Ev işlərinin bölüşdürülməsi ailə münasibətlərini gücləndirir AÇIQLAMA

27.01.2026

Redaktor.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Ailə daxilində hər zaman maraq doğuran məsələlərdən biri də kişilərin bəzi ev işlərində xanımlarına kömək etməsidir. Bəziləri bunun düzgün olmadığını deyir, bəziləri isə kişilərin xanımlarına kömək etməli olduğunu bildirir.

Bəs hansı daha düzgündür?

Psixoloq Zeynəb Əyyubova Redaktor.az-a açıqlamasında bildirdi ki, psixoloq olaraq bu mövzunun ailə daxilində tez-tez müzakirə olunmasının səbəbini çox yaxşı anlayır:

"Çünki bu məsələ təkcə ev işi ilə bağlı deyil, ailə münasibətləri, qarşılıqlı hörmət və emosional balansla birbaşa əlaqəlidir. Əvvəlcə onu qeyd edim ki, ailə bir komandadır. Komandada isə yük yalnız bir nəfərin üzərində olmamalıdır. Ev işləri qadının və ya kişinin “borcu” kimi deyil, ailə həyatının bir hissəsi kimi dəyərləndirilməlidir. Bəzi ailələrdə kişilərin ev işlərinə qarışmasının düzgün olmadığı düşüncəsi daha çox köhnə sosial stereotiplərdən qaynaqlanır. Bu yanaşma uzun illər cəmiyyətə ötürülüb və bəzən fərqinə varmadan ailədaxili gərginliyə səbəb olur. Psixoloji baxımdan isə belə bir bölgü qadında yorğunluq, dəyərsiz hiss etmə, emosional tükənmə yarada bilər. Bu da zamanla münasibətlərdə soyuqluq və narazılığa gətirib çıxarır.

Kişinin ev işlərində iştirakının ailəyə təsiri araşdırmalar və praktiki təcrübə göstərir ki, ev işlərini bölüşən ailələrdə ünsiyyət daha sağlam olur, münaqişələr azalır, qarşılıqlı anlayış və yaxınlıq artır. Kişinin ev işlərində iştirak etməsi onun ailədəki rolunu zəiflətmir, əksinə, məsuliyyətli və dəstəkverici tərəfdaş olduğunu göstərir. Bu isə qadında özünü daha güvənli və dəyərli hiss etməyə səbəb olur".

Müsahibimiz vurğuladı ki, burada vacib bir məqam var:

"Bu məsələni “kişinin qadına kömək etməsi” kimi deyil, “ailə daxilində ortaq məsuliyyət” kimi qəbul etmək daha sağlamdır. Çünki ev hər iki tərəfin yaşadığı məkandır və onun qayğısı da hər iki tərəfə aiddir. Ailədə bu balans uşaqlar üçün də çox önəmlidir. Ata ev işlərində iştirak etdikdə uşaqlar əməkdaşlığı, hörməti, bərabərliyi öyrənirlər. Bu isə gələcəkdə onların sağlam ailə modeli qurmasına kömək edir.

Psixoloq olaraq deyə bilərəm ki, ailədə hansı modelin düzgün olması tərəflərin qarşılıqlı razılığı, anlaşması və ehtiyacları ilə müəyyənləşir. Amma emosional sağlamlıq baxımından ev işlərinin bölüşdürülməsi ailə münasibətlərini gücləndirən, tərəflər arasında bağları möhkəmləndirən bir yanaşmadır. Əsas məsələ kimin nə etdiyi deyil, ailə daxilində hər kəsin özünü dəyərli, anlaşılmış və dəstəklənmiş hiss etməsidir".

Aytəkin TOFİQQIZI

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью