ƏSA Teatrı 10 illik yubileyini qeyd edir

03.09.2026

Gununsesi portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Azərbaycanın əlilliyi olan və olmayan aktyorlardan ibarət inklüziv ƏSA Teatrının yaranmasından 10 il ötür.

Gununsesi.info xəbər verir ki, bu barədə teatrının rəsmi səhifəsində paylaşım edilib.

” 3 sentyabr — ƏSA Teatrının 10 illik yubileyidir!

Bu gün sadəcə bir teatrın deyil, bir arzunun, mübarizənin, inamın və böyük sevginin yubileyini qeyd edirik. 

2016-cı ildə Nihad Qulamzadə tərəfindən təsis olunan ƏSA Teatrı ötən 10 il ərzində 13 tamaşa, 4 performans və onlarla rəqəmsal layihə ərsəyə gətirib, Azərbaycanı həm ölkə daxilində, həm də beynəlxalq arenada layiqincə təmsil edib. 

Qafqazın ilk inklüziv teatrı olaraq 10 il ərzində fəaliyyətimizi fasiləsiz davam etdirmişik. Hətta pandemiyanın ən çətin günlərində belə səhnədən və sənətdən uzaqlaşmamışıq. Məhz həmin dövrdə ƏSA Teatrı respublika üzrə keçirilən teatr festivalında birinci yerə layiq görülərək öz tarixinin ən böyük uğurlarından birinə imza atıb. 

Əlbəttə, bu yol həmişə asan olmayıb. Böyük maneələr, çətinliklər, bəzən isə ümidsizliklə üz-üzə qalmışıq. Amma teatra olan sevgimiz və ƏSA-ya olan inamımız bütün bunlardan daha güclü olub. 

Bu illər ərzində ƏSA Teatrı Azərbaycan teatrında bir sıra yeniliklərə imza atıb, inklüziv incəsənət anlayışının inkişafına töhfə verib, yeni yaradıcı yanaşmalar formalaşdırıb və peşəkar kadrların yetişməsində mühüm rol oynayıb. 

Növbəti böyük hədəflərimizdən biri bu günədək ölkə sərhədlərini aşan uğurlarımızı qlobal səviyyədə davam etdirmək, ölkəmizi daha geniş coğrafiyalarda təmsil etməkdir. ƏSA-nın yaranması və bu günə qədər gəlib çatması kimi, bu hədəf də sadəcə gözəl bir arzu kimi görünə bilər amma biz bu hədəfə də çatacağımıza inanırıq.

Ümid edirik ki, qarşıdakı illərdə artıq 10 ildir özəl təşəbbüslə fəaliyyət göstərən ƏSA Teatrı layiq olduğu statusu əldə edəcək, kollektivimizin yaradıcılıq fəaliyyətini davamlı şəkildə inkişaf etdirməsi üçün daha dayanıqlı şərait yaranacaq. 

Bu mötəbər gün münasibətilə ƏSA Teatrının bütün kollektivini, bu 10 illik yolun hər bir parçasına çevrilən sənətçiləri, əməkdaşları, tərəfdaşları və dostlarımızı ürəkdən təbrik edirik! 

Və ən əsası…

Bu 10 il ərzində bizimlə birlikdə olan bütün tamaşaçılarımıza sonsuz təşəkkürlərimizi bildiririk!

10 il əvvəl 20 m²-lik bir otaqda başlayan hekayə bu gün böyük səhnələrdə davam edir.

ƏSA Teatrı 10 yaşında!

Və hekayəmiz hələ yenicə başlayır. “

Bu əlamətdar gün münasibətilə bizdə başda ƏSA Teatrının təsisçisi Nihad Qulamzadə olmaqla bütün kollektivi təbrik edir, yaradıcılıq uğurları arzulayırıq!”

Məmmədova İlhamə

Gununsesi.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью