Icma.az bildirir, Yenisabah saytına əsaslanaraq.
Kənd Təsərrüfatı Nazirliyi ölkədə iri və xırdabuynuzlu mal-qaranın baş sayının azalmasını, nəticədə ətin kəskin bahalaşmasını nəzərə alaraq sahə üzrə yeni subsidiyaların tətbiqinə qərar verib. Lakin elan edilən şərtlər kiçik və orta fermerlərin bu imkanlardan nə dərəcədə yararlana biləcəyi ilə bağlı ciddi suallar yaradır.
“Yeni Sabah” xəbər verir ki, bu sözləri sosial şəbəkədə iqtisadçı Natiq Cəfərli bildirib. Onun sözlərinə görə, yeni qaydalara əsasən, istifadəsində ən azı 100 hektar örüş və ya otlaq sahəsi olan, eyni zamanda 500 baş və ya daha çox xırdabuynuzlu heyvana sahib təsərrüfatlara qeydiyyatda olan hər baş heyvan üçün 4 manat subsidiya ayrılacaq:
“Bu dəstəyi almaq üçün əsas tələblərdən biri isə həmin otlaqlarda münbitliyin və biomüxtəlifliyin artırılmasıdır. Ölkədə sıravi kəndlinin və ya orta fermerin 100 hektar torpaq sahəsinə və 500 baş qoyun-keçiyə sahib olması nadir hallarda mümkündür. Bu da dəstək mexanizmindən əsas kütlənin kənarda qalacağı ehtimalını artırır. Həmçinin 500 baş heyvanı olan təsərrüfat üçün illik cəmi 2 000 manat subsidiya nəzərdə tutulur ki, bu məbləğ mövcud xərclər fonunda olduqca az hesab olunur”. pizza
Ekspert qeyd edib ki, digər tərəfdən, torpağın münbitliyini və biomüxtəlifliyini artırmaq üçün ciddi maliyyə resursu tələb olunur:
“Son dövrlərdə suvarma suyunun qiymətinin qalxması fonunda, örüş yerlərinin suvarılması və qulluğu üçün çəkiləcək xərc veriləcək 2 000 manatlıq subsidiyanı qat-qat üstələyir. Sektor nümayəndələri bildirirlər ki, bu cür təkliflər hazırlanarkən kiçik təsərrüfatların real imkanları və subsidiyaların səmərəliliyi daha dəqiq hesablanmalıdır”.