Apa.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Oktyabrın 23-də Bakı Hərbi Məhkəməsində Ermənistan Respublikası vətəndaşlarının ittiham olunduğu cinayət işi üzrə məhkəmə prosesi ifadələrin elan olunması ilə davam etdirilir.
APA xəbər verir ki, məhkəmə iclasında üzrlü səbəbdən iştirak edə bilməyən və bununla bağlı məhkəməyə müraciət etmiş zərərçəkmiş şəxslərin ifadələri elan olunub.
Zərərçəkmiş şəxs qismində dindirilmiş Azad Kamal oğlu Tahirovun elan olunan ifadəsinə əsasən, o, Ermənistanın əsirliyində olarkən Maksim adlı polis əməkdaşının avtomat silahın uc hissəsi ilə onun ağzından möhkəm zərbə vurması nəticəsində dişinin biri qırılıb.
Habelə Maksim yanılı vəziyyətdə olan siqareti onun boynuna basmaqla söndürüb.
Eyni zamanda, həmin Maksim barabanlı tapançaya bir güllə qoyub fırlatmaqla onunla əsir yoldaşları arasında “ruletka” oyunu oynayıb.
Yəni, tapançanı növbə ilə əvvəl onun, sonra Şahlar Qurbanovun başına dirəyərək tətiyi çəkib. İki halda atəş açılmayıb.
Lakin Tağı Bayramovun başına tutub tətiyi çəkdikdə isə açılmış atəş nəticəsində sonuncu yerindəcə ölüb.