Turkstan.az saytına istinadən Icma.az xəbər verir.
Bu sorğu Paşinyanın siyasi mövqelərinin zəiflədiyini göstərən simvolik göstərici kimi dəyərləndirilə bilər, amma...
“Samvel Karapetyan səslərin 34%-ni, Nikol Paşinyan isə 33%-ni toplayıb. Bu gün açıqlanan sorğunun yekun nəticələri bunlardır”.
Musavat.com xəbər verir ki, bu barədə Rusiya Ermənilərinin online media orqanı yekramos.org saytı məlumat yayıb. Məlumatda bildirilir ki, sorğunun nəticələri ilə bağlı xəbəri Samvel Karapetyanın liderlik etdiyi müxalif "Bizim Yolumuz" hərəkatının koordinatoru Narek Karapetyan sosial mediadakı səhifəsində paylaşıb.
“Sorğu EMPIRICA tərəfindən aparılıb və sual belə olub: bu iki lider arasında seçim etməli olsaydınız, kimi seçərdiniz? Biz qələbəyə doğru inamla irəliləyirik. Məhz buna görə də Paşinyan bizə qarşı hücumlarını gücləndirir. Lakin bu qələbə kifayət deyil. Parlamentdə mütləq çoxluğa ehtiyacımız var. Böyük dəyişikliklər böyük və güclü siyasi qüvvə tələb edir. Biznes üçün sıfır vergi dərəcəsi müəyyən etmək, 300.000 yeni iş yeri yaratmaq və real iqtisadi transformasiyanı həyata keçirmək üçün bizə real güc və geniş dəstəyə ehtiyac var. Biz böyük bir qələbəyə doğru irəliləyirik və hər birimizin səsi bunun üçün vacibdir"” deyə, o yazıb.
Açıqlanan sorğunun nəticələri ilk baxışda Ermənistanın daxili siyasi balansında ciddi dəyişiklik təəssüratı yaratsa da, məsələyə daha soyuqqanlı və sistemli yanaşma zəruridir. Burada üç əsas xətt üzrə təhlil aparmaq məqsədəuyğundur: sorğunun etibarlılığı, Rusiya faktorunun rolu və real seçki perspektivləri.
Sorğunun EMPIRICA tərəfindən aparıldığı bildirilsə də, ictimaiyyətə təqdim olunan məlumatlar olduqca məhduddur. Respondentlərin coğrafiyası, sorğunun keçirildiyi tarix və metodologiya açıqlanmır. Üstəlik, nəticələrin birbaşa Samvel Karapetyanın liderlik etdiyi “Bizim Yolumuz” hərəkatının koordinatoru tərəfindən paylaşılması onun obyektiv araşdırmadan daha çox siyasi alət kimi istifadə olunduğuna işarədir. Ermənistan siyasi mühitində bu cür “minimal fərqli” sorğular tez-tez psixoloji üstünlük yaratmaq, tərəddüd edən elektoratı səfərbər etmək məqsədi daşıyır. 34%-33% kimi cüzi fərq real üstünlükdən çox, “Paşinyan məğlub edilə bilər” mesajını verməyə hesablanmış ola bilər.
Sorğunun Rusiya ermənilərinə məxsus media resursunda daha çox yayımlanması və Karapetyanın Rusiya biznes-siyasi dairələri ilə əlaqələri Moskva faktorunu yenidən gündəmə gətirir. Bəllidir ki, Karapetyan Paşinyana alternativ fiqur kimi təqdim olunur.
Sorğuda liderlər arasında seçim ssenarisi təqdim edilsə də, Ermənistan reallığında həlledici amil parlament çoxluğudur. Hazırda ev dusatağı edilən Karapetyanın adamı da bunu etiraf edir və “mütləq çoxluğa ehtiyac” vurğusunu önə çəkir. Bu isə göstərir ki, hazırkı mərhələdə onun siyasi dayaqları hələ institusional səviyyəyə çatmayıb.
Paşinyan bütün zəifliklərinə baxmayaraq, hələ də inzibati resurslara, hakim partiya strukturuna və sadiq elektorata malikdir. Müxalifətin parçalanmış vəziyyəti isə Paşinyanın əsas üstünlüklərindən biri olaraq qalır. Karapetyanın real qələbə şansı yalnız o halda mümkündür ki, o, müxalif düşərgəni vahid platforma ətrafında birləşdirə bilsin.
Bu sorğu Paşinyanın siyasi mövqelərinin zəiflədiyini göstərən simvolik göstərici kimi dəyərləndirilə bilər, lakin onu həlledici fakt kimi qəbul etmək tezdir. Rusiya amili fonunda Karapetyanın önə çıxarılması təsadüfi deyil, lakin Ermənistan seçicisi üçün təkcə xarici dəstək yox, daxili legitimlik və real proqram həlledici olacaq. Qarşıdakı dövr Paşinyan üçün riskli, müxalifət üçün isə imkanlarla dolu mərhələ kimi görünür, amma bu imkanların gerçəyə çevrilib-çevrilməyəcəyi hələ açıq sualdır. /Musavat.com/