Xalq qazeti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Ermənistanda artıq iki həftədən çoxdur tikinti materialları bazarında ciddi sement qıtlığı yaşanır. Mağazalarda sement ya ümumiyyətlə yoxdur, ya da məhdud miqdarda satılır. Qiymətlər isə əvvəlki ilə müqayisədə ən azı 400 dram (1,10 dollar) artıb.
XQ Ermənistan mətbuatına istinadən xəbər verir ki, qıtlığın əsas səbəblərindən biri İrandan sement idxalının kəskin azalmasıdır. Ermənistanda sement tələbatının təxminən 30–40 faizi ənənəvi olaraq İran hesabına ödənilir. Ötən il ölkəyə idxal edilən təxminən 751 min ton sementin 80–90 faizi İrandan gətirilib.
İran-Ermənistan sərhədində yük maşınlarının uzun növbələrdə qalması idxalı ciddi şəkildə çətinləşdirib. İdxalçı şirkətlərdən birinin rəhbərinin sözlərinə görə, bəzi yük maşınları sərhəddə 16 günə qədər gözləyir.
İqtisadçı Suren Parsyan problemin səbəblərindən birinin İran tərəfdə sənədləşmə proseslərinin mürəkkəbləşməsi olduğunu bildirib. Onun sözlərinə görə, əvvəllər yük maşınları sərhədi 1–2 günə keçirdisə, hazırda yalnız İran ərazisindəki prosedurların tamamlanması 4–5 gün çəkir.
Bundan başqa, İranda bu ildən sement satış qaydaları da dəyişib. Əvvəllər erməni şirkətləri sementi birbaşa zavodlardan ala bilirdisə, hazırda satış əsasən milli birja vasitəsilə həyata keçirilir. Bu isə qiymətlərin artmasına səbəb olub.
Ermənistanın ən böyük yerli istehsalçısı olan “Araratsement” də artan tələbatı tam qarşılaya bilmir. Şirkətin yerli xammaldan istifadə etdiyi bildirilir. Zavod avqustda 95 min tondan çox sement istehsal edib ki, bu da iyuldan 16 min, iyundan isə 26 min ton çoxdur.
Buna baxmayaraq, sement qıtlığı tikinti sektoruna ciddi təsir göstərib. Məlumata görə, bəzi tikinti şirkətləri işlərini müvəqqəti dayandırmağa məcbur olublar.
Ermənistanın məsul qurumları bazarda vəziyyətin nə vaxt tam sabitləşəcəyini hələ açıqlamayıb.
S.ELAY
XQ