Ermənistanın baş naziri Nikol Paşinyan xarici siyasətdə qeyri stabil və qeyri ciddi imicin daşıyıcısıdır

12.02.2025

Bizimyol saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Ermənistanın baş naziri Nikol Paşinyan bildirib ki, Azərbaycanın rəsmi təbliğatı getdikcə daha çox Ermənistanın silahlanması, Azərbaycana hücuma hazırlaşması tezisinə yönəlir və buna görə də Azərbaycanın özünü müdafiə etmək və qabaqlayıcı tədbirlər görmək hüququ var. “Bu təbliğat tezislərinin iki mənşəyi ola bilər: ya Azərbaycan həqiqətən Ermənistanın ona hücum etmək niyyətində olduğunu düşünür, ya da özü hücum etmək niyyətindədir və buna zəmin yaratmağa çalışır”-deyə baş nazir qeyd edib. Paşinyan onu da vurğulayıb ki, Ermənistanın Azərbaycana hücum etmək niyyəti ilə bağlı tezislər sadəcə uydurmadır. Paşinyanın sözlərinə görə, Ermənistan beynəlxalq səviyyədə tanınmış, o cümlədən Azərbaycan tərəfindən tanınmış ərazi bütövlüyü və suverenliyini qorumaq üçün ordusunda islahatlar aparır.

Milli Məclisin deputatı Vüqar İskəndərov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Ermənistanın baş naziri Nikol Paşinyan 2018-ci ildən Ermənistanda hakimiyyətdədir və özünün artıq bu illər ərzində qeyri-stabil siyasətçi imicini formalaşdırıb: “Ermənistanın baş naziri Nikol Paşinyan bir gün ərzində eyni mövzuya fərqli-fərqli fikirlər söyləyə bilər. Siyasətdə bu davranış üslubu qeyri-ciddi bir məsələdir. Bu səbəbdən də, onun cürbəcür bəyanatları artıq heç kimdə və heç yerdə rezonans doğurmur”.

Vüqar İskəndərov

Deputat qeyd edir ki, bütün dünyaya da məlumdur ki, Ermənistan elə yaradıldığı gündən bu günə qədər mahiyyətcə işğalçı olub, terrorçuluğu dəstəkləyib, terrorçulara heykəllər qoyub, onlara film çəkib və zaman-zaman da qonşuları ilə konflikti olub.

“Azərbaycan torpaqlarını 30 ilə yaxın işğalda saxlamaq, qonşusu Türkiyəyə qarşı torpaq iddiasında olmaq, hətta digər qonşu Gürcüstanda da hazırda yatırılmış, dondurulmuş amma uzun illər davam edən separatçılıq məsələsi də var”-deyən Vüqar İskəndərov bildirib ki, hələ ki, Azərbaycanın hansısa dövlətə hücum etmək və hardansa torpaq qoparmaq faktı yoxdur, bu səbəbdən də Azərbaycanın Ermənistana qarşı silahlanması ilə bağlı Paşinyanın fikirləri absurddur.

“Ölkə başçısı cənab prezident İlham Əliyev Ermənistana növbəti xəbərdarlığı edib. Burada məsələ bu ölkənin sülhdən danışmasına baxmayaraq, sürətlə silahlanması məsələsidir. Ermənistan Hindistan və Yunanıstanla artıq yeni müqavilələr axtarışındadır. Ermənistan İspaniyadan və Polşadan da silahar almaq istəyir”-deyə deputat əlavə edib.

İradə Cəlil, Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью