Bakivaxti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv dövlətlərin başçıları Ermənistanın təşkilatdakı üzvlüyü ilə bağlı qərarı noyabrın 11-də keçiriləcək sammitdə verə bilərlər.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə KTMT-nin baş katibi Taalətbek Masadıkov "TASS"a açıqlamasında bildirib.
Baş katib Ermənistanın təşkilatdan çıxarılması ehtimalına toxunaraq qeyd edib ki, bu məsələ Kollektiv Təhlükəsizlik Şurasının iclasında qaldırılarsa, müvafiq qərar qəbul edilə bilər.
Onun sözlərinə görə, belə bir təklif ya təşkilata sədrlik edən ölkə, ya da digər üzv dövlət tərəfindən irəli sürülə bilər. Masadıkov həmçinin üzvlük haqlarının ödənilməməsi və kvota vəzifələrinin doldurulmaması səbəbindən səsvermə hüququnun məhdudlaşdırılması məsələsinə toxunub.
Baş katib Ermənistan nümayəndəsinin KTMT Daimi Şurasının iclaslarında mütəmadi iştirak etdiyini və müzakirə olunan məsələlərlə bağlı İrəvana məlumat verdiyini ehtimal etdiyini bildirib.
Ermənistanın baş naziri Nikol Paşinyan isə hökumətin beşillik proqramını təqdim edərkən ölkəsinin KTMT-yə qayıtmaq planının olmadığını açıqlayıb. O, təşkilat Ermənistanın üzvlüyünə xitam vermək qərarına gəlsə, bundan məmnun olacağını bildirib.
Qeyd edək ki, Ermənistan 2024-cü ilin fevralında KTMT-də iştirakını “dondurduğunu” elan edib. Paşinyan bu addımı təşkilatın 2021–2022-ci illərdə Ermənistan qarşısında öhdəliklərini yerinə yetirməməsi ilə əsaslandırıb. 2026-cı ilin iyununda Rusiyanın xarici işlər naziri Sergey Lavrov Ermənistanın üzvlük haqları üzrə borcları ilə əlaqədar KTMT nizamnaməsində nəzərdə tutulan tədbirlərin tətbiqi məsələsinin nəzərdən keçiriləcəyini bildirib.
Xatırladaq ki, KTMT-yə Rusiya, Belarus, Ermənistan, Qazaxıstan, Qırğızıstan və Tacikistan daxildir.
Murad İsmayıl