Ət yeməyənlərdə xərçəng riski daha azdır Diqqətli olun

14.11.2026

Bizim media saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Vegetarian üsulu ilə qidalanma bir neçə geniş yayılmış xərçəng növünə tutulma riskini azalda bilər. Bu qənaətə indiyədək ət yeməyən insanların qidalanması və onkoloji xəstəliklər arasındakı əlaqəyə dair ən geniş araşdırmanın müəllifləri gəliblər.
Bizim.Media xəbər verir ki, tədqiqatın nəticələri “British Journal of Cancer” jurnalında dərc olunub.
Alimlər üç qitədən 1,8 milyon insanın məlumatlarını təhlil ediblər. İştirakçılar orta hesabla 16 il ərzində müşahidə altında saxlanılıblar.
Nəticələrə görə, ət yeyənlərlə müqayisədə vegetarianlarda bəzi xərçəng növlərinə tutulma riski daha aşağıdır. Belə ki, vegetarianlarda:
Çoxsaylı mieloma riski 31 faiz;
Böyrək xərçəngi riski 28 faiz;
Mədəaltı vəzi xərçəngi riski 21 faiz;
Prostat xərçəngi riski 12 faiz;
Süd vəzi xərçəngi riski isə 9 faiz aşağı olub.
Bununla belə, araşdırmada bəzi fərqli nəticələr də qeydə alınıb. Vegetarianlarda qida borusunun yastıhüceyrəli xərçənginə tutulma riski iki dəfə yüksək olub. Veganlarda isə kolorektal xərçəng riski 40 faiz artıb.
Tədqiqat müəllifləri sonuncu nəticənin Böyük Britaniya və ABŞ-da azsaylı xəstəlik halları əsasında əldə edildiyini və ehtiyatla şərh edilməli olduğunu vurğulayıblar.
Araşdırmanın rəhbəri Aurora Peres Kornago bildirib ki, vegetarianlar, bir qayda olaraq, ət yeyənlərlə müqayisədə daha çox meyvə, tərəvəz və lifli qidalar qəbul edir, emal edilmiş ətdən isə tamamilə imtina edirlər. Onun sözlərinə görə, bu amillər bəzi xərçəng növlərinin riskinin azalmasına kömək edə bilər.
Balıq və dəniz məhsulları qəbul edən, lakin ət yeməyən pessetarianlarda süd vəzi, böyrək və bağırsaq xərçəngi riskinin daha aşağı olduğu müəyyən edilib. Qırmızı və emal edilmiş ət yeməyən, lakin quş əti qəbul edən insanlarda isə prostat xərçəngi riskinin azaldığı müşahidə olunub.
Tədqiqatın həmmüəllifi Tim Ki xərçəng riskini azaltmaq üçün meyvə, tərəvəz və liflə zəngin məhsullara üstünlük verilməsini, emal edilmiş ətdən isə imtina olunmasını tövsiyə edib.
Londonun Xərçəng Araşdırmaları İnstitutunun müstəqil eksperti Maykl Cons isə bütün vegetarian və vegan qidalanma modellərinin eyni olmadığını bildirib. O, nəticələrin məhdud sayda ölkədən əldə olunan məlumatlara əsaslandığını və bu səbəbdən əlavə araşdırmalara ehtiyac olduğunu qeyd edib.
Qeyd edək ki, Avropada təxminən hər 20 nəfərdən birinə xərçəng diaqnozu qoyulur. 2024-cü ildə Avropa İttifaqı ölkələrində təxminən 2,7 milyon yeni xəstələnmə halının qeydə alınacağı proqnozlaşdırılıb.
Bizim.Media

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью