Redaktor.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Bildiyimiz kimi, yay mövsümündə çobanlar və fermerlər heyvanlarını yaylaqlara aparırlar. Lakin onlar bildirirlər ki, son illərdə istifadə oluna bilən yaylaqların sayı azalır.
Bəs bu vəziyyət heyvandarlıq sahəsinə necə təsir edir? Yaylaq çatışmazlığı ət və süd məhsullarının qiymətlərində artıma səbəb ola bilərmi?
İqtisadçı deputat Vüqar Bayramov Redaktor.az-a açıqlamasında bildirdi ki, kənd təsərrüfatının, eləcə də heyvandarlığın inkişafı yaylaqlardan səmərəli istifadədən də asılıdır:
"Monitorinqlər göstərir ki, son illər yaylaq sahələrinin sayında azalma deyil, əksinə, artım müşahidə olunur. Bunun əsas səbəblərindən biri işğaldan azad edilmiş ərazilərdə, xüsusilə Laçın və Kəlbəcər rayonlarında geniş yaylaq sahələrinin mövcud olmasıdır. Araşdırmalar göstərir ki, fermerlər həmin yaylaqlardan artıq fəal şəkildə istifadə edirlər. Bu da təbii olaraq kənd təsərrüfatının və heyvandarlığın inkişafına mühüm dəstək verir".
Millət vəkilinin sözlərinə görə, son dövlət proqramı da təsdiqləyir ki, aqrar sektorun inkişafı kənd təsərrüfatına kompleks yanaşma tələb edir:
"Bu çərçivədə heyvandarlığın inkişafı ilə bağlı əsas istiqamətlərin nəzərə alınması, yaylaq təminatının yaxşılaşdırılması, fermerlərin yaylaqlara çıxış imkanlarının genişləndirilməsi, eləcə də aqrar sektorun inkişafı üçün digər zəruri tədbirlərin həyata keçirilməsi vacib məsələlərdəndir. Son dövrlərdə dövlət proqramının icrası ilə bağlı keçirilən görüşlərdə də əsas müzakirə mövzularından biri məhz bu istiqamətdə fəaliyyətin daha sistemli şəkildə təşkil olunması olub. Bu baxımdan aqrar sektorun inkişafı dövlətin prioritet istiqamətlərindən biridir. Xüsusilə yaylaqlar heyvandarlığın inkişafı üçün strateji əhəmiyyət daşıyır və işğaldan azad edilmiş ərazilər bu baxımdan böyük potensiala malikdir. Gözlənti ondan ibarətdir ki, mərhələli şəkildə bu potensialdan daha geniş istifadə olunacaq və nəticədə aqrar sektorun inkişafına əlavə təkan veriləcək".
Xədicə BAXIŞLI