Baku.ws saytından verilən məlumata görə, Icma.az xəbər verir. Baku TV-nin "Hərbi xronika" rubrikasının yeni buraxılışı yayımlanıb.
Budəfəki buraxılışda Yunanıstanın Ermənistanı silahlandırmasından bəhs edilib.
Bildirilib ki, 44 günlük müharibə və 1 günlük antiterror əməliyyatlarında arsenalının böyük bir hissəsi darmadağın edilmiş Ermənistan ordusunun yeni silahlar almaq üçün xüsusilə son zamanlar göstərdiyi canfəşanlıq hər kəsə məlumdur.
İrəvanın bu istiqamətdəki fəaliyyətinə həvəslə dəstək verən Fransa və Hindistandan sonra Ermənistanın silahlanmasına daha bir "töhfə" də Yunanıstandan gəlib.
Ölkənin "Enikos" portalının yaydığı xəbərdə Afinanın öz arsenalından İrəvan üçün ayırdığı "silah sovqatı"nın tərkibi də açıqlanıb - Rusiya istehsallı "S-300" zenit-raket kompleksi, "ТOR М-1" və "ОSА-АК" kompleksləri.
Ümumilikdə Yunanıstanın Ermənistana dəstəyində qəribə heç nə yoxdur.
Təkcə son dövrlər ərzində bu ölkənin hərbi məktəblərində təhsil alan erməni kursantlarının sayının iki dəfə, o cümlədən burada yetişdirilən erməni xüsusi təyinatlılarının da sayının xeyli artması məlum faktlardır.
Yunanıstanın Petroxori və Ksanti poliqonunda keçirilən son "Olimpiya əməkdaşlığı 24" təlimində Ermənistan hərbçilərinin yunan tankları və Fransa zirehli texnikasından istifadə etməklə apardıqları döyüş atışı təlimləri də yunanların Ermənistan ordusunun gücləndirilməsinə nə qədər həvəsli olduğunu göstərir.