Bakivaxti saytından alınan məlumata görə, Icma.az bildirir.
Son dövrlərdə dünyada, o cümlədən Azərbaycanda ərzaq bahalaşması müşahidə olunur. 2026-cı ilin iyul ayında Azərbaycanda ərzaq məhsulları üzrə illik inflyasiya 7,2 faiz təşkil edib ki, bu da üç ay əvvəl qeydə alınan bahalaşmadan (6,1 faiz) yüksəkdir. Ət və süd məhsullarında da ciddi bahalaşma var. Ağartı məhsullarında bahalaşma 0.8 faiz civarındadır.
Ərzaq və kənd təsərrüfatı məhsullarının qiymətindəki artımın səbəbləri maraq doğurur. Hesab edilir ki, Azərbaycanda inflyasiyanın təxminən üçdə ikisi idxal amilləri ilə bağlıdır. Azərbaycan kənd təsərrüfatı məhsullarının böyük hissəsini özü istehsal etsə də, ərzaq bazarında idxal məhsullarının payı yüksəkdir. Hətta yerli istehsalda belə, idxaldan asılı xammal və digər komponentlərdən istifadə olunur. Nəticədə idxal məhsullarının bahalaşması yerli sahibkarlara da qiymətləri artırmaq imkanı yaradır.
İqtisadçı Natiq Cəfərli Bakıvaxtı.az-a açıqlamasında deyib ki, ərzaq məhsullarında Azərbaycanın idxaldan asıllığı problemdir.
Ekspert vurğulayıb ki, hətta əmtəəlik buğdada (ticari buğda) öz ehtiyacımızı yarı-yarı ödəyə bilirik:
“Əvvəlcə, strateji məsələ olan buğdadan başlayaq. 280 günlük buğda ehtiyatımız hər zaman var. Ancaq Azərbaycanda taxılın həcmi 3 milyon tondan çox olsa da, emal oluna biləcək yüksək keyfiyyətli taxıl azdır. Biz ümumi taxılın sadəcə yarısını istehsal istifadə edə bilirik. İlk növbədə taxılın keyfiyyətini artırmaq lazımdır. İllərdir eyni növdən, eyni seleksiyadan istifadə edirik. Halbuki, getdikcə iqlim dəyişir, hava şəraiti, suvarma sistemi dəyişir. Ümumiyyətlə isə Azərbaycanda ərzaq inflasiyası kifayət qədər yüksəkdir, hardasa 7 faiz civarındadır, hətta bəzi məhsullarda bu rəqəm 9 faizə çatır”.
N.Cəfərli vurğulayıb ki, dəfələrlə təklif verib ki, ayrıca 30 adda gündəlik tələbat məhsullarının indeksi hazırlanmalıdır:
“Bizim inflyasiya zənbilimizdə 500-dən artıq çox mal və xidmətlər var. Əlbəttə, bunun içində çox adamı maralandırmayan avakado da var. Amma gündəlik istifadə olunan kartof-soğan kimi ərzaq məhsulları da var. Bir çox ölkələr kimi biz də təklif edirik ki, 30 adda əsas gündəlik tələbat məhsullarını müəyyənləşdirək və onların qiymətini nəzarətdə saxlayaq. Çünki elə ərzaqlar var ki, onların kəskin bahalaşması ailə büdcəsinə ciddi təsir göstərir. Elə məhsul var ki, son dövrdə qiyməti 20-30 faiz artıb. Amma mal çeşidi o qədər çoxdur ki, onlar ümumi inflasiyanı aşağı çəkir. Təxminən 6-7 faiz civarına salır. Bu indeks ona görə vacibdir ki, ərzaq qiymətləri ilə bağlı dövlətin nəzarət mexanizmi olmalıdır. Eyni zamanda təşviq mexanizmləri olmalıdır. Mən də daha çox nəzarətin yox, təşviqin tərəfdarıyam. Konkret məhsullarda gömrük rüsumu və vergiləri sıfırlamaq, onlara logistik dəstək göstərmək olar”.
Aydın Baxış