Bakivaxti portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Ermənistan Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Vahaqn Hovakimyan qurum daxilində kadr dəyişiklikləri həyata keçirir və hökumətin siyasi xəttindən fərqli mövqeləri olan əməkdaşları işdən çıxarır.
Bakıvaxtı.az xəbər verir ki, “Hraparak” qəzetinin məlumatına görə, MSK-nın kompüter xidmətləri şöbəsinin müdiri Svetik Qriqoryan və iqtisadi məsələlər və informasiya texnologiyaları şöbəsinin müdiri Yelena Ayvazyan artıq vəzifələrindən azad ediliblər.
“Hraparak” hər iki şəxsin müxalifət baxışlarına malik olduğunu iddia edir. Qəzetin yazdığına görə, onlar siyasi mövqelərini açıq şəkildə ifad etməsələr də, baxışlarını tamamilə gizlədə bilməyiblər.
Nəşr Vahaqn Hovakimyanın rəhbərliyi altında MSK-da baş verən dəyişikliklərin bununla məhdudlaşmadığını da bildirir.
“Hraparak” həmçinin xatırladır ki, Ermənistanda keçirilən seçkilərdən dərhal sonra MSK-nın mətbuat katibi Seda Qukasyan da qurumu tərk edib.
Qeyd edək ki, “Hraparak”ın yaydığı məlumatlarda səsləndirilən işdən çıxarılmaların səbəbləri və bunun siyasi baxışlarla əlaqəli olduğu barədə iddialar MSK tərəfindən ayrıca təsdiqlənməyib. Ermənistan MSK-nın rəhbərliyinin məsələyə münasibəti barədə məlumat verilməyib.
Murad İsmayıl