Cebheinfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Bu il yanvarın 1-nə Azərbaycanda vaxtı keçmiş kreditlərin məbləği 524,5 milyon manat təşkil edib.
Ölkədə problemli kreditlərin məbləği son 1 ildə isə 16,8 % artıb. Ötən ili sonuna vaxtı keçmiş kreditlərin ümumi kredit portfelində xüsusi çəkisi 1,6 % təşkil edib. Bu nisbət ötən il noyabrın sonuna 1,8 %, əvvəlki ilin sonuna isə 1,5 % olub.
Bank kreditləri ilə bağlı yaranan problemlərdən biri də hərbi xidmətə çağırılan şəxslərlə bağlıdır. Belə ki, hərbi xidmətə çağırılmadan öncə bankdan kredit götürən gənclər var. Ancaq hərbi xidmətdə olduğu müddətdə krediti ödəyə bilmir, ailəsinin də ödəniş etmək imkanı olmur.
Azərbaycanda bank kreditləri hərbi biletə uyğun verilə bilərmi?
Məsələ ilə bağlı iqtisadçı-ekspert Əkrəm Həsənov “Cebheinfo.az”-a bildirib ki, bu istiqamətdə qanunda müəyyən dəyişikliyin olması mümkün olsa da, indiyədək həmin sahədə elə bir dəyişiklik yoxdur:
“Hərbi xidmətdə olmaq vətəndaşı kredit öhdəliyinin ödənməsindən azad etmir. Eyni zamanda banklar, bank olmayan kredit təşkilatları kredit verdikdə təbii ki, onu göz önünə alırlar.
Yəqin ki, kredit götürüb hərbi xidmətə gedənlər dedikdə əsasən, burada ali təhsilli şəxslərdən söhbət gedir. Onlar ali təhsil aldıqdan sonra hərbi xidmətə gedir.
Ancaq 18 yaşda olan şəxsə heç kəs kredit verməyəcək. Banklar bir çox hallarda hərbi xidmətə gedəcəyi faktını nəzərə alırlar. Ancaq qanunda bu yoxdur. Qanunla bankların onu dondurma vəzifəsi yoxdur.
Bununla yanaşı hər bir bank, bank olmayan kredit təşkilatı həmin krediti dondurmaqla, vaxt verməklə bağlı özü qərar verir. Ancaq verməyə də bilər. Çünki burada başqa məsələ də var.
Həmin şəxsin ola bilsin ki, zamini var. Bir fakt da var ki, bank öz pulunu vermir. Yəni əmanətçinin pulunu verir. Bank əmanətçiyə gözlə deyə bilməz. Əgər bankdan dondurmaq tələb edilsə, o zaman bank ziyana düşür. Yəni bank özü cəlb etdiyi pula görə, həmin müddət ərzində əmanətçiyə faiz ödəyib, ancaq dondurduğu üçün faiz tələb etmir, dondurub.
Əgər dövlət dondurulmasını tələb etsə, o zaman gərək dövlət öz hesabına faizlər ödəsin. Çünki əks halda bank və bank olmayan kredit təşkilatları ziyana düşmüş olur. Bank hansısa şəxsin hərbi xidmət müddətində fikirləşir ki, kimisə məhkəməyə versə, elə məhkəmə bitənə qədər o şəxs hərbi xidmətdən qayıdacaq.
Ona görə də bank üçün bu, o qədər də əlverişli deyil. Yaxşı olardı ki, belə hallar qanunda daha aydın tənzimlənsin. Tənzimlənsə belə, dövlət banka “tələb et”deyə bilməz. Kredit gecikirsə, bank məcburdur ki, həmin gecikmə üzrə əlavə ehtiyat yaratsın”.
Ekspertin sözlərinə görə, 2020-ci ildə pandemiya zamanı dövlət banklara “tələb etmə” deməyib:
“Sadəcə tövsiyə verdi. Yəni dövlət onu banklardan tələb edə bilmədi. Pandemiya səbəbi bundan da ağır idi ki, insanlar işləmirdilər. Dövlət bunu öz üzərinə götürməlidir. Pandemiya zamanı bəzi ölkələrdə dövlət vətəndaşların kredit ödənişlərini öz üzərinə götürmüşdü ki, bizdə bu baş vermədi.
Əgər bizdə hərbi xidmətlə bağlı belə bir qanun olsa, yaxşı olardı. Çünki o vətəndaş hərbi xidmətdədir və dövlətini qoruyur. Dövlətin də borcudur ki, vətəndaşına kömək etsin. Banklara hərbi xidmətlə bağlı sənədi tələb etməyi heç kim qadağan etmir.
Bu gün də bank onu tələb edə bilər. Qanunda məcburi qaydada bu tələb yoxdur. Yəni bank özünü təhlükələrdən qorumaq üçün müştəridən tələb etdiyi sənədlər sırasında hərbi bileti də tələb edə bilər”.
Nigar Abdullayeva
“Cebheinfo.az”
Açar sözlər: kredit Əkrəm Həsənov
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin