“Ermənistanla dəmir yol xəttini bərpa edə bilərik” Deputatdan ŞOK TƏKLİF

02.02.2026

Turkstan.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Deputat, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini Qüdrət Həsənquliyev parlamentin bu gün keçirilən plenar iclasında çıxış edib.

Məlumata görə, o, yaz sessiyasının qanunvericilik işləri planının müzakirəsi zamanı bir sıra vacib məsələlərdən danışıb.

Deputat əvvəlcə dövlətlərarası əməkdaşlığa verdiyi töhfəyə görə spikerə öz təşəkkürünü bildirib.

Qüdrət Həsənquliyev daha sonra bunları söyləyib:

“Bizim qanunvericiliklə Ermənistanla aramızda olan 44 günlük savaş Vətən müharibəsi kimi tanınır. Konstitusiyaya görə, sülh sazişinin imzlanması üçün Milli Məclisin razılığı lazımdır. Artıq ötən ilin avqust ayında ilkin sülh sazişi imzalanıb, həm də sülh sazişi paraflanıb. Ona görə də sülh sazişinin parlamentdə müzakirə olunmasına ehtiyac var. Ona görə də bunun işlər planına daxil edilməsini təklif edirəm.

Həm də diqqətinizə onu çatdırmaq istəyirəm ki, hazırda Ermənistana Azərbaycan üzərindən yüklər daşınır, Azərbaycan özü Ermənistana yanacaq satır, məhz Prezidentin sülhə, regional təhlükəsizliyə verdiyi töhfəyə görə o, Birləşmiş Ərəb Əmirlikləri tərəfindən nüfuzlu “Zayed İnsan Qardaşlığı Mükafatı”na layiq görülüb ki, bu günlərdə də onun təntənəli təqdimat mərasimi olacaq”.

Deputat əlavə edib ki, əgər Ermənistana yüklər Azərbaycan üzərindən daşınırsa, Azərbaycandan da Ermənistana Qazaxdan keçən, o cümlədən Sədərəkdən İrəvana gedən dəmir yol xəttini biz özümüz bərpa edə bilərik:

“Hazırda Türkiyə ilə Ermənistan arasında da mart ayına qədər yolların açılmasından söhbət gedir. Naxçıvanın sürətli inkişafını təmin etmək üçün Naxçıvana dəmir yolu xətti olmalıdır, dəmir yolu ilə yüklər daşınmalıdır və biz də Ermənistan üzərindən Naxçıvana yük daşıya bilməliyik. Zəngəzur dəhlizinin, yəni TRIPP layihəsinin həyata keçirilməsi üçün cənab Prezident söylədi ki, 3 il vaxt lazımdır.

Bundan başqa, Qarsdan, yəni Türkiyədən Naxçıvana çəkilən dəmir yol xətti də təqribən bu qədər vaxt alacaq. Amma biz Ermənistanla dəmir yol xəttini qısa bir müddətdə bərpa edə bilərik və düşünürəm ki, hökumət bu istiqamətdə müəyyən addımlar atmalıdır.

Bundan başqa, Azərbaycan Ermənistanda sülh sazişinin imzlanmasına sadiq olan indiki hakimiyyətə öz dəstəyini ifadə edib. Əslində, bu xətlərin açılması, onlara yanacaq satılması imkan verir ki, Ermənistanda həm də yanacağın qiyməti aşağı düşsün, özü də əhəmiyyətli dərəcədə, 15 faizdən 20 faizə qədər. Əgər belə bir işlər görülürsə, o zaman düşünürəm, biz Ermənistandan tələb edə bilərik ki, Ermənistan əgər öz üzərinə öhdəlik götürərsə ki o, gələcəkdə öz konstitusiyasını dəyişəcək və orada Azərbaycana qarşı ərazi iddiası kimi qəbul olunan müddəaları çıxaracaq, onda biz konstitusiya dəyişikliyini gözləmədən Ermənistandakı növbəti seçkilərə, yəni bu ilin iyun ayına qədər sülh sazişini imzalaya bilərik. Bu da sülhə və sülhpərvər qüvvələrin Ermənistan dövlətini, xalqını təmsil etməsinə geniş imkanlar yaradar”./Musavat.com

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью