Ermənistanda “isti payız” BAŞLAYIR

01.09.2026

Icma.az, Cebheinfo portalına istinadən məlumatı açıqlayır.

Bu payız Ermənistanın bir çox bölgələrində gərgin siyasi mübarizə gözlənilir.

Ölkə üzrə 46 icmada yerli özünüidarəetmə seçkiləri keçiriləcək.

“Cebheinfo.az”-ın məlumatına görə, bu barədə Ermənistan Mərkəzi Seçki Komissiyası açıqlama yayıb.

Seçkilərin sentyabr, oktyabr və noyabr aylarında keçirilməsi nəzərdə tutulub. Lori bölgəsindəki genişləndirilmiş Tumanyan icmasının Ağsaqqallar Şurasına seçkilər sentyabrın 27-ə təyin edilib. 

Mərkəzi Seçki Komissiyasının saytında dərc olunmuş məlumatlara görə, hazırda yalnız “Vətəndaş Müqaviləsi” partiyası Tumanyan seçkilərində iştirak etmək üçün namizədliyini irəli sürüb.

Avqustun 23-də partiyanın seçki siyahısı Tumanyan icmasının sədri Suren Tumanyan tərəfindən 24 saylı Seçki Komissiyasına təqdim edilib. 

Qeyd edək ki, Ermənistanda 502 icma var. Yerli özünüidarəetmə orqanlarına seçkilər ya majoritar, ya da proporsional sistemdən istifadə etməklə keçirilir.
4000-ə qədər qeydiyyatdan keçmiş seçicisi olan, yəni kiçik icmalarda icma başçısı və Ağsaqqallar Şurasının üzvləri majoritar qaydada seçilir. 

4000-dən çox seçicisi olan böyük icmalarda Ağsaqqallar Şurasına seçkilər proporsional sistemdən istifadə etməklə keçirilir.

Əgər seçkilərdə iştirak edən siyasi qüvvələrdən biri Ağsaqqallar Şurasında mandatların 50 faizdən çoxunu qazanarsa, proporsional siyahıda birinci yeri tutan şəxs icmanın seçilmiş rəhbəri hesab edilir. 

Müşfiq Abdulla 
“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью