Ermənistandan sonra bu türk ölkəsi də “Akaş” aldı

16.10.2026

Icma.az, Axar.az portalına istinadən məlumatı açıqlayır.

Çin və Hindistan hərbi güclərini artırmaqla yanaşı, daha çox ölkə ilə hərbi-texniki sahədə əməkdaşlığı genişləndirməyə çalışırlar. Misal üçün Hindistan Ermənistanla yanaşı, Mərkəzi Asiya ölkələrinə də raket kompleksləri satmağa başlayıb. Hindistan Tacikistan və Türkmənistana “Akaş” zenit-raket kompleksləri tədarük edib. Bu sövdələşmə barədə əvvəlcədən məlumat yox idi. İlk dəfə bu haqda Hindistan Müdafiə Nazirliyinin dövlət katibi Rajeş Kumar Sinqh məlumat verib. Buna baxmayaraq, komplekslərin sayı barədə danışmayıb.

Axar.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu qeyd edib.

“Tacikistan və Türkmənistan böyük ehtimalla Rusiyanın hava hücumundan müdafiə sistemlərinə tam etibar etmədiklərinə görə, Hindistanın raket komplekslərinə üstünlük veriblər. Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) üzvü Tacikistanda Rusiya hərbi bazası mövcud olsa, Düşənbə başqa ölkələrdən də hərbi texnika almaq məcburiyyətindədir. Tacikistanın Əfqanıstanla sərhədində gərginlik azalmır. Əfqanıstanda mövcud olan müxtəlif silahlı qruplar Talibana tabe deyillər və hər an sərhədi keçib hərbi toqquşmalara baş vura bilərlər. Təsadüfi deyil ki, Tacikistan Prezidenti İmaməli Rəhman oktyabrın 8-də Türkmənistanda Azərbaycan və Mərkəzi Asiya Dövlət başçılarının 8-ci Məşvərət görüşündə diqqəti təhlükəsizlik sahəsində əməkdaşlığa cəlb etdi. Rəhman oktyabrın 15-də Bakıda keçirilən Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin 7-ci Zirvə Toplantısında da təhlükəsizlik sahəsində əməkdaşlığın əhəmiyyətli olduğu fikrini bir daha təkrarlayıb”, - o bildirib.

Politoloq vurğulayıb ki, Rusiya adətən KTMT üzvlərinin başqa ölkələrdən hərbi texnika alışından narahat olur:

“Buna baxmayaraq, Kreml Mərkəzi Asiya ölkələrinin Türkiyə, Hindistan, Çin və Azərbaycanla hərbi-texniki sahədə əməkdaşlığına mane ola bilməyəcək. Rusiyanın Ukraynaya qarşı apardığı işğalçı müharibəyə görə Kremlin bölgədə mövqeləri zəifləyib. Digər tərəfdən müharibə Rusiya hərbi texnikasının keyfiyyətində mövcud qüsurları aşkarlayıb. Bu səbəbdən KTMT üzvləri fərqli ölkələrlə hərbi-texniki sahədə əməkdaşlığı genişləndirməyə çalışırlar. Öz növbəsində Hindistan və Çin fürsətdən istifadə edərək Mərkəzi Asiya ilə hərbi-texniki əməkdaşlığı genişləndiriblər. Hindistan Ermənistan, Tacikistan və Türkmənistanla kifayətlənməyərək, daha çox dövlətə raket kompleksləri satmağa çalışacaq.

Bu arada, Çin də boş dayanmayıb. Pekin müxtəlif dövlətlərdə hərbi bazalarının sayını artırıb. Çin qonşuluqdakı Laos və Kambodca ilə kifayətlənməyərək, uzaq Cibutidə də hərbi baza yaradıb. Çinin Cibutidəki hərbi bazası uzaq məsafələrə uçan bombardmançı təyyarələri dəstəkləmək üçün kifayət etməsə də, logistika və kəşfiyyat imkanları baxımından faydalıdır. Pekin bu hərbi bazaların üçüncü dövlətlərə qarşı yönəldilməyini bəyan etsə də, Qərbdə buna inanan azdır. Çinin hərbi hava qüvvələri Hind okeanının şərqində fəaliyyət göstərən ABŞ qüvvələrinə təsirini artırıb. Çin bununla öz ətrafında koalisiya formalaşdırmağa çalışır. İndoneziya, Malayziya və Tailand xarici işlər və müdafiə nazirlərinin iştirakı ilə Çinlə 2+2 dialoq format qurulub. Pekin eyni formatı 2026-cı ildə Kamboca, Laos və Vyetnamla yaradıb. Pekin üçün tərəfdaşlarına silah satışı da əhəmiyyətlidir. İndoneziya Çindən qırıcı təyyarələrin çatdırılmasını gözləyir, Çin Banqkokun əsas təchizatçısı olaraq ABŞ-ı geridə qoyub.

Vaşinqton mövcud vəziyyətdən narahatdır. ABŞ Prezidenti Donald Trampla Çin lideri Si Szinpin arasında dialoqa baxmayaraq, iki dövlət Asiya və Sakit okean bölgəsində siyasi, iqtisadi və hərbi sahədə rəqibdirlər. Çin və ABŞ bu bölgədə ətraflarında koalisiyalar formalaşdırırlar”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью