Icma.az bildirir, Newscenter.az portalına istinadən.
Müasir beynəlxalq münasibətlər sistemində cərəyan edən mürəkkəb geosiyasi proseslər fonunda Azərbaycanın dünyanın aparıcı güc mərkəzləri ilə qurduğu bərabərhüquqlu və qarşılıqlı faydaya əsaslanan tərəfdaşlıq modeli öz səmərəliliyini nümayiş etdirir. Ölkə Prezidenti, doğma Partiyamızın Sədri, Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevin praqmatik liderliyi və çoxvektorlu xarici siyasət strategiyası nəticəsində ölkəmiz regional əməkdaşlığın lokomotivi olmaqla yanaşı, Avropanın enerji və nəqliyyat təhlükəsizliyində əvəzolunmaz aktora çevrilmişdir. Məhz bu ardıcıl diplomatik fəaliyyətin məntiqi davamı olaraq, 2026-cı il noyabrın 12-də İrlandiyanın paytaxtı Dublin şəhərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri Endi Börnhem tərəfindən “Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə” imzalanmışdır. Kökləri 1994-cü il 23 fevral və 1998-ci il 21 iyul tarixli təməl sənədlərə dayanan ikitərəfli əlaqələr bu tarixi razılaşma ilə tamamilə yeni keyfiyyət mərhələsinə qədəm qoyur. Bəyannamə dövlətlərin suverenliyi, ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığı kimi beynəlxalq hüququn ali prinsiplərinə sarsılmaz sadiqliyi təsbit etməklə yanaşı, Cənubi Qafqazda yeni reallıqların beynəlxalq səviyyədə qəbul olunduğunu göstərir. Sənəddə 2025-ci il 8 avqust tarixli Vaşinqton Sülh Zirvəsi Bəyannaməsinin xüsusi qeyd olunması və Bakı ilə İrəvan arasında sülh prosesinin London tərəfindən qətiyyətlə dəstəklənməsi Prezident İlham Əliyevin bölgədə sülh və əməkdaşlıq arxitekturası qurmaq əzminin növbəti beynəlxalq təsdiqidir. Siyasi iradəni konkret fəaliyyət mexanizmləri ilə birləşdirən bu sənəd hər iki ölkənin milli təhlükəsizliyini və iqtisadi rifahını möhkəmləndirən mühüm istiqamətləri özündə ehtiva edir. Belə ki, müdafiə və təhlükəsizlik sahəsində qlobal çağırışlara birgə müqavimət göstərmək məqsədilə hərbi təlimlərin genişləndirilməsi, müdafiə sənayesi üzrə ortaq layihələrin araşdırılması, həmçinin sərhəd mühafizəsi və hüquq-mühafizə strukturları arasında sıx koordinasiya təmin ediləcəkdir. İqtisadi müstəvidə isə ənənəvi neft-qaz sektorundan kənara çıxaraq bərpaolunan enerji mənbələrinin inkişafı, yaşıl maliyyə alətlərinin tətbiqi və aşağı karbonlu texnologiyaların transferi prioritet elan olunmuşdur. Eyni zamanda, Birləşmiş Krallığın Şərqlə Qərbi birləşdirən Orta Dəhliz layihəsinə və regional nəqliyyat-logistika infrastrukturuna verdiyi dəstək Azərbaycanın beynəlxalq tranzit mərkəzi kimi mövqelərini daha da möhkəmləndirir. Ticarət və İqtisadi Əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın fəaliyyətinin gücləndirilməsi, maliyyə bazarlarında şəffaflığın artırılması və kiçik və orta biznesin təşviqi hər iki ölkənin iqtisadi dayanıqlığına mühüm töhfə verəcəkdir. Bəyannamədə insan kapitalının inkişafına da xüsusi yer ayrılmış, ali və peşə təhsili, süni intellekt, rəqəmsal idarəetmə və həyat elmləri sahəsində universitetlər və tədqiqat institutları arasında birbaşa əməkdaşlığın genişləndirilməsi nəzərdə tutulmuşdur. Nəticə etibarilə, Dublində imzalanan bu Birgə Bəyannamə möhtərəm Prezident İlham Əliyevin milli maraqlara söykənən prinsipial diplomatiyasının növbəti təntənəsi olmaqla yanaşı, Azərbaycan ilə Böyük Britaniya arasında uzunmüddətli rifaha, təhlükəsizliyə və texnoloji tərəqqiyə xidmət edən yeni bir dövrün başlanğıcını qoyur.
Tural İsmayılov
YAP Yevlax rayon təşkilatının sədr müavini