Əsl futbol izləməyə gəlmişəm

17.08.2026

Icma.az bildirir, futbolpress-az saytına əsaslanaraq.

AFFA və BFF-in təşkilatçılığı ilə yenidən həyata qayıdan “Sabahın Ulduzları”nı yaxından izləyirəm. Dünya səviyyəli açılış, APL klublarının belə bacarmadığı təşkilatçılıq və təqdimat göstərdi ki, Azərbaycanda böyük futbolun olması üçün;

– idarəçilər var
– ⁠xammal/potensial var

Qalır bundan doğru, vicdanla yararlanmaq.

AFFA-nın yeni rəhbərliyinin dəstəklədiyi, təşəbbüs göstərdiyi çoxsaylı layihələr içində özünü ən çox doğruldan məhz bu turnirdir.

Dərinə getmədən, təkcə yarışın yayımı elə heç vaxt olmadığı qədər təqdirəlayiq bir işin ortaya qoyulduğunu əyani göstərir.

Mütəmadi canlı izlədiyim yarışın təbliğatını KİV-lər arasında quran çox azdır.

Niyə?

Gözləyirdim ki, “uşaq futbolumuz” deyib ağzı köpüklənən pafosşünas mütəxəssislər tribunalardan düşməyəcək, amma niyəsə onları da görmürəm.

AFFA-nın baş katibi Cahangir Fərəcullayev dünən də Bayıl stadionunda idi. Həm oyun izlədi, həm də prosesin gedişatı ilə yaxından maraqlandı.

Niyəsə hamıdan çox məşğul ola biləcək baş katib neçənci dəfədir turnirə baş çəkir, amma AFFA-da kreslo isitməkdən başqa nəyəsə yaramayanlar qeybə çəkilib.

Əcəba niyə?

Fərəcullayevlə qısa dialoqumuzda maraqlı fraza işlətdi, “…əsl futbol izləməyə gəlmişəm”.

Bəli, Azərbaycan futbolunun inkişafı üçün yatırılan vəsait dövlətin bu sahəyə ayırdığı diqqət və qayğının sayəsində mümkün olub. Amma təkrar qeyd etməyə gərək var ki, məhz AFFA-dan məsul şəxsləri hələ də oyunların keçirildiyi Bayıl stadionunda görməmişəm. Hələ turnir iştirakçısı olan klubların akademiya direktorları, koordinatorları əksər vaxt oyunlara gəlmir. Halbuki bu turnir “qaynar bulaqdır” və yaxın gələcəyin güclü Azərbaycan millisi üçün ən güclü potensial məhz buradadır.

Bəs siz hardasınız?!

Xatırlayıram, “Sabahın Ulduzları”nın ilk keçirildiyi vaxtlarda – 2010-ların əvvəllərində – PFL-in o vaxtkı rəhbəri Ramin Musayev və iştirakçı klubların hətta prezidentləri belə oyunları canlı izləmək üçün stadiona gəlirdilər.

İndi format və təşkilatçılıq daha yaxşıdır, amma pafos püskürənlərin birini də meydanda görmürük. Deməli, geridə qalan bu müddət ərzində futbolumuzda keyfiyyətli idarəçilikdən çox müftəxorların demoqrafiyası inkişaf edib.

Möhtəşəm aura, əsl futbol bayramı təşkil olunub, özü də ideal səviyyədə. Yaxın gələcəyin milli komandasını formalaşdıracaq pöhrələr oynayır turnirdə. Harda itib-batıb mütəxəssislər?

Üstəlik, turnirə qısqanc yanaşmalar, pəl vurmalar, səviyyəsinə xələl gətirməkçün tülkü kimi hiyləgərliyə gücənənlər…

“Sabahın Ulduzları”nın bütün oyunları yutubdan canlı yayımlanır. Hələ görməmişəm ki, baxdığı oyun haqda hansısa futbol adamı danışsın, yazsın, açıqlama versin.

Azərbaycan futbolunda yaxşı iş çox az görülür, ancaq iş görmədən bəlağətli danışan o qədərdir ki… Bu turnir həm də elələrini saf-çürük edib, fiksasiya olunmuş formada yola davam etməyin labüdlüyünü bizə göstərir.

Elçin Cəlilov

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью