Icma.az bildirir, Moderator.az portalına istinadən.
Müzakirəyə təqdim olunan qanun layihəsi sosial müdafiə sisteminin təkmilləşdirilməsinə xidmət edən növbəti təşəbbüslərdən biri kimi qəbul oluna bilər.
Layihənin əsas üstünlüyü ondan ibarətdir ki, burada istehsalatda bədbəxt hadisələr nəticəsində zərər çəkmiş şəxslərin hüquqlarının müdafiəsi daha aydın və daha obyektiv meyarlar üzərində qurulur. Xüsusilə, sığorta ödənişlərinin əlillik anlayışından daha geniş və daha dəqiq hüquqi kateqoriya olan peşə əmək qabiliyyətinin itirilməsi dərəcəsi ilə əlaqələndirilməsi müasir beynəlxalq təcrübəyə uyğun yanaşmadır.
Birdəfəlik sığorta ödənişlərinin hesablanmasına yuxarı hədd müəyyən edilməsi sığorta fondunun maliyyə dayanıqlığının qorunması və risklərin idarə olunması baxımından başadüşüləndir. Bununla yanaşı, hesab edirəm ki, qanunun tətbiqi prosesində bu normanın sosial ədalət prinsipi ilə necə uzlaşacağı, sığortanın təyin edilməsi zamanı subyektiv dəyərləndirmələrə və digər neqativ hallara yol açıb-açmayacağı da diqqətlə izlənilməlidir.
Bununla yanaşı, qanun layihəsinin mahiyyətini əsas götürərək sığorta sektorunun ümumi vəziyyətinə də diqqət çəkmək istəyirəm.
Təəssüf ki, ölkəmizdə sığorta sektorunun əsas problemi təkcə normativ-hüquqi bazanın təkmilləşdirilməsi deyil, həm də vətəndaşların bu instituta olan etimadının ciddi müzakirə predmeti olmasıdır.
Vətəndaşlarımız sığortaya müdafiə mexanizmi kimi deyil, əksər hallarda məcburi rüsum, "vergi öhdəliyi" kimi yanaşırlar. Bunun da obyektiv səbəbləri var. Sığorta bazarı iştirakçılarının tez-tez dəyişməsi, bu və ya digər sığorta hadisəsi baş verdikdə vətəndaşların bəzən süründürməçiliklə qarşılaşmaları, zərərin süni şəkildə aşağı qiymətləndirilməsi etimad mühitini ciddi şəkildə zədələyir.
Bu baxımdan, düşünürəm ki, zərərin qiymətləndirilməsi tamamilə müstəqil ekspertiza institutuna həvalə olunmalıdır.
Etimad şəffaflıq olan yerdə yaranır. Vətəndaşa sığorta işinin gedişatını – sənədlərin qəbulundan ödənişin təsdiqinə qədər hər bir mərhələni onlayn qaydada şəffaf izləmək imkanı verilməlidir.
Sığorta müqavilələrindəki kiçik, bəzən görünməsi belə çətin olan şriftlərlə yazılmış, vətəndaşın başa düşmədiyi qəliz hüquqi terminlər və sığorta ödənişindən imtina üçün nəzərdə tutulan "gizli istisnalar" da aradan qaldırılmalıdır. Müqavilələr unifikasiya olunmalı, sadə və aydın dildə yazılmalı, vahid standart müəyyənləşməlidir.
Bu baxımdan hesab edirəm ki, qarşıdakı dövrdə sığorta hadisələrinin qiymətləndirilməsi mexanizmlərinin daha şəffaf qurulmasına, müstəqil ekspertiza institutlarının inkişafına, vətəndaş müraciətlərinə baxılmasında operativliyin artırılmasına və sığorta mübahisələrinin məhkəməyə çatmadan həlli mexanizmlərinin ölçülə bilən meyarlarla genişləndirilməsinə ehtiyac var.
Digər mühüm məsələ sığorta mədəniyyətinin inkişafı ilə bağlıdır. Sığorta mədəniyyətinin formalaşdığı ölkələrdə sığorta yalnız hüquqi öhdəlik deyil, həm də ailənin, sahibkarlığın və insan kapitalının təhlükəsizliyinin vacib elementi hesab olunur.
Bu baxımdan, maliyyə savadlılığının artırılması, rəqəmsal sığorta xidmətlərinin genişləndirilməsi, sığorta məhsullarının daha əlçatan və anlaşılan formada təqdim edilməsi bu sahənin inkişafına ciddi təkan verə bilər.
Hörmətli həmkarlar!
Sosial dövlətin əsas göstəricilərindən biri vətəndaşın risk qarşısında özünü müdafiəsiz hiss etməməsidir. Təqdim olunan qanun layihəsi məhz bu məqsədə xidmət edir və istehsalatda çalışan insanların sosial müdafiəsinin gücləndirilməsi istiqamətində atılan mühüm addımlardan biri kimi dəyərləndirilə bilər.
Bu baxımdan qanun layihəsini dəstəkləyirəm, eyni zamanda qeyd etdiyim təkliflərin də gələcəkdə nəzərdən keçirilməsinin də faydalı olacağını düşünürəm.
Elçin Mirzəbəyli, millət vəkili