Icma.az, Azpolitika.az portalına istinadən məlumatı açıqlayır.
Erməni müxalifəti və Apostol Kilsəsi Ordu Günü ilə bağlı yaydıqları bəyanatlarda Paşinyan hökumətini silahlı qüvvələri məhv etməkdə ittiham edirlər. Müxalifətin əsas hədəfi isə Baş nazirin Azərbaycanla sülh prosesinin inkişafı ilə bağlı səsləndirdiyi bəyanatlardır.
Paşinyan bildirib ki, Ermənistan müharibəyə hazırlaşmır, çünki müharibə olmayacaq. Onun sözlərinə görə, Ermənistan ordusunun yalnız bir əsas vəzifəsi var – ölkənin beynəlxalq səviyyədə tanınmış ərazisini qorumaq. “Ordu özünün beynəlxalq səviyyədə tanınmış 29 min 743 kvadrat kilometr ərazisinin müdafiəsindən kənar heç bir vəzifəyə malik deyil və malik olmayacaq. Yeganə istisna beynəlxalq müqavilələr əsasında sülhməramlı missiyalarda iştirakdır”, – deyə Paşinyan vurğulayıb.
Ermənistanın ikinci prezidenti Robert Koçaryan bildirib ki, son səkkiz ilə yaxın dövrdə “regionun ən döyüş qabiliyyətli və qalib ordusunu” zəiflətmək, parçalamaq və məhv etmək üçün hər şey edilib. Koçaryan dayanıqlı sülhün əsas təminatını ordunun gücünün və döyüş ruhunun bərpasında görür. O, parlament seçkilərinə təxminən altı ay qalmış vəziyyəti dəyişməyə ümid etdiklərini bildirib.
Koçaryanın liderlik etdiyi siyasi qüvvənin parlament fraksiyasının rəhbəri, keçmiş müdafiə naziri Seyran Ohanyan isə daha sərt mövqe sərgiləyib. O, cəmiyyəti “Ermənistanda hökm sürən müvəqqəti və illüziya xarakterli sülhə” aldanmamağa çağırıb.

Seçkilərə 6 aydan az qaldığı bir vaxtda keçirilən rəy sorğuları göstərir ki, hakim partiyanın populyarlığı xeyli azalıb. Rusiyanın dəstəyi ilə müxalifətə qoşulan oliqarx Samvel Karapetyanın ətrafında birləşən qüvvələr seçkilərdə 13,4 faizlik səs ala bilərlər. Bundan başqa, Koçaryanın liderlik etdiyi “Ermənistan” bloku 6,4 faiz reytinqə malikdir. Eks-prezident Serj Sarkisyanın “Mənim şərəfim var” bloku, daşnaklar və digər qüvvələr isə 5 faizdən aşağı nəticə ilə barajı keçə bilmirlər.
Xatırladaq ki, 2021-ci ildə keçirilmiş seçkilərdə Paşinyanın rəhbərlik etdiyi “Vətəndaş müqaviləsi” partiyası səslərin 51 faizini qazanaraq təkbaşına hökumət qurmuşdu. Bugünkü sorğular isə hakim partiyanın səslərinin təxminən üçdə ikisini itirdiyini göstərir. Beynəlxalq təşkilatların keçirdiyi rəy sorğularına görə, əhalinin 29 faizi seçkilərə getməyəcəyini bildirir ki, bu da hakim partiya üçün təhlükəlidir. Rusiya iyunda keçiriləcək parlament seçkilərini Ermənistanda itirdiyi mövqelərini bərpa etmək üçün əsas imkan hesab edir. Yerli media yazır ki, Kremllə sıx əlaqəsi olan müxalif qüvvələr həm maddi, həm də informasiya resursları ilə təmin olunur, habelə Rusiyadakı erməni diasporu Paşinyan iqtidarına qarşı səfərbər edilir. Hazırda imkanlı erməni oliqarxları Ermənistana böyük məbləğdə vəsait göndərir, bunun vasitəsilə regionlarda əhaliyə yardımlar təşkil edilir.
Bəzi ekspertlər hesab edirlər ki, Kreml siyasi müstəvidə istədiyinə nail ola bilməsə, digər variantlara, o cümlədən hakimiyyətin qiyam yolu ilə devrilməsinə cəhd edə bilər. Bu təhlükə Ermənistanın Qərb müttəfiqləri tərəfindən də dəyərləndirilir. Ötən ilin dekabrında Brüsseldə xarici işlər naziri Ararat Mirzoyan Avropa İttifaqı rəhbərliyi ilə görüşlərdə Ermənistan iqtidarına siyasi dəstək məsələsini açıq şəkildə müzakirə etmişdi. Bu dəstək həm də Avropanın böyük həcmdə maliyyə yardımlarını, vətəndaş cəmiyyətinə, mediaya və iqtisadiyyatın digər sahələrinə qrantların verilməsini əhatə edir.
Paralel olaraq Birləşmiş Ştatlar da prosesə cəlb edilir. Gələn ay vitse-prezident Cey Di Vensin Ermənistana və Azərbaycana səfəri sülh prosesinə dəstəklə yanaşı, erməni cəmiyyətinə verilən mühüm mesajlar baxımından əhəmiyyətlidir. Vaşinqton Cənubi Qafqazın bu kiçik ölkəsində süni intellekt və atom enerjisi sahələrinə milyardlarla dollar sərmayə qoymaq niyyətini açıqlayıb.
Beləliklə, Rusiya və Qərb Ermənistanda proksi rəqabət aparır və hər iki tərəf özünə yaxın qüvvələri ayaqda saxlamağa çalışır. Azərbaycan da prosesi diqqətlə izləyir və Rusiya dəstəkli müxalifətin bəyanatlarını, eləcə də Paşinyan iqtidarının zəifləməsini narahatlıqla müşahidə edir. Rəsmi Bakı əlindəki resursları regiondakı maraqlarını qorumaq üçün istifadə edir və bu mərhələdə Ermənistanla qurulan ticarət əlaqələri, artan diplomatik təmaslar bu baxımdan əhəmiyyətlidir. Azərbaycan bu rəqabətdə Qərbin yanındadır, regionda təhlükəsizlik atmosferini poza biləcək risklərin neytrallaşdırılmasına dolayısı ilə dəstək verir.
Beləliklə, hər şey erməni seçicinin qərarından asılıdır. Onlar yaxın keçmişi nəzərə alaraq itkiləri və imkanları dəyərləndirməli, doğru seçim etməlidirlər. Bu, ölkənin gələcək onilliklərdə taleyini müəyyən edəcək ağır bir seçimdir.
E. Rüstəmli
“AzPolitika.info”