Icma.az bildirir, Bakivaxti portalına istinadən.
ABŞ-nin sabiq müdafiə naziri və Mərkəzi Kəşfiyyat İdarəsinin sabiq direktoru Leon Panetta ABŞ və İran arasında silahlı gərginlikdən danışıb. O qeyd edib ki, münaqişə daha 6 ay davam edə bilər. Panettanın sözlərinə görə, ABŞ və İran hazırda ciddi dalana dirənib və müharibəni başa çatdırmaq üçün imkanlar çox məhduddur.
O, Donald Tramp administrasiyasının Yaxın Şərqdə daimi müharibəyə cəlb olunmasından ehtiyat edir və bunun İraq və Əfqanıstandakı müharibələrə bənzər növbəti uğursuzluqla nəticələnə biləcəyini düşünür. Bu proqnoz iqtisadi müzakirələrə yol açıb.
Maraqlıdır, növbəti 6 ay müddətində dünya və Azərbaycan iqtisadiyyatını hansı risklər gözləyir?
Bakıvaxtı.az-ın sualını cavablandıran iqtisad-elmləri doktoru, professor Zahid Məmmədov qeyd edib ki, belə olacağı halda bir neçə sahədə risklər gözlənilir. Onun fikrincə, ən böyük risk neft şokudur.
Z.Məmmədov bildirib ki, Hörmüz boğazı qlobal enerji sisteminin kritik keçidlərindən biridir:
"Münaqişənin davam etməsi neft qiymətini artıra bilər. Asiya bazarının 90 faizi Hörmüz boğazından asılıdr. Neftin qiyməti 90-100 dollar arası olarsa, inflyasiya təzyiqi güclənəcək. 120 dollara qalxarsa, qlobal artım ciddi zəifləyə bilər. 150 dollara yaxın artım olarsa, artıq ciddi staqflyasiya ssenarisi yarana bilər. Neft bahalaşanda, kənd təsərrüfatı məhsulları, logistika və istehsal xərcləri bahalaşır. Ərzaq və xidmətlərin qiyməti yüksəlir. İqtisadi artım zəifləyir inflyasiya artır. Yüksək inflyasiya, yüksək faiz dərəcəsi zəif iqtisadi artım staqflyasiyaya yol açacaqdır. Əlbəttə, müharibənin uzanması investorlara da mənfi təsir göstərir. Bu hal ərzaq və logistika şokunu gücləndirə bilər”.
Zahid Məmmədov: Müharibənin uzanması ərzaq və logistika şokunu gücləndirə bilər
Professor diqqətə çatdırıb ki, neft qiymətlərinin artması iqtiadiyyatın güclənməsi anlamına gəlmir:
“Neftimiz bahalaşır, büdcəyə pul gəlir, amma Azərbaycanın idxal etdiyi məhsulların da qiyməti artır. Əlbəttə, inflyasiya öz təzyiqini göstərə bilər. Yəni insanların alıcılıq qabiliyyəti aşağı düşür. Dərman və ərzaq məhsullarının qiyməti yüksəlir. Ona görə də burada maraqlı paradoksallar var. Neft gəlirləri büdcəmizi gücləndirir, amma logistika xərclərimizi, regional iqtisadi riski də yüksəldir”.
Aydın Baxış