Icma.az, Bakupost portalına istinadən məlumatı açıqlayır.
Çin hökuməti ölkədə xüsusilə gənclər arasında sürətlə yayılan estetik əməliyyatlara marağın artması fonunda plastik cərrahiyyə sektoruna nəzarəti gücləndirib.
Bakupost.az “The Washington Post”a istinadən xəbər verir ki, Pekin rəhbərliyi erkən yaşda aparılan estetik müdaxilələrin sağlamlıq və psixoloji risklər yaratdığını bildirərək ictimaiyyətə xəbərdarlıq edir.
Qeyri-qanuni estetik prosedurların sayının artması və bunun ciddi fəsadlara yol açması hökuməti hərəkətə keçməyə vadar edib. Dövlət Şurasına bağlı bazar tənzimləmə qurumu bu ilin may ayından etibarən sosial şəbəkələrdə və internet saytlarında yayımlanan estetik cərrahiyyə reklamlarını xüsusi nəzarətə götürüb.
Çində “Instagram”ın analoqu kimi istifadə edilən və “RedNote” adı ilə də tanınan “Xiaohongshu” platforması ötən ay estetik əməliyyatlarla bağlı qaydaları pozan 300 mindən çox hesabın bağlandığını açıqlayıb. Platforma rəhbərliyi eyni zamanda saxta estetik və kosmetik məhsulların yayılmasına qarşı ölkənin səkkiz regionunda polis orqanları ilə birgə əməliyyatlar aparıldığını bildirib.
Nəşrinin yazdığına görə, Çində gənclər xüsusilə universitetə qəbul imtahanlarını bitirdikdən sonra üz incəltmə əməliyyatları və botoks kimi prosedurlara daha çox maraq göstərirlər.
“CCTV” dövlət televiziyası isə iyul ayında yayımladığı açıqlamada məktəblilərə və gənclərə estetik müdaxilələrdən uzaq durmaq çağırışı edib. Bildirilib ki, hətta kiçik cərrahi əməliyyatlar belə ciddi tibbi ağırlaşmalara səbəb ola bilər və yetkinlik yaşına çatmayanlarda psixoloji travma riski yaradır.
Son on ildə sürətlə populyarlaşan estetik cərrahiyyə Çində artıq 42 milyard dollarlıq bazara çevrilib. Analitiklərin qiymətləndirməsinə görə, bu göstərici ilə Çin ABŞ-dan sonra dünyanın ikinci ən böyük estetik əməliyyat bazarı hesab olunur.
Ölkə üzrə 12 kosmetoloji klinikanı idarə edən “Royal Life Group”un həmtəsisçisi Cao Venhonq artan tələbi Çində formalaşan “görünüş iqtisadiyyatı” ilə əlaqələndirir. Onun sözlərinə görə, yüksək rəqabətli cəmiyyətdə insanlar daha çox iş və ya şəxsi münasibət imkanları əldə etmək üçün estetik əməliyyatlara üz tuturlar.
Mütəxəssislər sosial şəbəkələrdə yayılan görüntülərin, estetik reklamların və üz cizgilərinin gələcəkdə necə görünəcəyini göstərən rəqəmsal tətbiqlərin də gənclər arasında bu marağı artırdığını vurğulayır.
Çinin “Meituan” şirkəti və beynəlxalq “Roland Berger” konsaltinq şirkətinin birgə hesabatına əsasən, ötən il ölkədə estetik prosedur etdirənlərin təxminən 60%-i 26–35 yaş aralığında olub.
Bu mövzu 14 yaşında ilk estetik əməliyyatını etdirdiyini deyən və indiyədək 100-dən çox prosedur keçirdiyini bildirən sosial media fenomeni Abbi Vunun açıqlamalarından sonra da ölkədə geniş müzakirələrə səbəb olub.
Mehin, BakuPost