Icma.az, Metbuat saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Son dövrlər ölkədə dabaq xəstəliyinin yayılması ilə əlaqədar heyvan bazarlarının fəaliyyətinin müvəqqəti dayandırılması ət bazarında ciddi təsirlərə səbəb olub. Ticarət dövriyyəsinin məhdudlaşması və təklifin azalması fonunda ətin qiymətində artım müşahidə olunur. Bəs bağlanan heyvan bazarları yenidən fəaliyyətə başladıqdan sonra Azərbaycanda ətin qiymətində ucuzlaşma gözlənilirmi, yoxsa mövcud bahalaşma tendensiyası davam edəcək?
Liberal İqtisadçılar Mərkəzinin sədri, iqtisadçı ekspert Akif Nəsirli Metbuat.az-a açıqlamasında bildirib ki, dabaq xəstəliyi səbəbindən heyvan bazarlarının bağlanması və satış zəncirinin uzun müddət məhdudlaşdırılması ətin bazarda həm təchizatını, həm də qiymətini təsir edib. Bazarlarda satış məhdudlaşdıqda fermerlər və qəssablar ənənəvi yolla heyvan tapa bilmirlər, bu da ətin tapılmasını çətinləşdirir və qiymətlərin yüksəlməsinə təkan verir. Bu vəziyyət bir çox bölgələrdə artıq müşahidə olunub və qiymətlərdə artım qeydə alınıb.
Ekspertin sözlərinə görə, heyvan bazarlarının tam açılması və satışların yenidən bərpası ilə təchizatın bərpa olunması gözlənilir:
“Bazarlarda standartlara uyğun baytarlıq-sanitariya tədbirləri aparıldıqdan sonra satışların qaydaya düşməsi ətin bazarda daha çox mövcud olmasına şərait yarada bilər. Bu isə uzun müddətdə ətin qiymətinin sabitləşməsi və hətta ucuzlaşmasına şərait yarada bilər. Amma bu proses bir neçə amildən asılıdır. Əgər xəstəlik davam edərsə və ya heyvan sayı əvvəlki səviyyəyə qayıtmazsa, tədarük hələ də məhdud qala bilər ki, bu da qiymətlərə yenə təzyiq göstərə bilər. Eyni zamanda idxal siyasəti, yem xərcləri, baytarlıq xərcləri və bazar tələbi də qiymətlərin necə dəyişəcəyini müəyyən edəcək. Qısa müddətdə bazarlar açılsa belə, qiymətlərin ucuzlaşması davamlı olmayıb tədarük-tələb balansına görə dəyişə bilər”.
A.Nəsirli bildirib ki, bazarlar açıldıqdan sonra ətin qiymətinin düşməsi mümkün olsa da, bu məhdud və tədricən baş verə bilər və uzun müddətli sabit ucuzlaşma üçün bir sıra digər iqtisadi və bazar faktorlarının da əlverişli olması vacibdir.
Sevinc İbrahimzadə / Metbuat.az