Ərzaq inflyasiyasının yüksəlməsi sosial qrupların alıcılıq gücünü azaldır Ekspertdən XƏBƏRDARLIQ

23.01.2026

Redaktor.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında deputat Əli Məsimli deyib ki, 2023-cü ilə qədər yaşayış minimum ehtiyac meyarından aşağı idi, lakin 2023-dən sonra bərabərləşdi. Millət vəkili qeyd edib ki, yaşayış minimumu və ehtiyac meyarı aztəminatlı ailələrə aid məsələdir və bunun böyük hissəsi ərzağa gedir, ərzaq inflyasiyası da yüksək olduğuna görə söhbət artımdan yox, kompensasiyadan gedir.

Bununla bağlı Redaktor.az-a açıqlamasında iqtisadçı ekspert Rəşad Həsənov yaşayış minimumu və ehtiyac meyarının hesablanması prosesində ciddi metodoloji problemlərin mövcud olduğunu bildirdi.

Onun sözlərinə görə, bu indikatorlar ildə bir dəfə, büdcə prosesi çərçivəsində müəyyən edilir və əsasən Nazirlər Kabineti tərəfindən təsdiqlənmiş istehlak səbətinə əsaslanır.

Rəşad Həsənov vurğuladı ki, istehlak səbətinin strukturu – oradakı qida, qeyri-qida məhsulları və xidmətlər, onların adambaşına düşən həcmi və qiymətlərin proqnozu – indikatorların düzgün hesablanmasında əsas rol oynayır.

“Əgər qiymət artımları düzgün proqnozlaşdırılmasa və istehlak səbətinin strukturu dövrün tələblərinə uyğun yenilənməzsə, hesablanmış yaşayış minimumu həqiqəti əks etdirmir. Məsələn, Azərbaycanda istehlak səbətinin son strukturu 2016-cı ildən bəri dəyişməyib və hələ də gün ərzində internet istifadəsi bir saat kimi nəzərdə tutulur”, – deyə ekspert bildirdi.

O əlavə etdi ki, bir çox xərclər, məsələn təhsil və səhiyyə, faktiki olaraq ailələr tərəfindən ödənilir, amma indikatorlarda nəzərə alınmır:

"Bununla yanaşı, qida məhsullarının seçimi real kalori ehtiyacını ödəməyə kifayət etmir və ərzaq inflyasiyasının yüksəlməsi sosial qrupların alıcılıq gücünü azaldır. 2026-cı ildə ərzağın təxminən 9% bahalaşacağı gözlənilir ki, bu da nominal artımı real artıma çevirmir".

Ekspertin sözlərinə görə, 2026-cı il üçün yaşayış minimumu 15 manat artırılıb ki, bu da 5,2% nominal artım deməkdir.

"Amma Mərkəzi Bankın proqnozuna görə inflyasiya 5,7%-dir və həssas sosial qruplar üçün əslində hiss edilən inflyasiya daha yüksəkdir. Nominal artım yalnız qiymət artımlarının kompensasiyasını nəzərdə tutur. Real artım üçün istehlak səbətinin strukturu, mal və xidmətlərin tərkibi və adambaşına düşən həcm yenilənməlidir. Bu istiqamətdə təkmilləşdirmələr aparılarsa, yaşayış minimumu və ehtiyac meyarı real vəziyyətə yaxınlaşdırıla bilər”, – deyə Rəşad Həsənov əlavə etdi.

Aminə ŞAHSUVARQIZI

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью