Cebheinfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə xarici diplomatların son səfəri Ermənistandakı bəzi dairələrdə ciddi narahatlıq doğurub.
Mövzu ətrafında əsassız polemika açan dairələrin son hərəkətləri sülh prosesinə ciddi zərbə kimi dəyərləndirilir.
Bu məqama diqqət çəkən Qərbi Azərbaycan İcmasının yaydığı bəyanatda da məhz belə vurulanır:
“İki ölkə arasında sülh və normallaşma prosesini zədələyən bu cür reaksiya erməni cəmiyyətinin bədnam “miatsum” siyasətindən tam şəkildə imtina etmək, Azərbaycanın suverenliyini qəbul etmək və dinc qonşuluq şəraitində yaşamaq məsələsində hələ də ciddi tərəddüdlərinin olduğunu göstərir. Ermənistan hakimiyyətinin irəli sürdüyü “Real Ermənistan” konsepsiyası faktiki olaraq, ciddi böhran keçirir”.
Eyni zamanda, "Sülh Körpüsü" Təşəbbüsünün Azərbaycan üzrə qrupu diplomatik korpusun Azərbaycan Respublikasının Qarabağ və Şərqi Zəngəzur bölgələrinə səfəri ilə bağlı Ermənistan mediasının nümayiş etdirdiyi qərəzli münasibət və ictimai müzakirələrdəki qəbuledilməz tonla bağlı dərin məyusluq bildirən müraciət yayıb.
Müraciətdə bildirilir ki, diplomatik korpusun Azərbaycan Respublikasının suveren ərazisinə səfəri özlüyündə mübahisə mövzusu ola bilməz:
“Xüsusilə bu səfərdə iştirak etdiklərinə görə səfirlərə və dövlətlərə yönəlmiş hücum xarakterli bəyanatlar narahatlıq doğurur, Ermənistanın Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü tanıması öhdəliyi ilə ziddiyyət təşkil edir”.
Göründüyü kimi, son günlər bir daha erməni cəmiyyətində saxta tarix, saxta qədimlik, milli müstəsnalıq üzərində qurulan yanaşmaların yenidən önə çıxır. Bu isə olduqca yanlış və təhlükəli siyasətdir.
“Cebheinfo.az”-a açıqlamasında deputat Elman Nəsirov bildirib ki, Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun təmsilçiləri Qarabağ və Şərqi Zəngəzur bölgələrində səfərdə həm Qarabağda gedən dirçəliş proseslərini öz gözləri ilə görüb, həm də ermənilərin 30 illik işğal dövründə törətdikləri vəhşiliklərin şahidi olublar:
“Onlar özləri də gördülər ki, artıq 48 yaşayış məntəqəsinə 90 mindən çox soydaşımızın köçü təmin edilib.
Bu gün Qarabağ və Şərqi Zəngəzur sürətlə bərpa olunur. Maraqlıdır ki, bu hadisəyə Ermənistan mətbuatında və sosial şəbəkə seqmentində çox qərəzli, aqressiv reaksiyaların da şahidi olduq.
Bununla bağlı Sülh Körpüsü Təşəbbüsünün Azərbaycan üzrə qrupu müraciət qəbul etdi, Qərbi Azərbaycan İcması bəyanat yaydı. Haqlı olaraq qeyd olunur ki, sülh prosesi dinamik xarakter alıb. Artıq bir ildən çoxdur ki, iki dövlət və xalq sülh şəraitində yaşayır, sülhün faydasını görür.
Eyni zamanda, iki dövlət və xalq arasında etimad mühitinin formalaşdırılması istiqamətində ciddi işlər aparılır. Vətəndaş cəmiyyəti institutları arasında təmaslar var. Azərbaycan ərazisindən keçməklə Ermənistana yüklərin daşınmasında tranzit məhdudiyyətləri aradan qaldırılır.
Azərbaycan və Ermənistan arasında ticarət-iqtisadi əlaqələrin yaranması istiqamətində addımlar atılır. Azərbaycanın neft və neft məhsullarının Ermənistana satışı təmin edilir. Ermənistandan Azərbaycana ixrac olunacaq məhsulların siyahısı müəyyənləşdirilir. Yəni bütün bunlar sülh prosesinə xidmət edən addımlardır.
Niyyət ondan ibarətdir ki, tarixi Vaşinqton razılaşmalarının məntiqi sonluğu kimi sülh prosesi artıq yekun mərhələyə daxil olsun və sülh müqaviləsi təkcə paraflanmasın, həm də imzalansın”.
Elman Nəsirov vurğulayıb ki, Ermənistanda rəsmi sülh mövqeyi ilə cəmiyyətdəki revanşist çağırışlar arasında ziddiyyət var:
“Ancaq təəssüf hissi ilə qeyd edirik ki, Ermənistan mediasında və sosial şəbəkələrində nəinki Azərbaycana, eyni zamanda diplomatik korpusun təmsilçilərinə və onların ölkələrinə qarşı da həqarətli və qəbuledilməz ifadələr işlədilib.
Bu, bir daha onu göstərir ki, bir tərəfdən Ermənistanda sülh gündəliyinin irəli aparılması ilə bağlı rəsmi mövqe mövcuddur, digər tərəfdən isə cəmiyyətdə, xüsusilə revanşist dairələrdə sülh əleyhinə proseslər davam edir.
Təəssüf doğuran məqam odur ki, Sülh Korpusunun erməni iştirakçıları hələlik susurlar. Onların mövqeyi indiyədək ifadə edilməyib. Bu da təəccüb və təəssüf doğurur”.
Əfsanə Rəcəb
“Cebheinfo.az”
Açar sözlər: diplomatların Qarabağa səfəri Elman Nəsirov
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin