqtisadi təzyiqlərlə Baş nazir Nikol Paşinyan administrasiyasını dizə gətirsin, onu Qərbyönümlü xətdən uzaqlaşdırsın.
Əlbəttə, Rusiya üçün daha məqbul variant iqtisadi embarqonun təsirlərinin Ermənistanda xalqı hərəkətə gətirməsi və nəticədə ölkədə hakimiyyət dəyişikliyinin baş verməsidir. Nikol və komandasının üzvləri durumdan xəbərdardırlar. Onların Moskva əleyhinə demarşları bundan qaynaqlanır və N.Paşinyan üzünü xalqa tutaraq deyib ki, Rusiya haylara Qarabağ uğrunda savaşda yardım etmədi, 44 günlük müharibədə də, ondan sonra da özünün müttəfiqlik öhdəliklərini yerinə yetirmədi. Nikolun siyasi sentimentalizmə bürünmüş fikirlərindən gəlinən qənaət budur: Həmin dönəm Ermənistan Rusiyaya güvənirmiş, erməni xalqı Rusiyaya hər şeyini vermişdi və buna görə Şimaldan umacaqları var idi.
Görəsən, Nikol nədən danışır? Əslində, sualımız ritorikdir. Məsələ ondadır ki, Paşinyan hakimiyyətə gələndən Ermənistanın Rusiyaya güvənməsi fərqli olub. Qərbə yaxınlığı ilə seçilən rəsmi İrəvan hesab edib ki, Moskva ənənəvi erməni sevdası səbəbindən hayları tək buraxmayacaq. Buraxmayacaq və Azərbaycanı sərt addımlardan yayındıracaq. Beləliklə, Qarabağ Ermənistanda qalacaq, üstəlik, ölkə üzünü Qərbə çevirəcək. Halbuki, belə bir dünya ola bilməzdi. Hərçənd, rəsmi İrəvanın gözləntilərinin özünü, müəyyən mənada, doğrultduğunu söyləyə bilərik.
***
Rusiya İkinci Qarabağ müharibəsi zamanı Ermənistana əlindən gələn bütün köməyi göstərdi. Hətta savaşdan sonra da rəsmi Moskva Qarabağ avantürasının saxlanılması naminə hər şeyi etdi, hər cür oyunbazlığa əl atdı. Amma alınmadı. Rusiya Ermənistanın başqa havadarları kimi, Azərbaycanın siyasi, diplomatik və hərbi üstünlüyü qarşısında heç nə edə bilmədi. Axı nə edə bilərdi? Bəlkə rus hərbçisi erməni əsgərinin yerinə can verməli idi? Yoxsa İrəvanda kimsə rus qoşunlarının, 1920-ci ildəkitək, Azərbaycanın şimal sərhədindən hücuma keçmələrini gözləyirdi?!
Reallıq budur ki, Ermənistanı İkinci Qarabağ müharibəsində və ondan sonra tək buraxmayan Rusiya rəsmi İrəvanın yenidən Kremlin orbitinə qayıtmasına ümid bəslədi. Lakin bu, baş vermədi. Təkcə Moskvanın deyil, ümumən, rus ictimai rəyinin təmsilçilərinin nəzərində Ermənistan yaşananlardan nəticə çıxarmadı. Eyni zamanda, ikincilərin Qarabağı hay milli identliyinin rəmzi kimi göstərmək yönümlü təbliğatları da erməni iqtidarına və ona etimad göstərən elektorata təsir göstərmədi. Belədə Moskva fərqli yol tutmaq qərarına gəldi ki, haqqında söz açdığımız embarqo siyasəti həmin yolun təzahürüdür.
Hazırda Kreml İrəvana başa salmaq istəyir ki, Rusiya hesabına qazanılan pulla Qərbə doğru yön almaq mümkün deyil. Haşiyə çıxaq ki, Moskva bir vaxtlar Ermənistana Qərbə arxalanıb Qarabağ avantürasını davam etdirməyin mümkünsüzlüyünü də anlatmağa çalışmışdı... Paşinyan isə o zaman Ermənistanın üzvü olduğu KTMT-nin ölkənin təhlükəsizliyi baxımından effektivsizliyini sübuta yetirmək istəyirdisə, indi Kremlin hakim rol oynadığı Avrasiya İqtisadi İttifaqının səmərəsizliyindən söz açır. Necə deyərlər, eyni dalğa, eyni koordinat. Amma...
Aydındır ki, Ermənistanın Aİİ-yə qarşı siyasi kursu onun anti-KTMT xəttinə bənzəyəcək. Yəni kurs dərinləşəcək, ziddiyyətlər artacaq. Nəzərə alaq ki, hazırda İrəvan KTMT-dəki fəaliyyətini dondurub. Oxşar yol Aİİ ilə bağlı da gedilsə, təəccüblənmərik. “Əmma”ya gəlincə, onlardan birincisi KTMT müstəvisində Rusiyanın Ermənistanı müharibədə qorumadığına dair ritorikanın Aİİ üzərinə gətirilməsindədir. Çünki köhnə klişelər barəsində söz açdığımız sülh mühiti baxımından olduqca zərərlidir. Ona görə zərərlidir ki, həmin klişelərə Ermənistana və erməni xalqına qarşı, guya, böyük haqsızlığın törədildiyinə dair cəfəngiyyat hakim kəsilib. Halbuki Azərbaycan torpaqlarına təcavüzün timsalında ən böyük haqsızlığı edən məhz Ermənistan dövləti olub...
Diqqət yetirək, Paşinyan, təxminən, belə bir sual verir: Rusiyaya nə pislik etmişdik? Niyə bizə yardım etmədilər? Ən əsası, niyə görə Azərbaycanın qarşısını kəsmədilər? Rusiya Azərbaycanı durdurmadığı üçün Ermənistan ondan ayrılıb Avropaya, Qərbə üz tutur, çünki ikinciyə güvənir, ölkənin müdafiə ediləcəyinə inanır. Qərb Rusiya kimi Ermənistanı darda qoymaz və sair ilaxır. Bircə qalır Nikolun haylara Qərbə arxalanıb yenidən Azərbaycan torpaqlarını işğal edə bilmələrinin mümkünlüyünü bildirməyi. Bunu da desə, bütün daşlar yerinə oturacaq (?).
Yeri gəlmişkən, Ermənistanda hakim düşərgəyə yaxın şəxslərin də Qərbin köməyi ilə revanşın mümkünlüyünə dair fikirlərinin mövcudluğunu bilirik. Məsələyə ciddi yanaşılmalıdır. Ancaq hələlik Paşinyanın anti-Rusiya ritorikasındakı arqumentasiyaya eyni ciddiyyətlə yanaşaq və bir daha sülhə zərər amilinə köklənək. Söhbət anti-Rusiya ritorikasının sülh mühitinin qərarlaşmasına ziyan törətməsindən gedir. O mühit ki, hələlik çox kövrəkdir və onun möhkəmlənməsi üçün gediləsi vacib yol var.
Sülh o zaman fundamental olacaq ki, Azərbaycan və Ermənistan arasında yekun saziş imzalanacaq. Yekun barış sazişin imzalanması üçün Ermənistan konstitusiyasının işğalçı İstiqlaliyyət Bəyannaməsinə istinadı aradan qalxmalıdır. Bunun yolu isə referendumdan, yəni ümumxalq səsverməsindən keçir. Erməni xalqı referendumda iştirak edib özündə Qarabağ avantürası məntiqini daşıyan İstiqlaliyyət Bəyannaməsinin konstitusiya ilə bağını aradan qaldırmalı, faktiki olaraq, sənədi heçə saydığını göstərməli, beləliklə, etimad qazanmalıdır.
Daha bir “əmma” sıravi erməninin Paşinyanın “Rusiya bizi müharibədə darda qoydu” tezisi ilə tanış olmasında və çıxış yolunu Moskva kimi davranmayacağı bildirilən müttəfiqdə görməsindədir. Halbuki, erməni iqtidarı xalqı bu təhlükəli psixozdan qurtarmalı, anti-Azərbaycan məntiqli ideyaları dolayısı ilə də təbliğ etməməlidir. Axı erməni cəmiyyəti xəstəliyin daşını atmalıdır. Xəstəliyi hansısa formada yada salan heç bir düşüncənin yenidən cücərməsinə yol verilməməlidir. Yalnız bu halda və Azərbaycanın konstitusiya dəyişikliyi şərti yerinə yetirilsə, erməni iqtidarının və cəmiyyətinin səmimiyyətinə inanmaq mümkündür.
Sonda Paşinyanın ritorik suallarından birinin üzərinə qayıdaq. Bəli, Rusiya ötən müddətdə Ermənistana heç nə vermədi. Verdiyi hay cəmiyyətinin avantüra ilə bəslənməsi üçün “yem” idi. Ümumən, tarix boyu da erməni varlığı məhz bu “yemlə” qidalanıb. Qazancı isə göz önündədir. Ermənistan sırf qonşulara qarşı düşmənçiliyə görə təcrid duruma düşüb, inkişaf və tərəqqidən geri qalıb. Hesab edirik ki, Paşinyan və tərəfdarları erməni xalqına məhz bunu anlatmalıdırlar, nəinki Rusiyanın Ermənistanı müharibə zamanı darda qoyduğuna dair sərsəmliyi.
Ə.RÜSTƏMOV
XQ