Ermənistanla danışıqlarda və sülh prosesində real nəticələri görə bilərik ŞƏRH

05.11.2026

Sia Az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

"Bugünkü durum elə bir haldır ki, dünyada baş verən proseslər, qlobal siyasətdə mövcud vəziyyət dövlətlərin birbaşa siyasi proseslərdə hansı formada iştirak etməsinə də təsir edir. Biz indi Ermənistanla sülhə nail olmaq istəyirik. Təbii ki, bu bizim istəyimizdir. Ermənistanda da belə bir istəyin olduğunu görürük. Amma reallıq budur ki, bunun qarşısında duran qüvvələr var. Təbii ki, burada Ermənistan daxilində, onun daxili siyasətinə təsir edə biləcək qüvvələr mövcuddur". Bu sözləri SİA-ya açıqlamasında politoloq Samir Hümbətov deyib.

Onun sözlərinə görə, onlar həm region dövlətlərində var, bu məsələni istəyənlər də var, istəməyənlər də:

"İkinci məsələ isə prosesin uzadılmasında maraqlı olan qüvvələrin mövcudluğudur. Çünki bizim üçün münaqişə artıq bitmiş hesab olunur. Azərbaycan münaqişəni bitirir. Ermənistanın da bitirdiyini düşünək. Ona görə də biz 8 avqust anlaşmasını imzalamışıq. Amma bəzi qüvvələr hələ də ümidlidirlər ki, hansısa formada münaqişəni yenidən dirçəldə bilərlər. Onlar bunda maraqlıdırlar. Əgər qarşıdakı dövrdə beynəlxalq siyasətdə Azərbaycanın, yaxud Ermənistanın və ya hər ikisinin əleyhinə olacaq proseslər baş verməsə, hesab etmək olar ki, sülh müqaviləsini imzalamaq mümkün olacaq.

Amma burada başqa bir məsələ də var: deyək ki, sülh müqaviləsini imzaladıq. Bəs həmin sülh müqaviləsi nə qədər davamlı olacaq? Bu da sual doğurur. Çünki Ermənistanda siyasi vəziyyət kövrəkdir. Məsələ burasındadır ki, Paşinyan və komandası həmin sülhü istəyir və atdıqları addımlarda da bunu hiss etdirirlər.

Hələlik görünən vəziyyət budur. Amma biz bilmirik ki, Paşinyandan sonra hakimiyyətdə kim olacaq, yəni post-Paşinyan dövründə vəziyyət necə dəyişəcək. Bu sual da bizi düşündürməlidir. Ona görə də fundamental sülh məsələlərini həll etməliyik. Yəni bunu hökumətlərarası münasibətlər çərçivəsində saxlamaq yox, daha çox xalqlar arasında münasibətlər səviyyəsinə gətirmək lazımdır.

Bəli, əvvəllər belə hadisələr olub: "siz bizim ərazimizi işğal etmisiniz, biz geri qayıtmışıq, bizə qarşı soyqırımı törədilib". Yaxşı, bunları da başa düşdük. Deyək ki, müharibə zamanı bizim tərəfimizdən də müəyyən hadisələr baş verib. Bunları da geridə qoyduq. Amma indi ortada bir reallıq var: biz sülhə gəlməliyik.

Hesab edirəm ki, Ermənistan cəmiyyətini bu istiqamətdə hazırlamaq lazımdır. O baxımdan düşünürəm ki, sülh haqqında sona qədər danışmaq hələ o qədər də asan deyil. Amma pessimist deyiləm. Hesab edirəm ki, bu, mümkündür və daha möhkəm bir sülhün əldə olunması üçün ictimai diplomatiyanın üzərinə böyük vəzifələr düşür.

Yəni həm Ermənistan cəmiyyətini, həm də Azərbaycan cəmiyyətini sülhə kökləmək, sülhü qoruyub saxlamaq mümkün olmalıdır. Amma nəzərə almaq lazımdır ki, bu, erməni xüsusiyyətidir. Yəni hər cür dəyişiklik baş verə bilər. O baxımdan düşünürəm ki, bu xırda nüansları nəzərə alsaq, Ermənistanla danışıqlarda və sülh prosesində real nəticələri görə bilərik".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью