Əsrlərdən nəsillərə yadigar Gəncə kəlağayısı

26.11.2026

Icma.az xəbər verir, Xalq qazeti saytına əsaslanaraq.

Biz tərəflərdə elə ev olmazdı ki, orada sandıq olmasın. Bu sandıqlarda nələr saxlanmazdı… Bir az cehiz, bir az yadigar əşyalar, köhnə şəkillər, illərin saraltdığı məktublar, bir də səliqə ilə qatlanıb qoyulmuş kəlağayılar. Hərəsinin öz tarixçəsi var idi. Biri gəlin köçəndə gətirilmişdi, o biri anadan qıza yadigar qalmışdı. Biri də elə əziz tutulurdu ki, yalnız bayramdan-bayrama üzə çıxarılırdı. Anamın da belə bir əzizlədiyi kəlağayısı var idi. Ayda-ildə bir dəfə çıxaranda da hər dəfə dodaqaltı “bunu mənə rəhmətlik qaynanam bağışlayıb” deyər, əlini astaca kənarları güllü olan bu ipək örpəyə çəkər, sonra astaca yerinə qoyardı.

İndi düşünürəm, görəsən, o kəlağayıların dili olsaydı, bizə nələr danışardı? Neçə toyun sevincindən, neçə ayrılığın kədərindən, neçə ananın duasından söz açardı? Axı kəlağayı bizim tərəflərdə heç vaxt adi baş örtüyü olmayıb. O, qadının yaraşığı, ailənin əziz yadigarı, el-obanın mənəvi sərvəti idi…

Maraqlıdır ki, Gəncənin qədim sənətkarlıq tarixindən danışanda, adətən, xalçaçılığı, dulusçuluğu, zərgərliyi yada salırıq. Amma bu qədim şəhərin ipəkçilik və kəlağayıçılıq ənənələri də olub axı. Böyük İpək yolu üzərində yerləşən Gəncə əsrlər boyu mühüm ticarət və sənətkarlıq mərkəzlərindən olub. Burada toxunan ipək parçalar, hazırlanan müxtəlif geyim və baş örtükləri yerli bazarlara yox, uzaq ölkələrə də yol tapıb.

Tarixi araşdırmalarda maraqlı bir faktla rastlaşırıq: XIX əsrin əvvəllərində Gəncədə ipək toxuculuğu ilə məşğul olan iki müəssisə vardısa, həmin əsrin 60-cı illərinin sonlarında onların sayı 12-yə çatmışdı. Bu müəssisələrdə 60-a qədər toxuculuq dəzgahı yerləşirdi. O dövr üçün heç də kiçik rəqəm deyil. Deməli, Gəncədə ipəkçilik ayrı-ayrı sənətkarların məşğuliyyəti olmaqla yanaşı, şəhərin təsərrüfat həyatında da müəyyən yer tuturdu.

Gəncə kəlağayılarının özünəməxsus növləri olub. Etnoqrafik tədqiqatlarda yeləni kəlağayı, Heratı kəlağayı kimi adlara rast gəlirik. Yeləni kəlağayıların əsas bəzəyi kənar haşiyələrində yerləşirdi. Ortası isə ya sadə saxlanılır, ya da seyrək güllərlə bəzədilirdi. Heratı kəlağayıların orta hissəsində daha iri naxışlar işlənirdi. Maraqlıdır ki, Gəncədə bu növü bəzən Şirvan kəlağayısı da adlandırırdılar. Toxunuşuna görə də fərqlər vardı. Tafta və ələk yerlikli kəlağayılar hazırlanırdı. Gəncədə xüsusilə tafta yerlikli, haşiyələri bəzəkli yeləni kəlağayılar geniş yayılmışdı.

Bu sənətin tanınmış ustalarının adları da tarixdə qalıb. Onlardan biri Salman Hacı Səfər oğlu idi. O, Gəncənin məşhur yeləni kəlağayı ustalarından sayılırdı. İllər, əsrlər keçəndən sonra bir sənətkarın adının xatırlanması az şey deyil. Deməli, onun əl işi öz dövründə seçilib, yaddaşlarda iz qoyub.

Gəncənin tarixini yalnız hökmdarlar, şairlər, sərkərdələr yaratmayıblar. Bu şəhərin şöhrətində ömrünü dəzgah arxasında keçirən toxucuların, boyaqçıların, misgərlərin, dulusçuların da payı var. Onların çoxunun adını bilmirik. Amma gördükləri iş bu gün də yaşayır.

Kəlağayının gözəlliyi yalnız ipəyinin zərifliyində deyildi. Onun rəngində, naxışında, necə və nə zaman örtülməsində də bir məna vardı. Ağ kəlağayı saflığı, təmizliyi xatırladırdı. Al-əlvan rənglər daha çox gənclərin, gəlinlərin, bayramların yaraşığı idi. Tünd rənglər isə yaşlı qadınların geyimində və ­hüznlü mərasimlərdə üstünlük təşkil edirdi. Qırmızı kəlağayının toy adətlərində xüsusi yeri vardı.

Bir də onun üzərindəki butalar… Azərbaycan kəlağayısının ən səciyyəvi bəzəklərindən olan buta əsrlər boyu müxtəlif mənalar daşıyıb. Bəzən alovla, bəzən həyatın davamlılığı ilə əlaqələndirilib. Hər bölgənin, hər ustanın naxışa öz münasibəti, öz dəst-xətti olub.

Gəncəbasarın kəndlərində də kəlağayı qadın geyiminin ayrılmaz hissəsi sayılıb. Göygölün, Şəmkirin, Samuxun, Goranboyun kəndlərində başına kəlağayı örtmüş analarımızı, nənələrimizi xatırlayaq. Kimi onu çənəsinin altından bağlayardı, kimi başına dolayardı, kimi də çiyinlərinə sərbəst salardı. Kəlağayının rəngindən, örtülmə qaydasından qadının yaşını, hansı mərasimə getdiyini bəzən anlamaq mümkün olardı. Nizami Gəncəvinin “Leyli və Məcnun” poemasında ipək örpəklə bağlı çox gözəl bir beyt var:

Sünbüldən torpağa danə düşən tək,
İpək örpəyini üzə çəkərək...

Xalqımızın adət-ənənələrində qadın baş örtüyünə göstərilən ehtiram da ayrıca söhbətin mövzusudur. El arasında kəlağayının barışıq, hörmət rəmzi olması barədə rəvayətlər bu günədək yaşayır. Qadının başından açıb ortaya atdığı örtüyün mübahisəni, davanı dayandırdığına dair söylənilənlər də həmin ehtiramın ifadəsidir. Bu adətin nə qədər geniş yayıldığını söyləmək çətindir, amma xalqın yaddaşında belə bir təsəvvürün yaşaması özü çox şey deyir.

Gəncənin qədim məhəllə adları da şəhərin sənətkarlıq keçmişindən xəbər verir. Belə adlardan biri Boyaqçılar məhəlləsidir. İpək toxumaq işin yalnız bir tərəfi idi. Onu rəngləmək, naxışlamaq, gözoxşayan sənət nümunəsinə çevirmək də böyük ustalıq tələb edirdi. Kəlağayı hazırlanarkən əvvəlcə ipək saplardan zərif parça toxunur, sonra müxtəlif üsullarla rənglənir, üzərinə xüsusi taxta qəliblərlə naxışlar vurulurdu. Qəliblərin hazırlanması özü də ayrıca sənət idi. Çox vaxt armud ağacından istifadə edilirdi. Naxışın ölçüsünü, yerini, rənglərin uyğunluğunu düzgün seçmək ustadan həm təcrübə, həm də zövq tələb edirdi.

Bütün bunları xatırlamağımız təsadüfi deyil. Noyabrın 26-sı Kəlağayı Günüdür. 2014-cü il noyabrın 26-da Azərbaycan kəlağayısının hazırlanması və daşınması mədəniyyəti UNESCO-nun Bəşəriyyətin Qeyri-maddi Mədəni İrsinin Reprezentativ Siyahısına daxil edilib. Bu, xalqımızın qədim sənətinə verilən böyük beynəlxalq qiymətdir. Heç şübhəsiz, bu işdə Heydər Əliyev Fondunun, Mehriban xanım Əliyevanın xidmətləri böyükdür.

Kəlağayıçılıq deyəndə, ilk növbədə, Şəki və Basqal yada düşür. Bu da təbiidir. Həmin yerlər sənətin əsas mərkəzləri kimi tanınıb, ənənələr orada daha davamlı qorunub saxlanılıb. Ancaq Gəncənin də bu tarixdə öz yeri var. Bunu şəhərin ipəkçilik keçmişi, etnoqrafik məlumatlar, ayrı-ayrı ustaların adları təsdiqləyir.

Sevindirici haldır ki, son illər Gəncəbasarda kəlağayıya maraq yenidən artır. Vaxtilə sandıqlarda qorunan bu zərif ipək örtük indi sərgilərdə nümayiş etdirilir, haqqında kitablar yazılır, mədəniyyət tədbirləri keçirilir. 2023-cü ilin noyabrında Mirvarid Dilbazi Poeziya Məclisi İctimai Birliyinin təşəbbüsü ilə təşkil olunan “Kəlağayı günləri” Gəncəbasarın bir sıra şəhər və rayonlarını da əhatə edib. Gəncədə, Goranboyda, Tovuzda, Qazaxda, Naftalanda keçirilən tədbirlərdə kəlağayının tarixi, qadınlarımızın həyatındakı yeri, mənəvi dəyəri barədə danışılıb.

2024-cü il iyulun 7-də Gəncə Dövlət Kukla Teatrında “Azərbaycan kəlağayılarının təbliği” layihəsi çərçivəsində konsert keçirilib. Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilən layihəyə Kəlağayı Muzeyinin direktoru Güllü Eldar Tomarlı rəhbərlik edib. Layihənin ilk konsertinin məhz Gəncədə təşkil olunması da diqqətəlayiqdir.

Ötən ilin noyabrında bu tədbirlər davam etdirilib. Noyabrın 13-də Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sistemi ilə Mirvarid Dilbazi Poeziya Məclisi İctimai Birliyinin birgə təşkilatçılığı ilə “Kəlağayı Günləri – 2025” layihəsi çərçivəsində Vaqif Osmanlının “Sazın, sözün kəlağayı Güllüsü” kitabının təqdimatı keçirilib. Tədbirdə Cavadxan Tarix və Mədəniyyət Fondunun vitse-prezidenti Müzadil Həsənov, kəlağayı dizayneri Elnarə Axundova, şairlər, sənət adamları iştirak ediblər. Maraqlı məqamlardan biri qədim kəlağayının Kəlağayı Ev Muzeyinə qiymətli eksponat kimi hədiyyə olunması idi.

Həmin günlərdə Tovuz Mərkəzi Kitabxanasında da kəlağayıya həsr edilmiş tədbir təşkil olunub. Milli baş örtüyümüzün tarixi, onun qorunması və gələcək nəsillərə çatdırılması barədə söhbətlər aparılıb.
Bu işlərin təşkilində Güllü Eldar Tomarlının və onun rəhbərlik etdiyi Mirvarid Dilbazi Poeziya Məclisinin fəaliyyətini ayrıca qeyd etmək lazımdır. Onların təşəbbüsü ilə müxtəlif bölgələrdə keçirilən tədbirlər kəlağayını yenidən ictimaiyyətin diqqətinə gətirir.

Bu il də həmin istiqamətdə işlər davam edir. Noyabrın 13-də “Keçmişdən sabaha yol–kəlağayı” kitabının təqdimatında əvvəlki illərdə Gəncə, Tovuz, Naftalan, Qazax və Gədəbəydə təşkil olunmuş sərgi və festivallar da xatırlanıb. Bütün bunlar, əlbəttə, yaxşıdır. Amma mənə elə gəlir ki, Gəncənin öz kəlağayıçılıq keçmişini ayrıca araşdırmağın da vaxtı çatıb. Məsələn, Salman Hacı Səfər oğlundan başqa hansı ustalar olub? Onların hazırladıqları kəlağayı nümunələrindən günümüzə nə qalıb? Gəncədə vaxtilə işlədilən naxışların, rənglərin, toxuculuq üsullarının fərqli cəhətləri nədən ibarət idi?
Bu suallara cavab tapmaq üçün muzeylərimizin fondlarına, arxiv sənədlərinə, etnoqrafik materiallara yenidən baxmaq lazımdır. Bəlkə də hansısa Gəncə ailəsinin sandığında yüzillik bir kəlağayı saxlanılır. Bəlkə onun tarixini bilən yaşlı bir adam hələ də yaşayır. Belə yadigarlar vaxtında üzə çıxarılmasa, onlarla bağlı xatirələr də unudulacaq.

Gəncədə şəhərin və bütövlükdə, Gəncəbasarın qədim kəlağayılarına həsr olunmuş ayrıca sərgi təşkil etmək pis olmazdı. Muzeylər öz fondlarındakı nümunələri nümayiş etdirər, ailələrdə qorunan yadigarlar üzə çıxarılar, sənətşünaslar, tarixçilər bu mövzuda araşdırmalarını təqdim edərdilər. Ən başlıcası, gənclər Gəncənin vaxtilə necə zəngin sənətkarlıq ənənələrinə malik olduğunu yaxından görərdilər.

Bir vaxtlar Gəncə evlərində kəlağayının xüsusi yeri vardı. İndi həmin evlərin çoxu dəyişib, köhnə sandıqların yerini müasir mebellər tutub. Amma elə ailələrimiz var ki, nənəsindən, anasından qalan kəlağayını bu gün də əziz yadigar kimi qoruyur. Onu satmaq, kiməsə vermək heç ağıllarına da gəlmir. Çünki o örtüyün qiyməti təkcə ipəyində deyil.

Kəlağayıya baxanda insanın yadına onu örtən adam düşür. Onun səsi, danışığı, evdəki yeri, ailəyə münasibəti… Bəzən bir əşya illərlə unudulmuş xatirələri yada salır. Kəlağayı da belə yadigarlardandır.
Noyabrın 26-da bu qədim sənətimizdən danışarkən istərdim ki, Gəncənin və Gəncəbasarın kəlağayıçılıq tarixini də unutmayaq. Axı şəhərimizin keçmişi yalnız qədim binalarda, daş abidələrdə, tarixi küçələrdə yaşamır. O tarix bəzən bir xalçanın ilməsində, mis qabın naxışında, bir də nənələrimizin sandığında qorunan kəlağayının zərifliyində qalır.

O sandıqları açmaq, içindəki yadigarları qorumaq, onların tarixini öyrənmək lazımdır. Çünki bir gün sandıq da köhnəlir, kəlağayı da. Amma yaxşı olardı ki, onlarla birlikdə Gəncənin yaddaşı köhnəlib unudulmasın...

Hamlet Qasımov
XQ-nin Gəncəbasar müxbiri

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью