Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Bakı, 31 oktyabr, AZƏRTAC
Azərbaycanın son 35 ildə keçdiyi inkişaf yolu, torpaqlarımızın işğaldan azad olunması, ölkəmizin beynəlxalq nüfuzunun artması və müasir Azərbaycanın qurulması xalqımızda böyük qürur hissi doğurur.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında AMEA-nın vitse-prezidenti vəzifəsini icra edən, AMEA Şərqşünaslıq İnstitutunun direktoru, akademik Gövhər Baxşəliyeva Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışını şərh edərkən deyib.
Akademik bildirib ki, dövlətimizin başçısının çıxışını dinləyərkən görkəmli qırğız yazıçısı Çingiz Aytmatovun “Əsrə bərabər bir gün” romanının adı xatırlanır. Onun sözlərinə görə, Azərbaycanın cəmi 35 ildə keçdiyi tarixi yol, əldə etdiyi nailiyyətlər və bugünkü inkişaf səviyyəsi bu müqayisəni aparmağa əsas verir.
“35 il əvvəl ölkəmiz Birinci Qarabağ müharibəsinin ağır nəticələri ilə üzləşmişdi. Torpaqlarımız işğal olunmuş, bir milyona yaxın insan qaçqın və məcburi köçkün vəziyyətinə düşmüşdü. Bu gün isə Ümummilli Lider Heydər Əliyevin siyasi xəttinin davam etdirilməsi, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin fəaliyyəti və xalqımızın birliyi nəticəsində Azərbaycan böyük Zəfər qazanıb, ölkəmiz hərtərəfli inkişaf yoluna qədəm qoyub”, – deyə Gövhər Baxşəliyeva qeyd edib.
O vurğulayıb ki, Prezident İlham Əliyevin forumdakı çıxışında Azərbaycanın çoxəsrlik multikulturalizm ənənələri, müxtəlif xalqların və millətlərin ölkəmizdə sülh, qarşılıqlı anlaşma və dialoq şəraitində yaşaması xüsusi diqqət çəkir. Azərbaycan mədəniyyətinin müxtəlif xalqlar və mədəniyyətlər arasında körpü rolunu oynaması ölkəmizin beynəlxalq dialoqa verdiyi töhfənin mühüm göstəricisidir.
Akademikin sözlərinə görə, tarixən müxtəlif mədəniyyətlərin və sivilizasiyaların qovuşduğu Azərbaycanda özünəməxsus tolerantlıq mühiti formalaşıb. Xalqımızın dözümlülüyü, barışa və qarşılıqlı anlaşmaya meyli ölkəmizin əsas mənəvi dəyərlərindəndir.
Gövhər Baxşəliyeva bildirib ki, Prezidentin çıxışında milli ideya ətrafında birliyin əhəmiyyəti də ön plana çəkilib. Azərbaycanda milli ideyanın əsasını azərbaycançılıq məfkurəsi təşkil edir. Əvvəllər bu ideyanın mühüm istiqamətlərindən biri işğal altında olan torpaqlarımızın azad edilməsi idisə, bu gün həmin ərazilərdə genişmiqyaslı bərpa və quruculuq işlərinin həyata keçirilməsi, keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıtması əsas prioritetlərdəndir.
Akademik qeyd edib ki, torpaqlarımızın azadlığı şəhidlərimizin canı və qanı, qazilərimizin sağlamlığı bahasına əldə olunub. Hazırda işğaldan azad edilmiş ərazilərlə yanaşı, ölkəmizin bütün bölgələrində inkişaf və quruculuq prosesləri davam etdirilir.
O, Prezident İlham Əliyevin çıxışında təhlükəsizlik məsələlərinə dair səsləndirilən fikirlərə də toxunub. Bildirib ki, dövlətimizin başçısı potensial risklərin, o cümlədən ideoloji təhdidlərin mahiyyətinə diqqət çəkib. İdeoloji risklər fiziki təhlükələr qədər ciddi nəticələr doğura bilər. Bu baxımdan milli-mənəvi dəyərlərin qorunması, cəmiyyətin birliyinin möhkəmləndirilməsi və Konstitusiyada təsbit olunmuş dünyəvi dövlət quruluşunun müdafiəsi mühüm əhəmiyyət daşıyır.
Gövhər Baxşəliyevanın fikrincə, Azərbaycan cəmiyyəti öz tarixi təcrübəsinə, milli dəyərlərinə və dövlətçilik ənənələrinə əsaslanaraq, kənardan yönələn ideoloji təsirlərə qarşı həssas olmalı, milli birliyi və dünyəvi prinsipləri qorumalıdır.
Akademik vurğulayıb ki, Azərbaycanın son 35 ildə əldə etdiyi nailiyyətlər, ilk növbədə, xalqımızın zəhməti, iradəsi və birliyi sayəsində mümkün olub. Onun sözlərinə görə, ölkəmiz dağıntılardan, işğalın ağır nəticələrindən və yoxsulluqdan tərəqqiyə, inkişafa və uğurlara doğru böyük yol keçib.
Akademik bildirib ki, Azərbaycanın xarici siyasətdə qazandığı uğurlar, iqtisadi göstəriciləri, qlobal enerji və nəqliyyat əlaqələrində artan rolu, eləcə də ölkəmizdə mötəbər beynəlxalq tədbirlərin keçirilməsi dövlətimizin beynəlxalq nüfuzunun yüksəldiyini göstərir.
Gövhər Baxşəliyeva Prezident İlham Əliyevin çıxışında Ermənistanla sülh prosesinə və ABŞ-də əldə olunmuş razılaşmaların paraflanmasına dair fikirlərin də mühüm yer tutduğunu qeyd edib. Onun sözlərinə görə, Azərbaycan ərazi bütövlüyünü və suverenliyini bərpa etməklə yanaşı, Cənubi Qafqazda yeni siyasi reallıqların formalaşmasına nail olub.
Akademik əlavə edib ki, Azərbaycanın beynəlxalq münasibətlər sistemində artan mövqeyi, milli maraqlarını qətiyyətlə müdafiə etməsi və sülh gündəliyinə verdiyi töhfələr ölkəmizin gələcək inkişafı üçün mühüm zəmin yaradır.
O, fikirlərini belə yekunlaşdırıb: “Bu gün Azərbaycan cəmiyyəti böyük ruh yüksəkliyi ilə yaşayır. Torpaqlarımızın azad olunması, ölkəmizin Zəfər qazanması, keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıtması və genişmiqyaslı quruculuq işləri yeni, müasir Azərbaycanın formalaşmasının əsas göstəricilərindəndir. Bu proseslər ziyalılar tərəfindən də dəstəklənir. Azərbaycan bu gün inkişaf yolu ilə inamla irəliləyir və xalqımızı qarşıda daha böyük uğurlar gözləyir. Bu yolda xalqımıza və Prezidentimizə yeni nailiyyətlər arzulayıram”.
Müxbir - Tünzalə Arazlı