Əsgər ölümündə təqsirləndirilən həkim həbs olunub, 9 min manat təzminat ödəyəcək

18.11.2026

Bakivaxti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Əsgər ölümündə təqsirləndirilən hərbi həkim həbs olunub.

Bakıvaxtı.az apa-ya istinadla xəbər verir ki, Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsinin cərrahiyyə bölməsinin baş ordinatoru N.A-nın cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Füzuli Hərbi Məhkəməsində hakim Əli Süleymanovun sədrliyi ilə keçirilən prosesdə hökm elan edilib. Hökmə əsasən, təqsirləndirilən şəxs 2 il 8 ay müddətinə azadlıqdan məhrum edilib. O, cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkəcək.

Məhkəmə zərərçəkmiş tərəfin mülki iddiasını da təmin edib. Belə ki, təqsirləndirilən şəxs qarşı tərəfə maddi ziyana görə 6 000 manat, mənəvi ziyana görə isə 3 000 manat ödəməlidir.

Qeyd edək ki, hadisə ötən ilin oktyabr ayında baş verib.

Əsgər Əli İbrahimli özünü narahat hiss etdiyindən hərbi hissənin tibb məntəqəsinə müraciət edib. Növbətçi həkim tərəfindən müayinə olunduqdan sonra onda taxikardiya olduğu müəyyən edilib və başqa hərbi hissəyə təxliyə olunub.

Əli İbrahimli həmin hərbi hissənin cərrahiyyə bölməsinin baş ordinatoru N.A.-ya ürəyinin təxminən iki aydır ağrıdığını və tibb məntəqəsində müayinə zamanı onda taxikardiya aşkarlandığını bildirib.

Lakin təqsirləndirilən şəxs bu barədə yuxarı rəislərinə məlumat verməyib. O, “Döş qəfəsində ağrının diferensial diaqnostikası üzrə klinik protokol”un tələblərini pozaraq, müayinələr zamanı aşkar olunan əlamətlərin ürək çatışmazlığı ilə əlaqəli ola biləcəyini nəzərə almayıb, diaqnostika alqoritminə əməl etməyib və şikayətlərin səbəblərini müəyyənləşdirmək üçün diferensial diaqnostika aparmayıb.

Həmçinin zəruri fiziki, laborator və instrumental müayinələr, o cümlədən elektrokardioqrafiya, döş qəfəsinin rentgenoqrafiyası, exokardioqrafiya və kompüter tomoqrafiyası həyata keçirilməyib, qan analizləri aparılmayıb.

Bundan başqa, xəstələrin ilkin klinik müayinəsi, tibbi çeşidlənməsi, müvafiq bölmələrə göndərilməsi və ehtiyac olduqda təxirəsalınmaz tibbi yardımın göstərilməsi ilə bağlı tələblərə də əməl edilməyib. Təqsirləndirilən şəxs öz vəzifə öhdəliklərinə uyğun olaraq Əli İbrahimlinin zəruri müayinələrdən keçirilməsini təmin etməyib, onun hospitalda və ya mülki tibb müəssisəsində müayinə olunması üçün tədbir görməyib.

O, əsgərin yalnız təzyiqini ölçməklə kifayətlənib, əlavə müayinələr aparmadan və taxikardiyanın səbəbini müəyyənləşdirmədən onun səhhətində ciddi problem olmadığı qənaətinə gəlib. İxtisası ilə bağlı çətinlik çəkdiyi halda digər ixtisas həkimlərini də müayinə və diaqnostika prosesinə cəlb etməyib.

Təqsirləndirilən şəxs Əli İbrahimlinin təcili tibbi yardıma ehtiyacı olmasına baxmayaraq, onun barəsində “briqada tibb məntəqəsində nəzarət, xidməti vəzifəsinin icrasından azad olunsun, terapevt müayinəsinə təkrar göndərilsin” rəyi verib və xidmət etdiyi N saylı hərbi hissəyə qaytarılması barədə göstəriş verib.

Hərbi hissəyə qayıtdıqdan qısa müddət sonra Əli İbrahimlinin səhhəti yenidən pisləşib. O, hospitala aparılsa da, həyatını xilas etmək mümkün olmayıb.

Təqsirləndirilən şəxsə qarşı Cinayət Məcəlləsinin 342.1-1-ci (qulluq vəzifəsinə səhlənkar yanaşma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə ittiham irəli sürülüb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью