Icma.az, futbolpress-az saytına istinadən bildirir.
“Sumqayıt” Futbol Akademiyasının direktoru Adil Şükürov Gürcüstanda işgüzar səfərdə olub.
O, “Dinamo” (Tbilisi) klubunun akademiya direktoru Vaxo Yaqoraşvili ilə görüşüb.
Şükürovla Gürcüstan təəssüratları ilə bağlı danışdıq:
“Düşünürəm ki, faydalı səfər oldu. Mənə maraqlı olan suallar var idi ki, cavablarını canlı olaraq gördüm”.
– Gürcüstanlı bir çox gənc futbolçu Avropanın TOP-5 ölkələrinə yollanır. Bu tendensiya klubların skautinq işiylə bağlıdır, yoxsa akademiyaların əməyidir?
– Bu gün bütün akademiyaların əsas məqsədi A komandasına keyfiyyətli futbolçu yetişdirməkdir. “Dinamo” bu məsələdə çox irəli gedib. Hətta, bu yaxınlarda onlar 19 yaşlı futbolçusunu Almaniya ikinci liqasına transfer edib. Söhbət zamanı akademiyanın direktoru Vaxo İaqoraşvili həmin futbolçunun əsas komandada heç bir oyuna çıxmadığını bildirdi. Onu UEFA Gənclər Liqasında, U-19 komandasında görüb, bəyəniblər. Skautlar artıq Gürcüstan klublarını diqqətdə saxlayır.
– Gürcüstan klub futbolunda bizdən geridədir, amma yığmaları öndə. Bu, nə ilə bağlıdır?
– Ümumiyyətlə Gürcüstanda daha çox yerli futbolçuların legioner həyatı yaşamasına üstünlük verilir. Bu prosesə uşaq yaşlarından başlanılır. Əvvəlcə komandalar çoxlu beynəlxalq turnirlərdə iştirak edirlər. Onlara legioner olmağın üstünlüklərindən bəhs olunur. Sonra futbolçuların qarşısına məqsəd qoyurlar: Avropaya yol açmaq, böyük klublarda çıxış etmək. Proses bu istiqamətdə davam edir və nəticədə demək olar ki, istədiklərinə nail olurlar. Eyni zamanda onlar Avropa klubları ilə çoxlu əməkdaşlıq edirlər.
– Biz bu səviyyəyə çatmaq üçün nə etməliyik?
– Yuxarıda qeyd etdiyim kimi, bu məsələ bir-iki ilin içində həll olunacaq iş deyil. İlk növbədə klublar xarici akademiyalar əməkdaşlıq əlaqələri qurmalıdır. Eyni zamanda, komandaların beynəlxalq turnirlərdə mütəmadi iştirakı təmin olunmalıdır. Bu yarışlarda xarici skautlarla əlaqə yaratmalı, onları əməkdaşlığa cəlb edə bilməlidirlər.
– Gələcəkdə belə səfərlər yenidən planlaşdırırsınızmı?
– Bildiyiniz kimi, “Sumqayıt” da akademiya yetirmələrinin A komandada çıxışına önəm verən klublardandır. Bu məsələyə klubun prezidenti Riyad müəllim şəxsən nəzarət edir. Komandaların məşqçilərinin qarşısına konkret hədəflər qoyulur. Buna görə də akademiyadan əsas komandaya ən çox oyunçu göndərən klublardan biri olmuşuq. Riad müəllimin akademiya qarşısında müəyyənləşdirdiyi əsas hədəf yerli futbolçuların inkişafını sürətləndirməkdir. Bu istiqamətdə vacib hesab olunan işlərə şəxsən nəzarət edir və lazımi dəstəyi göstərir. Sualınıza gəlincə, bu cür səfərlər nəzərdə tutulub. Klubumuzla eyni strategiyada olan bəzi komandalarla da danışıqlar aparılır.
Şahin Cəfərov
Yazı Azərbaycan Respublikası Media və Yayım Şurasının maliyyə dəstəyi ilə hazırlanıb.
Sahə: Uşaq və gənclərin fiziki və mənəvi inkişafında idmanın rolu.