Xalq qazeti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Azərbaycan qlobal güclər arasında siyasi balans yaradır
Beynəlxalq hüquq normalarının fərqli tətbiq olunduğu tarixi mərhələdə dövlətlərin strateji çəkisi irəli sürdükləri siyasi sabitlik modelləri ilə ölçülür. Sentyabrın 25-də Bakıda fəaliyyətə başlayan II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu qlobal güc mərkəzlərinin etimad axtarışlarına Azərbaycanın verdiyi sistemli töhfənin ifadəsidir. Dövlətlərarası münasibətlərdə yaranan boşluqların, inamsızlığın aradan qaldırılması üçün yeni siyasi platformalara kəskin ehtiyac yaranıb. Məhz bu reallıq fonunda respublikamızın atdığı addımlar qlobal nizama töhfə verən təşəbbüslər sırasına daxil olur. Tədbirin Prezident İlham Əliyevin himayəsi altında təşkili rəsmi Bakının beynəlxalq layihələrə göstərdiyi siyasi iradənin göstəricisidir. Təhlükəsizliyin çoxölçülü xarakter alması siyasi qərarların qəbulu prosesində mərkəzi hakimiyyətin rolunu daha da aktuallaşdırır, güclü dövlət ənənəsinin böhranlardan çıxışın yeganə yolu olduğunu sübuta yetirir.
Baş nazirin müavini Samir Şərifov tərəfindən səsləndirilən dövlət başçısının forum iştirakçılarına müraciəti toplantının siyasi-strateji mahiyyətini ifadə edən mesaj kimi diqqət çəkir. Həmin müraciətdə əksini tapan konseptual tezislər rəhbərliyin siyasi liderliyi əsasında formalaşan balanslaşdırılmış xarici siyasətin dərin təhlilini təqdim edir. Prezidentin qlobal proseslərə analitik baxışı aydın şəkildə nümayiş etdirir ki, beynəlxalq əlaqələrin təməlində siyasi etibarlılıq, suveren təhlükəsizlik zəmanətləri, institusional proqnozlaşdırma amilləri dayanır. Ölkə rəhbərliyi illər boyu ardıcıl şəkildə həyata keçirdiyi müstəqil xarici siyasət kursu sayəsində regional qarşıdurmaların fövqündə durmağı bacaran sarsılmaz siyasi idarəetmə mərkəzi formalaşdırmağa nail olub. Hökumətin formalaşdırdığı inam mühiti qlobal güclərin bölgəyə yönəlik siyasətində kəskin dəyişikliklərə səbəb olur. Aparılan dəqiq diplomatik gedişlər respublikanın milli maraqlarının toxunulmazlığını təmin etməklə yanaşı beynəlxalq ictimaiyyətin diqqətini məhz əməkdaşlıq fəlsəfəsinə yönəldir. Liderin uzaqgörən baxış bucağı xarici təhdidlərin zərərsizləşdirilməsində həlledici əhəmiyyətə malikdir. İdarəetmənin qlobal miqyasda qəbul edilən standartları ölkəmizin diplomatik addımlarında bariz formada görünür.
Avropanın intellektual elitasını təmsil edən nüfuzlu «The European House – Ambrosetti və TEHA Group» beyin mərkəzinin tədbirdə strateji tərəfdaş qismində iştirakı siyasi elmlər kontekstində xüsusi məna kəsb edir. Qərb analitik çevrələrinin diqqətinin məhz Bakı platforması vasitəsilə sistemləşdirilməsi mərkəzi hakimiyyətin əldə etdiyi üstünlüyün göstəricisidir. Beynəlxalq tərəfdaşlıqlar sübut edir ki, respublikamız yalnız ehtiyatların təminatçısı rolunu oynamır, eyni zamanda, qitələrarası siyasi dialoqun əsas gündəliyini müəyyənləşdirən aparıcı dövlətə çevrilir. Avropa İttifaqının aparıcı düşüncə mərkəzləri ilə qurulan institusional təmaslar Azərbaycanın qlobal arenada siyasi çəkisini möhkəmləndirir, suveren maraqların Qərb siyasi dairələrində adekvat qəbulunu təmin edir. Belə intellektual qruplarla yaradılan əlaqələr dövlətin “yumşaq güc” siyasətinin effektivliyini artırır. İnformasiya mübadiləsinin yüksək səviyyədə təşkili beynəlxalq ictimaiyyətin ölkəmizə dair formalaşan baxışını reallıqlara uyğunlaşdırır.
***
Ərazi bütövlüyünün tam bərpasından sonra yaranan postmünaqişə reallıqları Cənubi Qafqazın geosiyasi statusunu kökündən dəyişdirdi. Prezident İlham Əliyevin qətiyyətli siyasi iradəsi sayəsində həllini tapan ərazi məsələsi bölgədə onilliklər boyu mövcud olan risk mühitini tamamilə aradan qaldırdı. Yaranmış sülh şəraiti beynəlxalq güclərin bölgəyə münasibətini təhlükəsizlik qayğılarından strateji əməkdaşlıq gündəliyinə doğru istiqamətləndirdi. Toplantı qazanılan tarixi hərbi-siyasi qələbənin yaratdığı strateji dividendlərin uzunmüddətli siyasi kapitala çevrilməsi mərhələsini rəsmiləşdirir. Qlobal miqyasda qütbləşmələrin artdığı şəraitdə xarici tərəfdaşlar üçün ən dəyərli amil dövlət suverenliyinin toxunulmazlığı, daxili siyasi həmrəyliyin sarsılmazlığıdır. Azərbaycanın təqdim etdiyi siyasi idarəetmə modeli daxili sabitliyin beynəlxalq münasibətlər üçün zəmanət olduğunu təsdiqləyir. Təhlükəsizlik anlayışı müasir dövrdə təkcə sərhədlərin fiziki qorunmasını ehtiva etmir, əlavə olaraq daxili proseslərin kənar müdaxilələrdən mühafizəsini tələb edir. Liderin ətrafında həmrəy olan cəmiyyət xarici ölkələrə açıq ismarış göndərir ki, dövlətin təməlləri dəyişilməzdir.
Orta Dəhliz layihəsinin qlobal təchizat xəttində alternativsiz arteriyaya çevrilməsi Bakının geoiqtisadi arxitekturadakı siyasi əhəmiyyətini keyfiyyətcə fərqli mərhələyə yüksəldir. Şərq ilə Qərb arasındakı ənənəvi əlaqə marşrutlarının geosiyasi toqquşmalar nəticəsində təhlükə altına düşdüyü hazırkı dövrdə Xəzər hövzəsi və Cənubi Qafqaz üzərindən keçən xətlər qlobal siyasət üçün mühüm önəm daşıyır. Dövlət başçısının uzaqgörən fəaliyyəti sayəsində vaxtında istifadəyə verilən nəqliyyat infrastrukturu qitələrarası təmasların təhlükəsiz axarını təmin edən qoruyucu vasitəyə çevrilib.
Beynəlxalq institutların, qlobal korporasiyaların Bakı İnvestisiya Forumuna yüksək səviyyədə qatılması dövlət idarəçiliyinə bəslənən dərin inamın təzahürüdür. Parçalanmış qlobal nizamda təcrid olunma, habelə proteksionizm meyllərinin gücləndiyi dövrdə dözümlü siyasi xəttin davam etdirilməsi sabitləşdirici faktor funksiyasını daşıyır. Rəsmi Bakı xarici təzyiqlərə məhəl qoymadan, sırf milli maraqlara söykənərək konstruktiv tərəflərlə bərabərhüquqlu münasibətlər qurmaq qabiliyyətini müvəffəqiyyətlə qoruyur. Daxili siyasi monolitlik, eləcə də dövlət suverenliyi arasındakı üzvi bağlılıq mərkəzi hakimiyyətin beynəlxalq arenadakı əsas arqumenti hesab olunur.
Cənubi Qafqazda formalaşan yeni geosiyasi status-kvo təkcə regional qüvvələrin maraq dairəsini əhatə etmir, həm də qlobal güc mərkəzlərinin siyasi hesablamalarında əsas yer tutur. Ermənistanla sülh müqaviləsi üzrə aparılan danışıqlar, regional arteriyaların açılması təşəbbüsləri, Zəngəzur xəttinin strateji aktuallığı dövlət rəhbərliyinin irəli sürdüyü genişmiqyaslı sülh arxitekturasının ayrılmaz tərkib hissələridir. Müzakirələr əyani şəkildə göstərir ki, bölgəyə yönələn xarici maraqlar Cənubi Qafqazda davamlı sülhün, həmçinin bərabərhüquqlu təhlükəsizlik mühitinin bərqərar olmasına töhfə verir. Dəqiq hesablanmış xarici siyasət strategiyası nəticəsində keçmiş münaqişə zonası qlobal əməkdaşlıq məkanına çevrilib. Yaradılmış harmoniya beynəlxalq hüququn təməl prinsiplərinin qorunması fonunda regional inteqrasiyanın təmin edilməsini qarantiyaya alır.
***
Dünya siyasətinin acı təcrübəsi göstərir ki, beynəlxalq nizamın böhranı dövründə qətiyyətsiz mövqe tutan ölkələr böyük güclərin toqquşma poliqonuna çevrilmə təhlükəsi yaşayırlar. Azərbaycan isə mərkəzi icra hakimiyyətinin praqmatik, uzaqgörən, milli maraqlara söykönən diplomatiyası ilə qlobal silkələnmələrin mənfi fəsadlarını önləyərək gündəliyi müəyyən edən tərəf kimi fəaliyyət göstərir. Toplantının əhəmiyyəti rəsmi Bakının beynəlxalq arenada müstəqil, təsirli siyasət yürütmək qüdrətini növbəti dəfə təsdiqləyir. Çoxtərəfli proseslərin böhran keçirdiyi zamanda etimad mühitinin məhz paytaxtımızda qurulması dövlətin artan qlobal nüfuzunun təbii məntiqidir.
Azərbaycan Prezidentinin fərdi dəstəyi, sarsılmaz siyasi iradəsi, yüksək idarəçilik keyfiyyətləri ilə reallaşan təşəbbüslər Cənubi Qafqazın geosiyasi dinamikasını müəyyənləşdirir. Qeyri-müəyyənliyin, siyasi xaosun hökm sürdüyü müasir beynəlxalq münasibətlər sistemində irəli sürülən strateji sabitlik konsepsiyası diplomatik həmrəyliyin mükəmməl nümunəsini təşkil edir. Sülhə, sabitliyə, hüquqi dövlətçiliyə xidmət edən addımlar bəşəriyyətin gələcək nizamının necə formalaşdırılmalı olduğu barədə ismarış verir. Güclü liderin rəhbərliyi ilə atılan inamlı və ardıcıl addımlar Azərbaycanı ədalətə əsaslanan yeni dünya nizamının formalaşmasında fəal iştirak edən aparıcı mərkəzlərdən birinə çevirir.
Yusif ŞƏRİFZADƏ
XQ