Ermənistanda dəmir yolu Rusiyanın nəzarətindədir ANALİTİK

03.02.2026

Icma.az, Sherg.az portalına istinadən məlumat yayır.

Zəngəzur dəhlizi açılmazsa, Azərbaycan-Türkiyə əlaqələri bloklanacaq

Cənubi Qafqazda nəqliyyat-kommunikasiya xətlərinin bərpası regional əməkdaşlıq baxımından aktual mövzulardan biridir. Xüsusilə dəmir yolu infrastrukturunun yenidən işə salınması region ölkələri arasında əlaqələrin genişlənməsi üçün mühüm əhəmiyyət daşıyır.

Bu kontekstdə Ermənistanın ərazi idarəçiliyi və infrastruktur naziri Davit Xudatyan bildirib ki, ölkəsi Rusiya ilə birgə Türkiyə və Azərbaycana gedən dəmir yolu xətlərinin bərpası imkanlarını müzakirə edir. Onun sözlərinə görə, İcevan və Axurik istiqamətlərində aparılması nəzərdə tutulan işlərin Rusiyanın birbaşa iştirakı ilə həyata keçirilməsi planlaşdırılır. Bu müzakirələr regionda nəqliyyat əlaqələrinin açılması məsələsinin gündəmdə olduğunu göstərir.

Politoloq Azad Məsiyev Sherg.az-a açıqlamasında Ermənistanda dəmir yolu infrastrukturunun Rusiyanın nəzarətində olduğunu vurğulayıb: 

"Zəngəzur dəhlizi çərçivəsində Ermənistan ərazisindən keçən dəmir yolu xəttinin bərpası, Azərbaycanla Ermənistan arasında, eləcə də Türkiyə ilə əlaqələrin formalaşması üçün mütləq şərtdir. Rusiyanın Azərbaycan üzərindən Ermənistana, həmçinin Azərbaycan vasitəsilə Türkiyəyə çıxışı üçün dəmir yolu infrastrukturunun bərpası zəruridir.

Bu məsələ Moskvanın strateji maraqlarına tam uyğundur. Çünki Rusiyanın Avropa ilə əlaqələri məhdudlaşıb. Bu şəraitdə ölkənin cənub cinahının aktivləşdirilməsi mühüm əhəmiyyət daşıyır. Bunun üçün də dəmir yolu infrastrukturunun işlək vəziyyətə gətirilməsi vacibdir. Şimal-Cənub nəqliyyat dəhlizinin, Ermənistanla nəqliyyat infrastrukturunun açılması Rusiyanın maraq dairəsindədir. Çünki Ermənistanla dəmir yolu əlaqələrinin bərpası həm Rusiya, həm də Ermənistan iqtisadiyyatı üçün mühüm əhəmiyyət kəsb edir. Bu, həmçinin Rusiyanın Türkiyə ilə dəmir yolu əlaqələrinin yenidən qurulması baxımından da vacibdir. Ermənistanda dəmir yolu infrastrukturunun Rusiyanın nəzarətində olması onun yenidən qurulması prosesini qaçılmaz edir".

Analitik bütün bu proseslərin reallaşması üçün Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanmasının vacib olduğunu deyib:

"Azərbaycanla Ermənistan arasında sülh sazişi imzalanmadan əlaqələrin geniş miqyasda bərpası real görünmür. Çünki Ermənistan hələ də Azərbaycanın ərazi bütövlüyünü tam şəkildə tanımır və ərazi iddialarından imtina etməyib. Ümumilikdə Cənubi Qafqazda sabitliyin yaranması üçün Ermənistan qonşularla dinc yanaşı yaşama prinsipinə əməl etməlidir. Yalnız bu fonda iqtisadi əlaqələrin bərpası və inkişafı mümkün ola bilər.

Çünki iqtisadiyyatla siyasət bir-biri ilə sıx bağlıdır və qarşılıqlı şəkildə bir-birini tarazlaşdırır. Bu baxımdan, Ermənistan xarici siyasətində qonşularla dinc yanaşı yaşama prinsipini prioritetə çevirməlidir. Həm Türkiyə, həm də Azərbaycanla bağlı ərazi iddialarından imtina etməli, reallığı qəbul edərək siyasi münasibətləri normallaşdırmalıdır ki, iqtisadi əlaqələr də inkişaf etsin".

Ekspert söyləyib ki, iqtisadi inkişaf üçün dəmir yolu və ümumi nəqliyyat infrastrukturu mütləq işlək vəziyyətə gətirilməlidir: 

"İstər ağır maşınqayırma sənayesi olsun, istərsə də yüngül sənaye sahələri-iqtisadiyyatın inkişafı üçün nəqliyyat infrastrukturu açıq və funksional olmalıdır".

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью