Ev almağa pul tapmayan kişi deyil? Aktrisanın qalmaqallı çıxışı aktyoru qəzəbləndirdi

26.01.2026

Icma.az, Cebheinfo saytına istinadən bildirir.

“Kişi ev almağa pul tapmırsa, o necə kişidir? Mən elələrinə kişi kimi baxmıram”. 

Bu sözləri aktrisa və yazar Mələk Heydərova deyib: 

"Kişi gəlib desə, vəziyyət çətindir, o kişi gözümün düşmənidir. Mənə əsl kişi lazımdır. Kişi daşdan da pul çıxarmalıdır. Kişi ev almağa pul tapmırsa, bu, necə kişidir!? Eləsi var ki, arvadına deyir ki, pulumuzu bir yerə qoyub ev alaq. Belə olmaz. Mən elələrinə kişi kimi baxmıram". 

Onun səsləndirdiyi sərt fikirlər sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. Bu açıqlamalar cəmiyyətdə kişi məsuliyyəti, ailə modeli və maddi yük məsələlərini yenidən gündəmə gətirib. Hazırkı iqtisadi çətinliklər fonunda ailədə bütün maddi məsuliyyətin kişinin üzərinə qoyulması nə dərəcədə doğrudur? 

Mövzu ilə bağlı “Cebheinfo.az”-a açıqlamasında tanınmış aktyor Midhat Aydın bildirib ki, həyatda hər şey gözəldir, əsas məsələ bu gözəlliyi duyub anlaya bilməkdir: 

“Bir mahnının sözləri belədir: Hər şey gözəldir həyatda, təki bu gözəlliyi duyub anlaya biləsən. Əgər mənim bu mövzuya münasibətimi bilmək istəyirsinizsə, deyə bilərəm ki, indiki zamanda fikirlərimi çətin ki, kimsə qəbul etsin. 

Ailə cəmiyyətin nümunəsidir və ailədə qarışılıqlı hörmət çox vacibdir. Bu, bəlkə də kitab cümləsi kimi səslənir. Keçək konkret cavaba. Əgər siz məndən soruşursunuzsa, deyim. Mən hər kəsin yaşadığı kimi deyil, hər kəsin yaşamadığı kimi yaşayıram”. 

Aktyor şəxsi həyatından da nümunələr çəkib: 

“Xeyli yaşım var, hələ də ev tikirəm, amma başa çatdıra bilmirəm. Heç velosipedim də yoxdur. Bu yaxınlarda yoldaşlarla söhbət əsnasında dedim ki, maşın almaq istəyirəm. Soruşdular, nə yaxşı, nə vaxt? Dedim, bir 15 ilə. Dedilər ki, o vaxt səni maşında aparacaqlar. Mən də güldüm. Bu məsələlər mənə çatmır. Bu qədər”. 

Midhat Aydın əlavə edib ki, aktrisanı tanımır: 

“Mən o aktrisanı tanımıram. Düşünürəm ki, əsl aktrisalar belə çıxışlar etməməlidir. Bu, mənim öz fikrimdir. Mən həmişə demişəm ki, bu sənətdən kimsə çörək gözləməsin. Getsin başqa yerdə çörəyini qazansın. İndi kiminsə bəxti gətirib, böyük uğurlar qazanıb, böyük filmlərə dəvət alıb, o başqa. 

Amma bu, hamıya aid deyil. Mən öz həyatımı belə yaşayıram və öz həyatımdan razıyam. Elə belə də olmalı idi. Belə doğulmuşam. Mənim alnıma bu yazılıb, qismətim budur”. 

Əfsanə Rəcəb 
“Cebheinfo.az”

Açar sözlər: Aktrisa aktyor

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью