Eşitmə qüsuruna inqilabi həll

17.07.2026

Xalq qazeti saytından alınan məlumata görə, Icma.az bildirir.

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti

Çinin Nankay Universitetinin tədqiqatçıları eşitmə qabiliyyətini itirmiş insanlar üçün ümidverici bir kəşfə imza atıblar. Onlar eşitmə sinirinin funksiyalarını tamamilə təqlid edə bilən, səsi qəbul edib emal edən və birbaşa sinir sisteminə ötürən innovativ biomimetik interfeys hazırlayıblar.

Müasir tibbdə istifadə olunan koxlear implantlar səs dalğalarını elektrik siqnallarına çevirərək zəif eşidən insanlara kömək etsə də, bu cihazlar yalnız eşitmə siniri sağlam olduqda səmərəlidir. Əgər xəstənin eşitmə siniri ciddi şəkildə zədələnibsə və ya ümumiyyətlə yoxdursa, ənənəvi implantlar aciz qalır. Məhz çinli mütəxəssislərin yeni ixtirası bu ciddi tibbi məhdudiyyəti aradan qaldırmaq məqsədi daşıyır.

Yeni yaradılmış bu unikal cihaz təkcə səs dalğalarını tutmaqla kifayətlənmir. O, xüsusi neyromorf alqoritmlər vasitəsilə səsi emal edir, struktura salır və əldə olunan məlumatı heç bir vasitəçi olmadan, birbaşa sinir sisteminə ötürür. Yəni cihaz təbii eşitmə aparatının iş prinsipini tam olaraq təkrarlayır.

Alimlər yeni texnologiyanı eşitmə qabiliyyətini itirmiş dovşanlar üzərində sınaqdan keçiriblər. Nəticələr isə heyrətamiz olub: implantasiya edilmiş heyvanlar nəinki yenidən eşitməyə başlayıb, hətta spesifik səsli komandalara reaksiya verərək tələb olunan hərəkətləri düzgün yerinə yetirə biliblər.

Tədqiqat qrupu gələcəkdə bu texnologiyanı daha da təkmilləşdirməyi planlaşdırır. Lakin inqilabi cihazın xəstəxanalarda kütləvi istifadəsinə başlanmazdan əvvəl uzunmüddətli və əsaslı klinik sınaqlar mərhələsindən keçməsi tələb olunur.

Hazırladı:
Arzu ƏLİYEVA
XQ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью