Sia Az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Ev təsərrüfatlarının uçotunun aparılması və məlumatların elektron formata keçirilməsi dövlətin sosial-iqtisadi siyasətinin daha düzgün qurulmasına imkan verəcək. Bu sistem vasitəsilə ailələrin gəlirləri, əmlak vəziyyəti, məşğulluq durumu və kənd təsərrüfatı fəaliyyəti barədə daha dəqiq məlumatların əldə edilməsi nəzərdə tutulur. Xüsusilə aztəminatlı ailələrin müəyyənləşdirilməsi, sosial yardımların ünvanlılığının artırılması və regionların inkişafı baxımından bu uçotun əhəmiyyəti böyükdür.
Mövzu ilə bağlı SİA-ya iqtisadçı ekspert Xalid Kərimli danışıb.
O bildirib ki, ev təsərrüfatlarının uçotunun aparılması, uçot sisteminin təşkil edilməsi və növbəti mərhələdə elektron formata keçirilməsi mühüm tədbirdir:
“Elektronlaşmanın özü yenilik sayıla bilər, lakin burada əsas məsələ uçot sisteminin düzgün qurulması və təşkil edilməsidir. Bu, dövlətin iqtisadi və sosial siyasəti baxımından xüsusi əhəmiyyət daşıyır.
Çünki dövlət ev təsərrüfatlarının real vəziyyətini düzgün qiymətləndirməklə həm regional və sosial siyasət, həm əmək bazarı, həm də kənd təsərrüfatının inkişafı ilə bağlı daha düzgün qərarlar qəbul edə bilər. Eyni zamanda əhalinin yerləşməsi barədə də dəqiq məlumat əldə etmək mümkün olacaq.
Dövlətin düzgün sosial-iqtisadi siyasət həyata keçirməsi üçün iqtisadiyyatın əsasını təşkil edən ev təsərrüfatlarının vəziyyətini dəqiq öyrənmək və qiymətləndirmək vacibdir. Bu, xüsusilə sosial siyasətin hədəflərinin müəyyənləşdirilməsi baxımından əhəmiyyətlidir. Ailələrin gəlirlərinin düzgün müəyyənləşdirilməsi və aztəminatlı ailələrin aşkar edilməsi bu uçotun əsas üstünlüklərindən biri olacaq.
Zaman-zaman cəmiyyətdə aztəminatlı ailələrə ünvanlı sosial yardımın effektiv həyata keçirilməməsi ilə bağlı narazılıqlar səsləndirilir. Bunun əsas səbəblərindən biri dövlətin kifayət qədər təkmil və dəqiq informasiyaya malik olmamasıdır. Ev təsərrüfatlarının uçotu bu sahədə dövlətin məlumatlılıq səviyyəsini artıracaq.
Eyni zamanda, regionların inkişafı baxımından da bu məlumatlar əhəmiyyətlidir. Regionlarda ev təsərrüfatlarının sosial-iqtisadi vəziyyəti, real işsizlik səviyyəsi, işaxtaranların sayı, vətəndaşların kənd təsərrüfatında torpaq sahələrindən və fərdi təsərrüfatlarından necə istifadə etməsi barədə məlumatların əldə olunması mövcud vəziyyəti düzgün qiymətləndirməyə imkan verəcək. Bunun əsasında siyasət qərarlarının daha effektiv hazırlanması mümkün olacaq.
Elektronlaşma da bu prosesdə mühüm rol oynayır. Belə ki, məlumatları davamlı və daha rahat əldə etmək mümkün olacaq, onların təkrar toplanması, təkrar emalı və təhrif olunması ilə bağlı problemlər azalacaq. Elektron sistemin əsas üstünlüklərindən biri idarəetmədə şəffaflığın artırılması, informasiyaların daha operativ əldə edilməsi və məlumatların toplanması, emalı, hesabatların hazırlanması ilə bağlı xərclərin aşağı salınmasıdır.
2027-ci ildən elektronlaşmanın tətbiqi bu sahədə həm uçot sisteminin təkmilləşməsinə, həm də xərclərin azalmasına gətirib çıxaracaq.
Ev təsərrüfatlarının əmlakının və gəlirlərinin müəyyənləşdirilməsi vətəndaşlar üçün vergi baxımından hər hansı problem yaratmamalıdır. Burada əsas məsələlərdən biri məlumatların məxfiliyinin qorunmasıdır. Bununla yanaşı, toplanan məlumatların düzgün sosial-iqtisadi qərarların qəbulunda istifadə olunması da mühüm əhəmiyyət daşıyır”.
Ayşən Vəli