Ət hansı hallarda zəhərlənməyə səbəb olur? AÇIQLAMA

13.08.2026

Icma.az, Redaktor.az saytına istinadən bildirir.

"Ət məhsulları düzgün saxlanılmadıqda, hazırlanmadıqda və bişirilmədikdə qida zəhərlənməsinin ciddi mənbəyinə çevrilə bilər. Xüsusilə isti havalarda ətin temperatur rejiminin pozulması bakteriyaların sürətlə çoxalmasına şərait yaradır. Ətin zəhərlənməyə səbəb olmasının əsas səbəblərindən biri "Salmonella", "E. coli", "Campylobacter" və digər patogen mikroorqanizmlərlə çirklənməsidir. Bu çirklənmə heyvanın kəsilməsi və emalı zamanı, həmçinin daşınma və satış prosesində baş verə bilər. Çiy ətin hazır qidalarla təmas etməsi də çarpaz çirklənmə yaradaraq zəhərlənmə riskini artırır".

Bu fikirləri Redaktor.az-a açıqlamasında qida eksperti Fərid Səfərov ətin nə zaman zəhərlənməyə səbəb olduğundan danışarkən bildirdi.

Onun sözlərinə görə, digər mühüm amil soyuq zəncirin pozulmasıdır:

"Ət uzun müddət otaq temperaturunda, günəş altında və ya temperaturu kifayət qədər aşağı olmayan soyuducuda saxlanılarsa, mikroorqanizmlər sürətlə çoxala bilər. Dondurulmuş ətin də dəfələrlə əridilib yenidən dondurulması təhlükəlidir.

Ətin kifayət qədər bişirilməməsi də risk yaradır. Xüsusilə qiymə ət, kabab, kotlet və digər içərisi tam bişməyən məhsullarda mikroorqanizmlər məhv olmaya bilər. Eyni zamanda bişmiş ətin uzun müddət isti şəraitdə saxlanılması da təhlükəlidir".

Müsahibimiz diqqətə çatdırdı ki, istehlakçı ət alarkən məhsulun qoxusuna, rənginə, qablaşdırılmasına, son istifadə tarixinə və saxlanma temperaturuna diqqət etməlidir:

"Lakin yalnız görünüş və qoxuya əsaslanmaq kifayət deyil; bəzi təhlükəli bakteriyalar məhsulda onun görünüşünü və qoxusunu ciddi şəkildə dəyişmədən də mövcud ola bilər".

Aytəkin TOFİQQIZI

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью