Estoniyanın Bakı addımı Avropaya yeni mesajdır Azərbaycanla əməkdaşlıq genişlənir

27.11.2026

Icma.az, Sherg.az portalına istinadən məlumatı açıqlayır.

Orta Dəhliz və rəqəmsal əməkdaşlıq ön plana çıxır

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Estoniyanın xarici işlər naziri Marqus Tsahkna arasında geniş tərkibdə görüş keçirilib. Görüşdə Azərbaycan-Estoniya münasibətlərinin mövcud vəziyyəti, əməkdaşlığın genişləndirilməsi perspektivləri, eləcə də regional və beynəlxalq məsələlər müzakirə olunub. Tərəflər siyasi dialoqun gücləndirilməsi, qarşılıqlı səfərlərin intensivləşdirilməsi və parlamentlərarası əlaqələrin inkişafının vacibliyini vurğulayıblar.

Ceyhun Bayramov Estoniyanın Azərbaycanda səfirliyinin açılmasını ikitərəfli münasibətlərin möhkəmlənməsi baxımından əhəmiyyətli hadisə kimi qiymətləndirib. Görüşdə ticarət, nəqliyyat, rəqəmsallaşma və təhsil sahələrində əməkdaşlığın genişləndirilməsi məsələlərinə də toxunulub.

Ceyhun Bayramov həmkarını Azərbaycan-Ermənistan normallaşma prosesi, sülh gündəliyi, işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa işləri və mina təhlükəsinin yaratdığı humanitar problemlər barədə məlumatlandırıb. Nazirlər, həmçinin beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığı və qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.

Politoloq Tural İsmayılov Sherg.az-a açıqlamasında bildirib ki, Azərbaycan və Estoniya arasında münasibətlərin hazırkı mərhələsi siyasi dialoqun intensivləşməsi və iqtisadi əməkdaşlığın yeni istiqamətlər üzrə genişlənməsi ilə xarakterizə olunur:

“1992-ci ildən diplomatik münasibətlər quran iki ölkə arasında son dövrdə qarşılıqlı səfərlərin artması, hökumətlərarası təmasların fəallaşması və parlamentlərarası əlaqələrin inkişafı müşahidə edilir. Estoniyanın Bakıda səfirliyinin rəsmi fəaliyyətə başlaması isə bu münasibətlərin institusional baxımdan yeni mərhələyə keçməsidir”.

Politoloq qeyd edib ki, səfirliyin açılmasını sıradan diplomatik hadisə kimi qiymətləndirmək doğru olmaz. Bu addım Estoniyanın Cənubi Qafqazda Azərbaycana verdiyi əhəmiyyətin və Bakı ilə birbaşa siyasi-iqtisadi əlaqələri genişləndirmək niyyətinin göstəricisidir:

“Diplomatik nümayəndəliyin daimi fəaliyyəti biznes dairələri arasında təmasları asanlaşdıracaq, investisiya imkanlarının araşdırılmasına, konsulluq xidmətlərinin genişləndirilməsinə və siyasi dialoqun daha operativ qurulmasına şərait yaradacaq.

Əməkdaşlığın ən real perspektivləri rəqəmsal texnologiyalar, süni intellekt, kibertəhlükəsizlik, nəqliyyat-logistika, yaşıl enerji və təhsil sahələrində görünür. Estoniya elektron idarəetmə və rəqəmsal dövlət xidmətləri üzrə ciddi təcrübəyə malikdir. Azərbaycanın isə geniş iqtisadi potensialı, əlverişli coğrafi mövqeyi və regional nəqliyyat layihələrində artan rolu bu təcrübənin tətbiqi üçün imkanlar yaradır. Xüsusilə Orta Dəhliz və rəqəmsal logistika istiqamətində əməkdaşlıq hər iki tərəf üçün iqtisadi dividendlər vəd edir.

Noyabrın 4-də Tallində keçirilmiş hökumətlərarası komissiyanın iclası da bu istiqamətdə konkret platforma formalaşdırıb. Ticarət, kənd təsərrüfatı, innovasiya, təhsil və enerji sahələrində müzakirələrin davam etdirilməsi münasibətlərin praktiki məzmununu genişləndirə bilər”.

T. İsmayılovun sözlərinə görə, Azərbaycan üçün Estoniya ilə əlaqələrin inkişafı Avropa İttifaqının üzvü olan dövlətlərlə ikitərəfli əməkdaşlığın dərinləşdirilməsi baxımından da əhəmiyyətlidir:

“Bakı özünün müstəqil xarici siyasət xətti, enerji və tranzit potensialı ilə Avropa ölkələri üçün mühüm tərəfdaş mövqeyini möhkəmləndirir. Növbəti mərhələdə əsas hədəf diplomatik yaxınlaşmanı konkret investisiya, texnologiya və ticarət layihələrinə çevirmək olmalıdır”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью