“Əsrin müqaviləsi” 29 ildir ölkəmizə tarixi töhfələr verir

05.11.2026

Icma.az bildirir, Xalq qazeti saytına əsaslanaraq.

Azərbaycanın iqtisadi müstəqilliyi üçün möhkəm təməl, etibarlı baza yaradan “Əsrin müqaviləsi” çərçivəsində ilkin neft hasilatına başlanmasından 29 il ötür. 1997-ci il noyabrın 7-də “Çıraq-1” platformasından qazılmış ilk quyunun istismara daxil edilməsi ilə ölkəmizdə yeni neft erasının əsası qoyuldu. Sonrakı illərdə isə “Azəri” və “Günəşli” yatağının dərinlikdə yerləşən hissəsində quraşdırılmış nadir “dəmir” adalar neft hasilatının ildən-ilə artmasına gətirib çıxarıb. Beləliklə, ölkəmiz regionun əsas neft istehsalçılarından birinə çevrilib.

Əvvəlki dövrlərdə olduğu kimi, 2026-cı ilin 9 ayında da “Azəri–Çıraq–Günəşli” (AÇG) layihəsi üzrə tikinti-quraşdırma, qazma və hasilatla bağlı əməliyyatlar uğurla davam etdirilib. “bp-Azərbaycan” şirkətinin cari ilin yanvar-sentyabr aylarının nəticələrinə dair hesabatına əsasən, konsorsium iştirakçıları tərəfindən AÇG layihəsinin əməliyyat tədbirlərinə, təqribən, 401 milyon dollar, əsaslı məsrəflərinə isə 1 milyard 88 milyon dollar dollar xərclənib.

Cari ilin 3-cü rübündə AÇG yatağında aparılan 4-ölçülü yüksək dəqiqlikli dənizdibi qovşaqlarla seysmik tədqiqat proqramı çərçivəsində 2025-ci ildə əldə olunmuş məlumatların interpretasiyası və inteqrasiyası davam etdirilib. Bununla yanaşı, “Günəşli” yatağının dərinlikdə yerləşən hissəsində isə çoxquyulu sualtı müdaxilə proqramı təhlükəsiz şəkildə və qrafiki qabaqlayaraq tamamlanıb. Proqram çərçivəsində ənənəvi üsullarla müdaxilə işlərinin aparılması çətin hesab olunan 7 sualtı quyuda müdaxilə əməliyyatları uğurla həyata keçirilib.

Hesabat dövründə “Mərkəzi Azəri” platformasında həyata keçirilən qaz genişləndirilməsi layihəsi də uğurla yekunlaşdırılıb. Nəticədə, platformada qazın yenidən laylara vurulma gücü 20 faiz artırılıb ki, bu da mövcud quyulardan neftverməni maksimuma çatdırmağa kömək edəcək. Eyni zamanda, platformadakı mövcud 4 qazvurma kompressoru əsaslı şəkildə modernləşdirilib. Bütün bu işlər platformadakı əməliyyatların fasiləsizliyi təmin olunaraq, yəni hasilatın dayandırılmasına və məşəldə əlavə qazın yandırılmasına ehtiyac olmadan yerinə yetirilib.

2026-cı ilin 3-cü rübü ərzində AÇG-dən neft və qazın hasilatı sabit, təhlükəsiz və etibarlı şəkildə davam etdirilib. Hesabata əsasən, sentyabr ayının sonunda AÇG-də, ümumilikdə, 154 neft hasilat quyusu, 50 su injektor quyusu və 11 qaz injektor quyusu istismarda olub. İlin əvvəlindən müqavilə sahəsində 7 hasilat platforması vasitəsilə gündə orta hesabla 320 min barel və ya ümumilikdə, təxminən, 87 milyon barel, yəni 12 milyon ton neft çıxarılıb. Ümumi hasilatın 18 min 800 bareli “Çıraq”, 84 min 600 bareli “Mərkəzi Azəri”, 72 min bareli “Qərbi Azəri”, 45 min 700 bareli “Şərqi Azəri”, 46 min 700 bareli “Dərinsulu Günəşli”, 25 min 300 bareli “Qərbi Çıraq” və 26 min 900 bareli “Azəri-Mərkəzi-Şərqi” platformalarının payına düşüb.

AÇG-nin illik iş proqramının bir hissəsi olaraq avqust ayında “Mərkəzi Azəri” platformasında planlaşdırılmış profilaktik işlər proqramı həyata keçirilib. Proqram üzrə nəzərdə tutulmuş profilaktik işlər, inspeksiya və layihə işlərinin effektiv şəkildə aparılması üçün platformadan hasilat, təxminən, 6 gün ərzində bir qədər azaldılsa da, tam dayandırılmayıb. Hazırda platformalarda tətbiq olunan qabaqcıl texnologiyalar profilaktik işlər zamanı hasilatı təhlükəsiz şəkildə davam etdirməyə imkan verir. Yeni texnologiyaların tətbiqi profilaktik işlər zamanı əməliyyatları təhlükəsiz və etibarlı şəkildə həyata keçirməyə imkan verməklə hasilata təsirləri minimuma endirməyə kömək edir.

AÇG-də neft hasilatının sabit saxlanılması məqsədilə konsorsium iştirakçıları tərəfindən qazma əməliyyatları da nəzərdə tutulmuş qrafikə uyğun davam etdirilib. Cari ilin yanvar-sentyabr aylarında “Azəri-Çıraq-Günəşli” yataqlar blokunda 12 neft hasilatı quyusu, 3 su injektoru və 2 qaz injektoru quyusu qazılıb. “Şərqi Azəri” platformasından qazılmış D18Z neft hasilatı quyusu isə ən uzun lay təmasına malik quyu olmaqla AÇG layihəsi üçün tarixi nailiyyət sayıla bilər. Belə ki, sözügedən quyuda 2 min metrdən artıq uzunluqda açıq lülə hissəsi qazılıb ki, bunun da 1500 metrdən çoxu hədəf məhsuldar layın daxilində qum hissəsindən keçib. Bu nailiyyət AÇG yatağından əlavə dəyərin üzə çıxarılmasında qabaqcıl seysmik görüntüləmə, qazma və tamamlama texnologiyalarının rolunu bir daha vurğulayır.

Məlum olduğu kimi, “Əsrin müqaviləsi”nin şərtlərinə əsasən, AÇG-dən neftlə bərabər çıxarılan səmt qazı təmənnasız olaraq Azərbaycan dövlətinə çatır. Bu ilin 9 ayında də AÇG-dən Azərbaycan dövlətinə əsasən Səngəçal terminalından, eləcə də “Neft daşları”ndakı qurğu vasitəsilə gündə orta hesabla 9 milyon kubmetr, ümumilikdə isə, 2 milyard kubmetr səmt qazı Azərbaycanın qazpaylama siteminə təhvil verilib. Hasil edilən səmt qazının qalan hissəsi isə təzyiqi saxlamaq məqsədilə yenidən kollektora vurulub.

“Əsrin müqaviləsi”nin ən mühüm nailiyyətlərindən biri də “Azəri-Çıraq-Günəşli” yataqlar blokunun hazırda işlənmədə olan neft laylarının altındakı sərbəst təbii qaz ehtiyatlarının işlənməyə cəlb edilməsi ilə bağlıdır. Məlum olduğu kimi, 2026-cı ilin birinci yarısında AÇG-də sərbəst təbii qaz hasilatına start verilib. İlk sərbəst təbii qaz hasilatı əməliyyatları isə 2025-ci ildə qazılmış və hazırda hasilatda olan neft laylarının altında yerləşən iki prioritet layı – daha dayaz “Qırmakıüstü qumlu” və daha dərin “Qırmakıaltı qumlu” lay dəstlərini hədəfləyən ilk hasilat quyusunda başlanıb. Bununla da, dünyanın ən böyük neft yataqlarından biri olan AÇG ilk kommersiya qaz hasilatı əməliyyatları mərhələsinə qədəm qoyub.

Qeyd edək ki, ilk quyu “Qırmakıüstü qumlu” lay dəstində qaz ehtiyatlarının mövcudluğunu təsdiqləyib, “Qırmakıaltı qumlu” lay dəstində isə yüksək təzyiqli qaz ehtiyatlarının mövcudluğunu aşkar edib. STQ hasilatı əməliyyatları hazırda “Qırmakıaltı qumlu” lay dəstində davam edir və ilkin dövr hasilatı olmaqla yanaşı, həmçinin quyuda və lay dəstində sınaq işlərinin aparılmasını da əhatə edir. Quyudan hasil edilən qaz və kondensat, neft və qaz işlənməsi sistemlərinin inteqrasiyası yolu ilə mövcud AÇG infrastrukturundan istifadə etməklə Səngəçal terminalına nəql olunur ki, bu da mövcud dəniz obyektlərindən səmərəli istifadəyə imkan yaradır.

Bundan əlavə, “Dərinsulu Günəşli” platformasından sərbəst təbii qaz laylarının neft ehtiyatlarını hədəfləyən bir hasilat quyusu qazılıb və plana uyğun olaraq cari ilin 3-cü rübünün sonunda işə salınıb. Həmin quyudan əlavə qiymətləndirmə məlumatlarının əldə olunması da gözlənilir ki, bu da sərbəst təbii qaz laylarında gələcək işlənmə imkanlarının dəyərləndirilməsinə kömək edəcək.

Mirbağır YAQUBZADƏ
XQ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью