Xalq qazeti portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Dünən ADA Universiteti, Kənd Təsərrüfatı Nazirliyi və BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) birgə təşkilatçılığı ilə “Ümumdünya Qida Günü 2026” adlı toplantı keçirilib.
ADA Universitetinin prorektoru Fariz İsmayılzadə FAO nümayəndələrini təşkilatın yaranmasının ildönümü və əldə olunmuş nailiyyətlər münasibətilə təbrik edib, gələcəkdə tərəfdaşlığın daha da genişlənəcəyinə ümidvar olduğunu vurğulayıb. Toplantının innovasiyalara, texnologiyalara və elmi tədqiqatların kənd təsərrüfatı və ərzaq sahələrinə töhfəsinə həsr olunmasını yüksək qiymətləndirib. Onun sözlərinə görə, innovasiyalar, yeni texnologiyalar və elmi tədqiqatlar Azərbaycanın kənd təsərrüfatı sektorunun daha güclü və qabaqcıl olmasına töhfə verə bilər.
Bugünkü müzakirələrin yeni dostluqların və əlaqələrin yaranmasına imkan verəcəyinə əminliyini bildirən prorektor deyib ki, birgə əməkdaşlıq şəraitində Azərbaycanı və onun kənd təsərrüfatı sektorunu daha güclü, daha firavan və daha qabaqcıl edə bilərik. Bu baxımdan ADA Universitetinin nəzdində fəaliyyət göstərən İtaliya – Azərbaycan Universitetinin iqtisadiyyatımız üçün lazımi kadrlar hazırlayacağına əminlik ifadə olunub.
Kənd təsərrüfatı naziri Məcnun Məmmədov bildirib ki, Azərbaycanın aqrar sektorunda məqsəd təkcə istehsalın həcmini artırmaq deyil, həm də resurslardan səmərəli istifadə etməkdir. Qeyd olunub ki, Prezident İlham Əliyevin 25 may 2026-cı il tarixli sərəncamı ilə təsdiqlənmiş müvafiq Dövlət Proqramı aqrar sahənin 2026–2030-cu illər üzrə inkişafının strateji istiqamətlərini müəyyənləşdirir.
Proqramda resurslardan səmərəli istifadə, rəqəmsallaşma, rəqabətqabiliyyətli və iqlimə davamlı məhsul istehsalı, eləcə də intensiv təsərrüfatçılığın inkişafının prioritet kimi nəzərdə tutulduğunu diqqətə çatdıran nazirin sözlərinə görə, süni intellektin, məlumatlara əsaslanan təhlil və erkən xəbərdarlıq sistemlərinin tətbiqi bu məqsədlərə çatmaqda mühüm rol oynayır.
Nazir Dövlət Proqramının məqsədlərinə nail olunması üçün beynəlxalq təşkilatlarla, eləcə də qabaqcıl aqrar təcrübəyə malik ölkələrlə əməkdaşlığın dərinləşdirilməsi, müasir texnologiyaların və biliklərin mübadiləsi, birgə tədqiqatların həyata keçirilməsinin əsas prioritetlərdən olduğunu diqqətə çatdırıb.
Ölkəmizin aqrar sektorunda hədəf məhsuldarlığın və fermer gəlirlərinin artırılması, kənd yerlərində həyat səviyyəsinin yüksəldilməsindən ibarət olduğunu bildirən M.Məmmədov bildirib ki, aqrar transformasiyanın uğuru yeni texnologiyaların tətbiqi ilə yanaşı, fermerlərin biliklərinin və bacarıqlarının artırılmasından, müasir həllərə çıxışının genişləndirilməsindən və kiçik təsərrüfatların innovasiyalardan faydalanmasından asılıdır.
Nazir bu il 81 yaşını qeyd edən BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatına təbriklərini çatdıraraq ərzaq və qida təhlükəsizliyinin təmin olunması istiqamətində Azərbaycanla FAO arasında əməkdaşlıq uğurla davam etdirildiyini vurğulayıb.
BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının Azərbaycandakı rezident-nümayəndəsi Muhammad Nasar Hayat hazırda dünya əhalisinin, təxminən, üçdə biri sağlam qidalanmaq imkanından məhrum olduğunu bildirib. Onun sözlərinə görə, bu qlobal çağırışlar Azərbaycanda da kənd təsərrüfatı üçün mühüm suallar doğurur: “Bu gün əsas məsələ fermerlərin sudan daha səmərəli istifadə etməsi, çətin hava şəraitinə uyğunlaşması, məhsullarını qoruyaraq itkiləri azaltması və daha əlverişli bazarlar tapmasıdır. Kənd təsərrüfatı Azərbaycan əhalisinin dolanışığında mərkəzi rol oynayır. İstər ovalıqlardakı taxılçılıq, istər digər bölgələrdəki meyvə-tərəvəz və fındıqçılıq olsun, fermerlər müxtəlif şəraitlərdə çalışsalar da, onlar məhdud su resursları, artan istehsal xərcləri və iqlim dəyişikliyinin mənfi təsirləri ilə bağlı oxşar çətinliklərlə qarşılaşırılar”.
Milli Məclisin deputatı və BMT-nin İqlim Dəyişikliyi üzrə Yüksək Səviyyəli Çempionu Nigar Arpadarai çıxışında qeyd edib ki, Azərbaycan üçün ərzaq təhlükəsizliyi su ehtiyatlarından səmərəli istifadə, fermerlərə dəstək və kənd təsərrüfatı sahəsinin rəqabət gücünün artırılması ilə bilavasitə əlaqədardır. O qeyd edib ki, ərzaq təhlükəsizliyinə dövlət strategiyası və iqtisadi dözümlülük prizmasından yanaşılmalıdır: “COP29-un iqlim çempionu qismində, mən bunu iqlim fəaliyyətinin ayrılmaz tərkib hissəsi hesab edirəm. Bu gündəliklər bir-birindən təcrid olunmuş deyil, onlar mahiyyətcə bir-birinə bağlıdır. Ərzaq təhlükəsizliyi iqlim təhlükəsizliyi deməkdir və iqlim dayanıqlılığı həyatımızı təmin edən sistemlərdən başlanmalıdır”.
Azərbaycanın təcrübəsi bu qarşılıqlı əlaqəni olduqca aydın şəkildə ortaya qoyduğunu vurğulayan N.Arpadarai qeyd edib ki, ölkəmiz kənd təsərrüfatı ənənələri, rəngarəng coğrafi landşaftları və möhkəm kənd istehsal mədəniyyəti baxımından zəngin potensiala malikdir. Onun sözlərinə görə, kənd təsərrüfatı bölgələrimizdə insanların güzəranını və icma həyatını dəstəkləyir, bununla belə, qarşıya su çatışmazlığı, torpaq deqradasiyası, havanın istiləşməsi və kənd təsərrüfatı məhsuldarlığına artan təzyiq kimi ciddi problemlər və çətinliklər çıxır.
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli ölkəmizdə qida təhlükəsizliyi sahəsində rəqəmsallaşmanın xüsusi əhəmiyyətinə diqqət çəkərək bildirib ki, bu, idxal-ixrac əməliyyatlarında məlumat mübadiləsinin sürətləndirilməsi, prosedurların sadələşdirilməsinin və şəffaflaşdırılmasının artırılmasına imkan yaradır. Hazırda Azərbaycan məhsullarının dünyanın 70-dən çox ölkəsinə ixrac olunduğunu vurğulayan AQTA sədrinin sözlərinə görə, rəqəmsallaşma, sadəcə olaraq, hər hansı bir elektron xidmətlərin sayının artırılması demək deyil. Əsas odur ki, məhsulun mənşəyini izləyə bilək, təhlükəni vaxtında müəyyən edək və düzgün qərarı gecikmədən verək. İstəyirik ki, istehlakçı aldığı məhsulun təhlükəsizliyinə əmin olsun, fermer və sahibkar isə əməyinin nəticəsini daha geniş bazarlara çatdıra bilsin.
Qarşıdakı dövrdə bu məqsədlərə çatmaq üçün mühüm imkanların olduğunu diqqətə çatdıran Q.Təhməzli deyib ki, 2027-2032-ci illər üçün qida təhlükəsizliyinə dair dövlət proqramı çərçivəsində qida məhsullarının istehsaldan son istehlak mərhələsinədək izlənilməsi, dövlət qurumları arasında məlumat mübadiləsinin genişləndirilməsi nəzərdə tutulur.
Mirbağır YAQUBZADƏ
XQ