Banco.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Müəllif: Gülnar Əhmədli, Banco.az
Əsgər gedən zaman şəxs aylıq gəlir əldə etmir. Bu mövzuda ən çox verilən suallardan biri də aliment ödəyən atanın əsgərliyə gedərkən alimenti necə ödəməsidir?
Hüquqi-Sosial Yardım və Maarifləndirmə İctimai Birliyin sədri Fariz Əkbərov Banco.az-a açıqlamasında bildirib ki, alimentin təyin edilməsi, şəxsin aliment ödəməkdən azad edilməsi və aliment borcunun şəxsin əmlakına yönləndirilməsi Azərbaycan Respublikasının Ailə Məcəlləsi ilə tənzimlənir:
"Ailə Məcəlləsinin 75-ci maddəsinə əsasən Valideynlərin uşaqlarını saxlamaq vəzifəsi;
75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar.
75.2. Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər.
75.3. Valideynlər bu Məcəllənin 16-cı fəslinə uyğun olaraq yetkinlik yaşına çatmayan uşaqlarını saxlamaq barədə saziş (aliment ödənilməsi barədə saziş) bağlamaq hüququna malikdirlər.
75.4. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur.
75.5. Aliment ödənilməsi barədə valideynlər arasında saziş olmadıqda, valideynlər (onlardan biri) uşaqları saxlamadıqda və məhkəməyə bu barədə iddia verilmədikdə müvafiq icra hakimiyyəti orqanı yetkinlik yaşına çatmayan uşaqlar üçün aliment tutulması barədə valideynlərə (onlardan birinə) qarşı iddia qaldırmaq hüququna malikdir".
Sədr bildirib ki, Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir:
"Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəfin müraciəti əsasında alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. Yəni alimentin məbləğinin artırılması məhkəməyə müraciət edə bilər. Bu halda məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesindən keçmək lazımdır.
Qanunvericiliyə əsasən, aliment ödənilməsi barədə saziş və ya məhkəmənin qətnaməsi əsasında müəyyən olunmuş miqdarda aliment, habelə aliment üzrə borclar aliment ödəməli olan şəxsin qazancından və ya digər gəlirlərindən tutulur.
Qazanc və ya digər gəlirlər çatışmadıqda aliment onu ödəməli olan şəxsin bankdakı və s. kredit idarələrindəki hesabında olan pul vəsaitindən, eləcə də mülkiyyət hüququnun başqasına verilməsinə səbəb olan müqavilələr istisna olmaqla, müqavilə əsasında kommersiya və qeyri-kommersiya təşkilatlarına verilən pul vəsaitindən mülki prosessual qanunvericilikdə müəyyən olunmuş qaydada tutulur. Bu vəsaitlər çatışmadıqda tələb aliment ödəməli olan şəxsin qanunla tələb yönəldilə bilən başqa əmlakına yönəldilə bilər".
F. Əkbərovun sözlərinə görə, şəxsin aliment ödəməkdən azad edilməsi hallarına gəlincə isə, alimentin ödənilməsi barədə saziş əsasında tutulduqda aliment üzrə borcları ödəməkdən azad edilmə və ya onun miqdarının azaldılması tərəflərin razılığı ilə həyata keçirilə bilər: "Eyni zamanda məhkəmə aliment ödəməli şəxsin iddiası üzrə aliment borcunun şəxsin xəstəliyi və digər üzürlü səbəblərə görə əmələ gəldiyini, ailə və maddi vəziyyətinin bu borcları ödəməyə imkan vermədiyini müəyyən edərsə, onu həmin borcları ödəməkdən tamamilə və ya qismən azad edə bilər".
Bizi sosial şəbəkələrdən izləyin!!