“Əsas məsələ əldə olunan təcrübədən düzgün nəticə çıxarmaqdır”

28.10.2026

Icma.az, futbolpress-az saytına istinadən bildirir.

Bakıda FIFA U-15 dünya çempionatı və futbol festivalı davam edir. 189 ölkənin iştirak etdiyi turnirə oktyabrın 30-da yekun vurulacaq.

“Sabah” klubunun U-15 komandasının məşqçisi Savalan Əlizadə mundialla bağlı “Futbolpress.az“ın suallarını cavablandırdı:

– Turnirlə bağlı fikirləriniz nələrdir?
– İlk növbədə, belə mötəbər turnirin Azərbaycanda təşkil olunmasını çox müsbət qiymətləndirirəm. Yeniyetmə futbolçuların müxtəlif ölkələrdən olan həmyaşıdları ilə qarşılaşması, fərqli futbol məktəblərini və oyun üslublarını yaxından tanıması onların inkişafı baxımından olduqca vacibdir. Bu yaşda əsas məqsəd yalnız nəticə qazanmaq deyil, futbolçuların beynəlxalq oyun təcrübəsini artırmaq, onların texniki, taktiki və psixoloji inkişafına töhfə verməkdir. Turnir həm futbolçular, həm də məşqçilər üçün faydalı təcrübə və bilik mübadiləsi imkanı yaratdı. Ümid edirəm ki, gələcəkdə də ölkəmizdə bu səviyyəli yarışların keçirilməsi ənənə halını alacaq.

– Azərbaycan yığması qrupda üçüncü oldu. Nəticələri necə dəyərləndirirsiniz?
– Yeniyetmə futbolunda nəticələri qiymətləndirərkən yalnız turnir cədvəlindəki mövqeyə əsaslanmaq düzgün olmazdı. Əlbəttə, hər bir komanda meydana qələbə qazanmaq üçün çıxır. Ancaq U-15 yaş kateqoriyasında əsas prioritet futbolçuların fərdi inkişafı, beynəlxalq rəqabət mühitinə uyğunlaşması və qazandıqları təcrübədir. Azərbaycan millisinin qrupda üçüncü yeri tutmasına da bu baxımdan yanaşmaq lazımdır. Belə turnirlər futbolçularımızın güclü və inkişaf etdirilməli tərəflərini müəyyənləşdirmək üçün yaxşı imkandır. Məşqçilər korpusu üçün də bu oyunların təhlili gələcək hazırlıq prosesinin düzgün qurulmasında mühüm rol oynayacaq. Əsas məsələ əldə olunan təcrübədən düzgün nəticə çıxarmaq və futbolçuların inkişafını davamlı şəkildə təmin etməkdir.

– Bakının belə turnirə ev sahibliyi etməsi futbolumuza nələri qazandıracaq?
– Bu cür beynəlxalq turnirlərin ölkəmizdə keçirilməsinin Azərbaycan futbolu üçün bir neçə mühüm üstünlüyü var. İlk növbədə, gənc futbolçularımız öz ölkələrində beynəlxalq səviyyəli rəqabət mühitində iştirak etmək imkanı qazanırlar. Bu, onların həm futbolçu kimi formalaşmasına, həm də özünəinamının artmasına müsbət təsir göstərir.

Digər tərəfdən, belə yarışlar yerli məşqçilərə müxtəlif ölkələrin futbol məktəblərini, oyun fəlsəfəsini və futbolçu hazırlığına yanaşmalarını yaxından müşahidə etmək imkanı yaradır. Bu təcrübənin akademiyalarda tətbiqi gələcəkdə daha keyfiyyətli futbolçuların yetişdirilməsinə kömək edə bilər.

Bundan başqa, turnirin Azərbaycanda keçirilməsi uşaqların futbola marağının artmasına, beynəlxalq əlaqələrin genişlənməsinə və ölkəmizin futbol infrastrukturu ilə təşkilatçılıq imkanlarının nümayiş etdirilməsinə xidmət edir. Düşünürəm ki, bu cür layihələrin davamlı olması Azərbaycan uşaq və yeniyetmə futbolunun inkişafına ciddi töhfə verə bilər.

– Futbol dünyasının bir çox tanınmış simaları Azərbaycana gəlib. Xüsusilə həmkarınız Arsen Vengeri qeyd edərdim. Onunla görüşmək imkanınız oldumu?
– Təəssüf ki, Arsen Venger ilə şəxsən görüşmək və söhbət etmək imkanım olmadı. O, dünya futbolunda böyük təcrübəyə malik, bu idman növünün inkişafına mühüm töhfələr vermiş mütəxəssisdir. Xüsusilə gənc futbolçuların yetişdirilməsi ilə bağlı təcrübəsi çox dəyərlidir. Gələcəkdə onunla görüşmək və fikir mübadiləsi aparmaq imkanım olsa, bundan çox məmnun olaram.

– U-15 yaş kateqoriyasında 8×8 formatı sizcə nə dərəcədə effektlidir?
– Hər bir oyun formatının özünəməxsus xüsusiyyətləri var. 8×8 formatı da futbolçuların müəyyən bacarıqlarını nümayiş etdirməsinə imkan yaradır. Bununla belə, U-15 yaş kateqoriyasında futbolçuların 11×11 formatına uyğunlaşması da mühüm əhəmiyyət daşıyır. Düşünürəm ki, əsas məsələ seçilən formatın futbolçuların inkişaf məqsədlərinə nə dərəcədə uyğun olmasıdır.

Şahin Cəfərov

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью