Ətin qiyməti 30 manata çata bilər

25.09.2026

Cebheinfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Azərbaycanda mal ətinin qiyməti yenidən bahalaşıb. Hazırda satış məntəqələrində sümüklü ət alıcılara 19-20 manatdan təklif edilir.

Sümüksüz mal əti isə 23-25 manata satılır.

Bu isə son bir ayda 1-2 manat artım deməkdir. 

Mal ətinin qiymətinin yenidən artması nədən qaynaqlanır və artım davamlı olacaqmı? 

Liberal İqtisadçılar Mərkəzinin sədri, iqtisadçı-ekspert Akif Nəsirli “Cebheinfo.az”-a bildirib ki, bahalaşmanın arxasında təkcə mövsümi amil dayanmır: 

“Payız-qış dövrünə keçidlə otlaq imkanlarının azalması, yem və saman xərclərinin yüksəlməsi fermerlərin maya dəyərini artırır. Hazırda bazarda təklifin də zəifləməsi qiymətə əlavə təzyiq yaradır. Dövlət Statistika Komitəsinin məlumatına görə, 2026-cı il aprelin 1-nə iribuynuzlu mal-qaranın sayı əvvəlki ilin eyni dövrü ilə müqayisədə 22,5 min baş və ya 0,9 faiz azalıb.

Son günlər bazarda satıcı və fermerlər də heyvan sayının azalmasını, yem və ot xərclərinin artmasını qiymət yüksəlişinin səbəbləri arasında göstərirlər. Buna görə də qarşıdakı aylarda ətin qiymətinin yenidən əvvəlki səviyyəyə qayıtması üçün ciddi təklif artımı baş verməsə, bahalaşmanın müəyyən müddət davam etməsi mümkündür”. Xüsusilə qış aylarında yem xərclərinin artması bu təzyiqi gücləndirə bilər:

“Bununla belə, 1-2 manatlıq son artımın hamısını yalnız yem xərcləri ilə izah etmək düzgün olmaz. Heyvandarlığın ümumi maya dəyəri, heyvan sayının dinamikası, bazara çıxarılan malın həcmi və ticarət marjası da nəzərə alınmalıdır. Sentyabrda sümüklü mal ətinin 19, sümüksüz ətin isə 21-22 manat civarında satıldığı barədə məlumatlar yayılıb. Ət qiymətinin artması əhalinin alıcılıq qabiliyyətinə birbaşa təsir edir, çünki ət gündəlik ərzaq səbətinin əsas məhsullarındandır.

Qiymət 1-2 manat qalxdıqda ailələr eyni miqdarda ət almaq üçün daha çox vəsait xərcləməli olur. Gəliri artmayan ailələrdə isə bunun nəticəsi digər ərzaq və qeyri-ərzaq məhsullarına ayrılan vəsaitin azalması, daha ucuz ət növlərinə və ya alternativ protein mənbələrinə keçid ola bilər. Burada əsas problem ondan ibarətdir ki, mal ətinin bahalaşması təkcə bir məhsulun qiymətinin artması deyil.

Ət ailə büdcəsində böyük pay tutduğu üçün qiymət artımı ümumi ərzaq xərclərinin də yüksəlməsinə səbəb olur, xüsusilə aşağı və orta gəlirli ailələr üçün real gəlirin azalması effekti yaradır”. 

İqtisadçı qeyd edib ki, Azərbaycanın ərzaq bazarında mal ətinin orta qiyməti ilin əvvəlindən də artım istiqamətində olub. Belə ki, Dövlət Statistika Komitəsinin aprel məlumatında sümüklü mal əti 16,24, sümüksüz mal əti isə 19,96 manat göstərilib.

Aişə 
“Cebheinfo.az”

Açar sözlər: Ətin qiyməti Akif Nəsirli

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью